Komitənin Əsasnaməsi

Azərbaycan Respublikası Prezidentinin 
2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmişdir 
   

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında

 ƏSASNAMƏ

 I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Bakı şəhərində yerləşir.

II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7.   Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafını təmin edir;

7.3. şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir;

7.4. dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə respublika üzrə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir;

7.5. bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir;

7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

8. Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

8.5. Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxeminin və regional sxemlərinin, rayon planlaşdırmasının sxem və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, yaşayış məskənlərinin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişiklik nəzərdə tutan layihələrin hazırlanmasını, onların keyfiyyətinin, texniki və iqtisadi həlli səviyyəsinin yüksəldilməsini təmin etmək;

8.6. milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görmək;

8.7. müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etmək;

8.8. müvafiq  icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək;

8.9. öz səlahiyyətləri daxilində müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını təmin etmək və digər müəssisə və təşkilatların müvafiq sahəyə aid hazırladıqları sahə və müəssisə normativ sənədlərinə dair rəy vermək;

8.10. müvafiq sahədə layihələrin xərclər smetaları üçün normativ bazanın yaradılmasında iştirak etmək;

8.11. qanunvericiliyə uyğun olaraq, müvafiq qaydada dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində yaşayış məntəqələrinin Baş plan, müfəssəl planlaşdırma, layihə və elmi tədqiqat işlərini yerinə yetirmək, müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.12. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

8.13. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

8.14. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.15. öz səlahiyyətləri daxilində əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.16. dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq, respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq;

8.17. respublika səviyyəsində dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaq;

8.18. dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasını təmin etmək;

8.19. şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.20. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafı məqsədilə onların mühəndis təminatı, nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin) yaradılmasında öz səlahiyyəti daxilində iştirak etmək;

8.21. müvafiq sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;

8.22. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;

8.23. Komitənin ehtiyacları üçün işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə dövlət ehtiyaclarının ödənilməsi üçün layihə və elmi tədqiqat işlərinin aparılması məqsədilə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;

8.24. müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək;

8.25. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək və bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirmək;

8.26. müvafiq sahədə Komitəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.27. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.28. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.28-1. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

8.29. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.30. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.31. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. KOMİTƏNİN HÜQUQLARI

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3. yerli icra hakimiyyətləri orqanlarının memarlıq və şəhərsalma xidmətlərinin Əsasnamələrini müəyyən olunmuş qaydada təsdiq etmək və baş memarların təyin olunmasına razılıq vermək;

9.4. layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək, unikal bina və qurğuların bütün memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasını həyata keçirmək;

9.4-1. yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək;

9.5. şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişikliklər edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə qanunvericiliklə müəyyən edilmiş qaydada rəy vermək;

9.6. müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək;

9.7. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək;

9.8. şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.9. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.10. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.11. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək və təkliflər vermək;

9.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.13. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada normativ sənədlər bazası, informasiya şəbəkəsi, internet saytı yaratmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək;

9.14. müvafiq sahə üzrə normativ sənədləri bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər həcmində nəşr etdirmək;

9.15. müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə bağlı öz səlahiyyətləri daxilində məsləhət və şərhlər vermək;

9.16. tabeliyində olan qurumların fəaliyyətlərini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul etmək;

9.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Komitənin aparatı və onun strukturuna daxil olan təşkilatlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanı da Komitənin sisteminə daxildir.

11. Komitənin strukturu və aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri Komitənin sədri tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Komitəni təmsil edir.

15. Komitədə Komitənin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanının rəhbərindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandıqda, Komitənin rəhbəri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

22. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi, həmçinin Baş plan, rayon və müfəssəl planlaşdırma layihələrinin, unikal bina və qurğuların memarlıq layihə həllərinin, normativ sənədlərin layihələrinin müzakirə və təhlil edilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən Şəhərsalma Şurası yaradıla bilər. Şura haqqında Əsasnamə və onun tərkibi Komitənin sədri tərəfindən təsdiq edilir.

 



geriyə