Bərdə rayonu

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır. Rayonun əhalisi 01.01.2014-cü il tarixə rəsmi qeydiyatda 149536 nəfərdir. Ərazisi 957 kv. km-dir.

Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. 
Bərdədə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir. 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və memarlıq abidələri var. Bəzi tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur. 



geriyə