Quba rayonu

Zəngin tarixə və füsunkar təbiətə malik Quba rayonu Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur.

Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.Ərazisi 2,61 min kv.km, 01 yanvar 2014-cü il tarixə əhalisi 161,403 min nəfərdir.

XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Qədim tarixə malik olan Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr və kurqan, o cümlədən İskəndərtəpə və Şiştəpə kurqanları, kəndin ətrafında Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl I minilliyə, tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində Gültəpə, Çarıqtəpə və Pirtəpə kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, gümbəzli hamam vardır. Bundan başqa rayonun Zıxır kəndində Yeddilər qalası, Alpan kəndində Alpan şəhərgahı, Digah kəndində Salmantəpə, İbrahimxəliltəpə, İlanlıdərə qədim yaşayış məskənləri, Xucbala kəndində Xucbala nekropolu, Qartal təpəsi, Quba şəhərinin ətrafında Sandıqtəpə, Çartəpə kəndində Qayatəpə qədim yaşayış məskəni, Rustov kəndində Günaytəpə və nekropollar, Söhüb kəndində qədim qala və yeraltı yol, bundan başqa rayon ərazisində çoxlu sayda məscid və türbələr, arxeoloji abidələr, qüllələr və müxtəlif tarixi abidələr mövcuddur. 



geriyə