Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015 – ci ildəki fəaliyyəti haqqında MƏLUMAT

19 yanvar 2016

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli giriş və yekun nitqlərində dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyi bir zamanda Azərbaycanın 2015-ci ildə də inkişaf etdiyini və qarşıda duran bütün vəzifələrin icra edildiyini qeyd etmişdir.

Təbii ki, bu uğurların qazanılmasında bütün dövlət hakimiyyəti orqanları kimi  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də müvafiq xidmətləri olmuşdur.

Belə ki, Komitə əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də öz fəaliyyətini davam edərək şəhərsalma və arxitektura sahələrində bi çox işlər görmüş, ölkə iqtisadiyyatının dayanaqlı və davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün qəbul edilmiş Dövlət Proqramlarının və digər Milli Proqramların icrasında yaxından iştirak edmiş və respublika iqtisadiyyatının inkişafında öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmüşdür.

Komitənin əsas fəaliyyət istiqamətlərindən biri kimi ərazi planlaşdırma sənədlərinin hazırlanması sahəsində 2015-ci il ərzində də geniş əhatəli tədbirlər həyata keçirilmişdir.

Belə ki, “Böyük Bakının Regional İnkişaf Planı” komponenti üzrə istifadə edilməmiş məbləğ hesabına Bakının İnzibati Ərazisinin  (213,0 min hektar) Torpaqdan İstifadə və Zonalaşdırma Planının hazırlanması haqda Dünya Bankının razılığı əldə edilmiş və Nazirlər Kabinetinin qeyd olunan məsələ ilə əlaqədar müsbət cavabı bildirilmişdir. Bununla əlaqədar layihənin həyata keçirilməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma planının hazırlanması” üzrə müvafiq qaydada müqavilə bağlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə “Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi”nin layihələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdirəlayiq olduğu bildirilmiş və layihə sənədlərinin elektron variantları Nazirlər Kabinetinin göstərişi əsasında tövsiyyə vəsaiti kimi istifadə üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına göndərilmişdir.

          Bundan əlavə Şəki və Naftalan şəhərlərinin Baş planları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, Neftçala, Hacıqabul, Siyəzən, Yardımlı, Zaqatala və Zərdab şəhərlərinin müfəssəl planlaşdırma layihəsi ilə birlikdə Baş planları isə Rayon İcra Hakimiyyətləri tərəfindən təsdiq olunmuşdur. Mingəçevir və Göygöl şəhərlərinin Baş plan layihələrinin hazırlanması başa çatdırılaraq aidiyyəti təşkilatlarla razılaşdırılması üzrə işlər davam etdirilir. Qusar şəhərinin Baş plan layihəsinin aidiyyəti təşkilatlarla razılaşdırılması artıq tamamlanmış və ictimai müzakirəsinin keçirilməsi üçün Qusar Rayon İcra Hakimiyyətinə göndərilmək üçün hazırlanır. Masallı şəhərinin Baş planının ilkin layihə mərhələsində layihəyə dair etiraz və təkliflərin bildirilməsi Masallı şəhərində başa çatmış və hal hazırda layihənin işlənilməsi davam edir.

          Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Ağcəbədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin Baş plan layihələri ilkin layihə mərhələsində hazırlanaraq, etiraz və təkliflərin bildirilməsi üçün Rayon İcra Hakimiyyətlərinə göndərilmişdir. Şirvan və Gəncə şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması üzrə işlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın tələblərinə uyğun olaraq Komitənin əməkdaşları tərəfindən tikintisi davam edən obyektlərə baxış keçirilən zaman qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilərək, yol verilmiş nöqsanların aradan qaldırılması üçün Bakı şəhərində 4 obyekt, Sumqayıt şəhərində 5 obyekt, Abşeron rayonunda isə 3 obyekt üzrə icrası məcburi olan “Göstəriş”lər verilmişdir.

Bunlardan əlavə nəzarət qaydalarının tələblərinə uyğun olaraq səyyar qaydada Zaqatala, Göyçay, Ağsu, Kürdəmir, Qusar, Şəmkir, Xaçmaz, Goranboy, Sabirabad, Şabran, Göygöl, Hacıqabul, Ucar, Masallı, Biləsuvar və Quba Rayon İcra Hakimiyyətlərinin şəhərsalma fəaliyyəti müvafiq qaydada araşdırılaraq 165 obyekt üzrə icrası məcburi olan “Göstəriş”lər yazılaraq yerli icra hakimiyyəti orqanlarına göndərilmişdir.

Həmçinin, yerli icra hakimiyyəti orqanlarının Tikintilərin Dövlət reyestrinə təqdim etdikləri məlumatların kameral qaydada araşdırılması nəticəsində Bakı şəhərində 29 obyektin ərazidə yerləşdirilməsi zamanı yol verilmiş norma və qayda pozuntuları ilə bağlı icrası məcburi olan 8 “Göstəriş”, Abşeron rayonu üzrə isə 5 obyektdəki pozuntularla bağlı 2 “Göstəriş” yazılaraq müvafiq icra hakimiyyətlərinə göndərilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq Komitəyə 487 obyekt üzrə müraciət daxil olmuş, onlardan sənəd və məlumatlar tam tərkibdə olmadığından 179 obyekt üzrə əsaslandırılmış imtina göndərilmiş, 308 tikinti obyektinə isə müvafiq kod nömrələri verilmişdir. Məlumatlandırma icraatının tətbiq olunduğu, titkintisi başa çatmış 40 tikinti obyekti (fərdi yaşayış evləri) üzrə məlumatlar Reyestrə daxil edilmişdir.

“Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü ilə məşğul olmaq üçün 61 ərizəçi tərəfindən təqdim olunmuş sənədlərə qanunvericilikdə müəyyən edilmiş müddətlərdə baxılaraq onlara xüsusi razılıq (lisenziya) verilmişdir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli 246s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Komitə tərəfindən hazırlanmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış 4 normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu bəndinin icrası olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi məqsədilə şəhərsalma və tikintiyə dair 9 normativ sənəd aidiyyəti qurumlarla razılaşdırılmış və Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınaraq respublika ərazisində qüvvəyə minmişdir.

Komitə sifarişi ilə 2015-ci ildə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən bir sıra mövzular üzrə 133,848 min manatlıq elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

2015-ci ildə Komitəyə 280 vətəndaş müraciəti və müxtəlif xarakterli 1721 xidməti sənəd daxil olmuşdur. Onlara aidiyyəti üzrə baxılmış və Komitənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində Komitə tərəfindən 1620 xidməti sənəd hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur. Bu dövr ərzində Komitənin Kollegiyası tərəfindən 8 qərar verilmişdir.

Hesabat dövrü ərzində Komitədə 15 nəfər işdən azad edilmiş, 6 nəfər vəzifədən vəzifəyə keçirilmiş və 30 əməkdaş işə qəbul edilmişdir (23 inzibati və 7 yardımçı).

Komitənin tabeliyində olan elmi-tədqiqat və layihə təşkilatları tərəfindən 2015-ci ilin yanvar-dekabr ayları ərzində 2567,9 min manatlıq elmi-tədqiqat və layihə-axtarış işləri görülmüşdür.




geriyə