Komitənin yaradılması

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və 
Arxitektura Komitəsinin yaradılması barədə 


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 

Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılsın. 

2. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: 

3.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.2. normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 28 fevral 2006-cı il, 
№ 1339 






A. A. Ələsgərovun Azərbaycan Respublikasının Dövlət Şəhərsalma 
və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında 


 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

 
Abbas Abbas oğlu Ələsgərov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilsin. 



 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 4 aprel 2007-ci il 
№ 2081





 
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin 
say həddinin müəyyən edilməsi barədə
 


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram: 

1. « Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur). 

2. « Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturu» təsdiq edilsin (əlavə olunur). 

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının işçilərinin say həddi 135 ştat vahidi müəyyən edilsin. 

4. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin. 

5. Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi və Xüsusi İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilsin. 

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

6.1.qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 9 noyabr 2007-ci il № 647 
 

 

 

Azərbaycan Respublikası Prezidentinin
        2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə
        TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin

STRUKTURU

 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı.

 



geriyə