Sovet dövrü

Sovetlər Birliyi adlanan imperiyanın tərkibinə daxil olduğu 1920-1991-ci illər ərzində müxtəlif təbəddülatlara məruz qalan Azərbaycan ədəbiyyatı və incəsənəti, o cümlədən onun memarlığı “sosializm realizmi” adlanan məlum ideologiyaya xidmət etməklə bərabər həm də inkişaf edirdi.

Ölkəmizin paytaxtı Bakının tarixinə nəzər salsaq, 1920-30-cu illərdə şəhərdə ilk fəhlə qəsəbələrinin peyda olmasını, neft mədənlərinin ərazisində yaşayış massivlərinin salındığını müşahidə edə bilərik. “Sosialist” şəhərsalmanın əsasları qoyulan həmin illərdə Bakının memarlıq üslubunda da müəyyən dəyişikliklər baş vermiş, memarlıqda dəbdə olan konstruktivizm və rasionalizm cərəyanları ilə yanaşı, bir sıra layihələrdə milli memarlığa əsaslanan “eklektika” və “bərpaçılıq” meylləri açıq hiss olunurdu.

Azərbaycan şəhərlərinin baş planlarının tərtib olunması, ilk memarlıq müsabiqələrinin keçirilməsi də məhz həmin dövrə təsadüf edir. Belə ki, uzun illər boyu Bakı şəhərinin memarlıq rəmzlərindən birinə çevrilmiş Hökumət Evinin layihələndirilməsi ilə bağlı keçirilmiş müsabiqədə memarlar Lev Rudnev və Vladimir Muns qalib elan olunurlar. Onların rəhbərliyi altında çalışan Moskva memarları Bakı şəhərinin Baş planının hazırlanması istiqamətində əməli tədbirlər həyata keçirirlər.

1930-50-ci illər əsasən iki böyük memarın – Azərbaycan milli memarlığının inkişafında əvəzsiz xidmətləri olan Sadıq Ələkbər oğlu Dadaşovun (1905-1946) və Mikayıl Ələsgər oğlu Hüseynovun (1905-1992) uğurlu yaradıcılıq axtarışları ilə bağlıdır.

S.Dadaşovun və M.Hüseynovun birgə layihələndirdiyi əsərlər sırasında klassik memarlıq üslubunda inşa edilmiş yaşayış və ictimai binalar vardır. Klassik memarlığı yaradıcılıq kredosuna, dəst-xəttinə çevirən memarlar milli memarlığımızda analoqu olmayan yüksək bədii dəyərə malik memarlıq örnəkləri yaratmağa müvəffəq olmuşlar.

Qeyd olunmalıdır ki, memarların yaradıcılığı mürəkkəb və çətin bir dövrə, yəni şəhərlərin və qəsəbələrin bədii-memarlıq simasına mənfi təsir göstərmiş SSRİ Nazirlər Sovetinin “Memarlıq layihələndirilməsində və inşaatda ifratçılığın aradan qaldırılması haqqında” 1955-ci il tarixli Qərarının qəbul olunduğu dövrə təsadüf etmişdir. Memarlığın inkişafına xələl gətirən bu başlıca amil onların da yaradıcılığına öz təsirini göstərmişdir. Bu məhdudiyyət memarlıq cəhətdən mühüm ərazilərdə tikintisi nəzərdə tutulan bir sıra ictimai binaların layihələndirilməsində müşahidə etmək olar.

Sonrakı illər, yəni 1960-80-ci illər iripanelli yaşayış evlərinin geniş miqyaslı tikintisi ilə səciyyələnir.

Birtipli layihələr seriyası ilə inşa edilən dar və narahat mənzilli iripanelli 9 mərtəbəli yaşayış binalarından ibarət mikrorayonların sayı artırdı. İnşaatçılar hətta iri panelləri tikinti meydançasına daşıyan avtonəqliyyatdan divar panellərini, həmçinin digər yığma dəmirbeton konstruksiyaları anbara deyil, qaldırıcı kranla birbaşa tikilən binanın istənilən mərtəbəsinə qaldıraraq tikinti prosesini sürətləndirirdilər (bu üsula “təkərlər üzərində inşaat” adı da verilmişdi).

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli Fərmanı ilə “Məcburi köçkünlərin sosial inkişafı Fondu” yaradılmışdır. 2001-2010-cu illərdə bu Fond tərəfindən Neft Fondunun vəsaitləri hesabına 60 qəsəbə tikilib istifadəyə verilmişdir. Ümumi sahəsi 1,0 mln.kv.m. çox olan yaşayış evləri, 10 min şagird yerlik məktəb, 1500 yerlik uşaq bağçası, 110 çarpayılıq xəstəxana istifadəyə verilmişdir.

 



geriyə