Komitədə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndələri ilə görüş keçirilmişdir

19 fevral 2016

Fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri, Türkiyənin Ətraf mühit və Şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqlar əvvəlcə Komitənin inzibati binasında yerləşən Bakı şəhərinin mərkəzi hissəsinin maketi ilə də tanış olmuş və onlara Bakı şəhərinin mərkəzi hissəsində həyata keçirilmiş layihələr barədə məlumat verilmişdir.

Komitənin sədri Abbas Ələsgərov nümayəndə heyətini salamladıqdan sonra Türkiyənin Ankara və Diyarbəkir şəhərlərində baş vermiş və onlarla insanın ölümü ilə nəticələnən terror hadisələri ilə bağlı kədərləndiyini bildirmiş və Türkiyə xalqına başsağlığı vermişdir.

Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov Komitənin yaranma tarixi, fəaliyyəti və görülmüş işlər barədə qonaqlara məlumat vermişdir.

Nümayəndə heyətinin rəhbəri Mehmet Ceylan səmimi qəbul üçün minnətdarlığını bildirmiş və vurğulamışdır ki, Azərbaycan, o cümlədən Bakı günbəgün dəyişir və gözəlləşir. M.Ceylan Türk Dünyası Mühəndislər və Memarlar Birliyi barədə danışaraq bildirdi ki, 15 il öncə yaradılan Birlik dövlət və özəl sektorun təmsilçilərini özündə cəmləşdirir və Birliyin hazırda Azərbaycan da daxil olmaqla 36 ölkədə təmsilçiliyi mövcuddur. Hər iki ildən bir Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalama Qurultayı keçirən Birliyin növbəti qurultayının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulmuşdur. O qeyd etdi ki, 2016-cı ili Heydər Əliyev ili elan edən Birlik Azərbaycanda müxtəlif tədbirlər keçirməyi planlaşdırmışdır.

Sonra Türk Dünyası Qurultayları Baş Koordinatoru İlyas Demirci Birliyin gördüyü işlərdən danışdı və Bakıda keçiriləcək 5 günlük qurultayın proqramı və keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verərək bu qurultayın yüksək səviyyədə keçirilməsi üçün çalışacaqlarını bildirmişdir.

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmış və sonda qonaqlarla xatirə şəkili çəkdirilmişdir.

FOTOŞƏKİLLƏR

 




geriyə