Komitədə 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir

19 yanvar 2016

Yanvarın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Tədbiri Komitənin sədri Abbas Ələsgərov açaraq Azərbaycan xalqı üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən iyirmi altı il ötdüyünü və bu faciənin respublikada və respublikadan kənarda hər il anıldığını bildirdi.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 yanvar faciəsinin tarixi və nəticələri barədə geniş məruzə ilə çıxış edən Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə qeyd etdi ki, 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan - İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək  ermənilərin talanını təşkil etdi. Kütləvi ixtisaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

E. Hüseynzadə əlavə etdi ki, Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan Sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Nəticədə həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi. Sonrakı günlər də daxil olmaqla qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbiçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına catmayanlar, qadınlar, qocalar və şikəstlər də var idi.

Yanvarın 21-də o zaman Moskvada yaşayan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış edərək bu ağır gunlərdə xalqla həmrəy olduğunu bildirdi. Əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.

20 yanvar şəhidlərinin xatirələrinin əbədləşdirilməsi və faciə qurbanlarının ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində işlər bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir.

E.Hüseynzadə çıxışında vurğuladı ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 yanvar hadisələri eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 yanvarı milli matəm, hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.

Tədbirin sonunda isə 20 yanvar faciəsindən bəhs edən film nümayiş olundu.

FOTOŞƏKİLLƏR




geriyə