Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Şəhərsalma Şurasının Əsasnaməsi

20 sentyabr 2009
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin «20» iyun 2008-ci il tarixli 50 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ YANINDA ŞƏHƏRSALMA ŞURASININ ƏSASNAMƏSİ


1. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Respublika Şəhərsalma-Memarlıq Şurası (bundan sonra mətndə Şura), Komitə yanında müntəzən fəaliyyət göstərən məşvərətçi orqan kimi, şəhərsalmanın inkişafı istiqamətlərinin müəyyən edilməsi və Respublikada şəhərsalma-memarlıq səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, şəhərsalma-memarlıq sahələrində elmi-texniki tərəqqi ilə bağlı mövcud problemlərin optimal həlli yollarının müzakirə və təhlil etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 9 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 22- ci bəndinə uyğun olaraq yaradılır. 

2. Şuranın əsas vəzifələri Respublikada şəhərsalmanın inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi, həmçinin Komitənin müvafiq struktur bölmələrinin təqdimatı ilə şəhərsalma layihələrinin, ayrılıqda iri bina, qurğu və onların komplekslərinin şəhərsalma həllərinin qiymətləndirilməsidir. 

3. Şura arxitektura və şəhərsalma sahəsindəki təcrübəli mütəxəssislərdən, alimlərdən, elmi-tədqiqat və layihə institutlarının aparıcı mütəxəssislərindən yaradılır. 

4. Şura öz üzərinə düşən vəzifəyə uyğun olaraq aşığıdakıları müzakirə edərək qiymətləndirilir. 

- şəhərsalma və arxitektura sahəsindəki mühüm elmi-tədqiqatların nəticələri; 

- şəhərsalma və arxitektura sahələri üzrə sosial üzrə sosial və elmi-texniki inkişaf proqramları layihələrini; 

- rayon planlaşdırılması problemlərinin, şəhərsalmanın inkişafı ilə bağlı məsələlərin həlli üzrə təklifləri; 

- şəhərlərin perspektiv inkişafının texniki-iqtisadi əsaslandırılması layihələrini, şəhər və qəsəbələrin baş planlarını, həmçinin onların ayrı-ayrı hissələrinin müfəssəl planlaşdırılması layihələrini; 
- şəhərlərin, şəhər hissələrinin, məhəllələrin, ayrı-ayrı memarlıq abidələrinin yenidən qurulması və bərpası layihələrini; 

- yaşayış və ictimai binaların, iri və unikal qurğuların, əhəmiyyətli şəhərsalma nöqtələrində tikiləcək bina və qurğuların fərdi layihələrini; 

- şəhərsalma və memarlıq-planlaşdırma sahəsində tərtib edilmiş və ya yenidən baxılıb dəyişikliklər edilmələri vacib olan norma və qaydalarını; 

- arxitektura üzrə Azərbaycan Dövlət mükafatına təqdim olunan işləri; 

5. Şura onun Sədrindən, Elmi katibindən və üzvlərindən ibarət olur. Şuranın sədri və üzvləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sədrinin əmrinə təsdiq edilir. 

6. Şura öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. 

7. Baxılan işlərə rəy hazırlamaq üçün Şura yüksək ixtisaslı mütəxəssisləri ekspert sifətilə cəlb edir. 

8. Şuranın qərarları onun icrasında iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclasları üçün yetərsay, onun heyyət üzvlərinin yarıdan çoxu iştirak etdikdə sayılır. 

9. Şuranın Sədrinə və Elmi katibinə onların səlahiyyətinə daxil olan məsələlər üzrə Şuranın adından sənədləri imzalamaq hüququ verilir. 

10. Şuranın Elmi katibi iş planı layihələrini, Şuranın fəaliyyəti haqqında hesabatları, Şuranın müzakirəsinə çıxarılan məsələlərin müzakirə üçün hazırlığını yoxlayır, onun icralarının protokollarını tərtib edir. 

11. Şuranın iş planı Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq şöbə və tabe təşkilatları, Memarlar İttifaqının, aparıcı layihə təşkilatlarının təklifləri əsasında, həmçinin milli memarlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən digər təkliflərə uyğun olaraq tərtib edilir. 

12. Şurada müzakirə edilmiş məsələlər barədə Komitə rəhbərliyinə Şuranın Sədri tərəfindən altı aydan bir məlumat təqdim edilir. 

13. Şuranın iclasları zərurət olduğu halda, lakin altı aydan br dəfədən az olmamaq şərtilə keçirilir. 
Şuranın iş planları onun Sədri tərəfindən təsdiq edilir. 

14. Şuranın hüquqları: 
- Şura tərəfindən baxılacaq məsələlərin hazırlanmasında onun səlahiyyəti daxilində Komitənin struktur bölmələrindən, idarə və təşkilatlardan layihələr, sənədlər və məlumatlar sorğusu etmək; 

- nazirliklərin, idarə və təşkilatların nümayəndələrin, onların iştirakı zəruri olduğu hallarda, Şuranın iclaslarında baxılaraq məsələlərin hazırlanması prosesində və ya Şuranın işində iştirak etmək üçün dəvət etmək; 

- Şuranın iclaslarında baxılan mühüm materialları hazırlayıb mətbuata dərc olunmaq üçün təqdim etmək. 

15. Komitənin Şəhərsalma Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin struktur bölmələrinin nəzarəti altında həyata keçirilir. 
Xüsusi əhəmiyyətli məsələlər üzrə qərarlar Komitənin Kollegiyasının müzakirəsinə verilir. 




geriyə