Qəbələ rayonu

Qəbələ rayonunun ərazisi 1550 kv km-dir. 01.01. 2014-cü il tarixə rayonda mövcud əhalinin sayı 99,838 nəfər olmuşdur. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsi vardır.

Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olub, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.

Qeyd olunduğu kimi Qəbələnin əlverişli tarixi-coğrafi mövqeyi onun ərazisinin insanlar tərəfindən ta qədimdən mənimsənilməsinə və nəticədə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına səbəb olmuşdur.

Rayon ərazisində 90-dan çox tarixi, etnaqrofiq, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur.

Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır. 



geriyə