Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun “İnşaatçı” qəzetinə müsahibəsi

24 fevral 2016

Şəhərsalma planlaşdırılması və layihələndirilməsi sahəsində son 10 ildə Komitənin qazandığı nailiyyətlər qürurvericidir

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin sədri, Respublikanın Əməkdar mühəndisi və

Əməkdar memarı Abbas Ələsgərovla müsahibə

 

– Xoş gördük, Abbas müəllim. Sizi ölkənin çoxminli tikinti kompleksi işçiləri – layihəçi-memar-konstruktor və inşaatçılar ordusu adından salamlayırıq. 

Siz 2007-ci il aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ləğv olunmuş Dövlət Tikinti və Arxitektura Komitəsinin bazasında yaradılmış Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olundunuz. O zaman cənab Prezidentin bu təyinatı ölkənin layihə-tikinti yönümünün, tikinti ictimaiyyətinin ürəyincə oldu. Sizin kimi böyük həyat təcrübəsi olan bir mütəxəssisin bu vəzifəyə təyin olunması çoxdan yığılıb qalmış, həllini gözləyən problemlərin aradan qaldırılması yolunda bir ümid işığı kimi parladı. Və Siz işə başladınız. 

Abbas müəllim, istərdik ki, söhbətimizə Komitənin başlıca vəzifəsi olan ölkə ərazisinin şəhərsalma (ərazi planlaşdırılması) sənədləri ilə əhatə edilməsinin təmin edilməsi sahəsində görülən işlərdən başlayaq... Sizin Komitəyə sədr təyinatınızdan artıq 10 ilə yaxın bir vaxt keçir, heç də az zaman məsafəsi olmayan bu dönəmdəki gərgin fəaliyyətinizlə tanış olmaq ölkə ictimaiyyəti üçün də maraqlı olardı. Bu, həm də Komitənin 10 illik hesabatı kimi də qəbul oluna bilər...

– Mən də sizi və kollektivinizi salamlayıram və son illərdə həyata keçirdiyimiz işlər barədə hesabat xarakterli müsahibəyə razılıq verirəm. 

İlk əvvəl 10 il arxaya boylanmaq istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edildi və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı. Eyni zamanda ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki səlahiyyətləri, bir neçə layihə institutları, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) və Tikintidə Qiymətqoyma Mərkəzi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09.11. 2007-ci il tarixli 647 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə təsdiq edilmişdir. 

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında ölkə ərazisinin şəhərsalma (ərazi planlaşdırılması) sənədləri ilə əhatə edilməsinin təmin edilməsi üçün ərazi planlaşdırılma sənədlərinin işlənib hazırlanması əsas məsələ kimi qoyulmuşdur. 

Ərazi planlaşdırılması geniş mənada əhalinin həyat və fəaliyyətinin əlverişli şəraitlə təmin olunması məqsədilə, məskunlaşma sistemlərinin səmərəli formalaşdırılması, ərazilərin, şəhərlərin və digər yaşayış məntəqələrinin layihələndirilməsi, tikintisi və abadlaşdırılması, onların sosial-iqtisadi, mühəndis-nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarixi-mədəni irsin və ətraf mühitin mühafizəsi sahəsində dövlətin məqsədyönlü fəaliyyətidir. 

Ölkəmizin uzunmüddətli dayanıqlı və kompleks inkişafı üçün, ərazilərin müasir tələblərə uyğun olaraq ərazi-planlaşdırma sənədlərinin hazırlanması çox vacibdir. Məlumdur ki, hər hansı sərmayə qoyuluşu üçün müəyyən bir texniki-iqtisadi əsaslandırma və son zamanlar ekoloji qiymətləndirmə də tələb olunur. Bütün bunlara cavabları sosial-iqtisadi və ekoloji amillər nəzərə alınmaqla tərtib edilmiş və uzunmüddətli perspektivə hesablanmış ərazi planlaşdırılması sənədlərində tapmaq olar. 

Məhsuldar qüvvələrin səmərəli ərazi təşkili və yaşayış məntəqələrinin (ilk növbədə şəhərlərin) inkişafı problemləri bütövlükdə cəmiyyətin həyat və fəaliyyətinin səmərəli ərazi təşkili problemidir. Buna görə də məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi problemlərinin həllinə dövlət tərəfindən böyük diqqət yetirilir. Regionlarla paytaxtın inkişafı arasındakı kəskin fərqlərin azaldılması və regionların sosial-iqtisadi inkişafına təkan vermək məqsədilə Azərbaycan Hökuməti tərəfindən müvafiq Dövlət Proqramları qəbul edilir ki, bütün bu Proqramların icrasında Komitə də öz səlahiyyətləri çərçivəsində fəal iştirak edir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə “Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi” və “Böyük Bakının Regional İnkişaf Planı” hazırlanmış və aidiyyəti təşkilatlar ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Burada kiçik bir haşiyə çıxım ki, biz bu işə başlayarkən ilkin olaraq Almaniya, Litva, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Tacikistan və Moldovanın hal-hazırda qüvvədə olan şəhərsalmanın idarə edilməsi sistemini, eləcə də Avropa Birliyinin EC 305/2011 reqlamentini öyrəndik.

Biz bu regional ərazi planlaşdırma sxemlərinin tərkibində inkişaf problemlerini göstərməklə ərazilərin kompleks təhlili və ehtiyat potensialının qiymətləndirilməsi, məskunlaşma sistemlərinin formalaşması və region ərazisinin təşkili proqnozu, layihələndirilən regionun sərhədləri daxilində olan inzibati-ərazi vahidlərinin maraqları nəzərə alınmaqla respublikanın regionlararası və regional mühəndis-nəqliyyat infrastrukturlarının inkişafı, təbii və tarixi-mədəni irsin qorunub saxlanılması üzrə layihə təkliflərini də işləyib hazırlamışıq. 

Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə hazırlanmış Regional Planlaşdırma Sxemləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən artıq təqdir edilmişdir. 

Bundan başqa bilirsiniz ki, şəhərlərin və digər yaşayış məntəqələrinin Baş planlarının hazırlanması üzrə sifarişçi funksiyaları da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Buna görə də ilk növbədə ölkə şəhərlərinin yeni Baş planlarla təmin edilməsini qarşıya məqsəd qoymuşuq. 

Şəhərin Baş planı sosial, iqtisadi və ekoloji amillər nəzərə alınmaqla şəhərin ərazi inkişafının istiqamətləri və sərhədləri, ərazi zonalarını, ümumşəhər əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat və mühəndis-kommunikasiya təminatı, ərazinin mühəndis hazırlığı, təbii və tarixi-mədəni irsin qorunması, ərazinin mənimsəmə ardıcıllığı üzrə layihə həllərini müəyyən edən ərazi planlaşdırma sənədidir. 

Bu günə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkənin 42 şəhəri üzrə baş plan sənədləri sifariş edilmişdir. Bunlardan 37 şəhərin (Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Horadiz, Xızı, İmişli, İsmayıllı, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Lerik, Masallı, Samux, Şamaxı, Şəki, Şirvan, Ucar, Yevlax, Xırdalan, Gəncə, Sumqayıt, Balakən, Neftçala, Yardıımlı, Siyəzən, Zaqatala, Zərdab, Hacıqabul, Göygöl, Naftalan, Qusar, Mingəçevir şəhərlərinin) baş planları artıq tərtib edilmişdir, 5 şəhər (Ağcabədi, Göyçay, Xaçmaz, Salyan və Şəmkir) üzrə isə layihə işləri davam edir. 

Yaxın beş ildə qalan şəhərlərin baş planlarının da sifariş edilməsi nəzərdə tutulur. Xüsusən qeyd etmək lazımdır ki, bütün şəhərlərin əvvəlki illərdə işlənmiş baş planları vardır ki, bu baş planların hesabat müddəti bitsə də baş planlarda nəzərdə tutulan tədbirlər tam həyata keçirilməmişdir. Bununla əlaqədar yeni baş plan işlənənə qədər mövcud baş planlardan maksimal olaraq istifadə olunmalıdır.

Həmçinin Böyük Bakının Regional İnkişaf Planı işlənərək tamamlanmışdır. 

– Abbas müəllim, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarisi əsasında hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” çox sanballı ərazi planlaşdırma sənədidir və respublikamız üçün xüsusi əhəmiyyət kəsb edir. Bu barədə danışın...

– “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” Azərbaycan Respublikası Hökuməti ilə Bey­nəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında imzalanmış Kredit Sazişinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarisi əsasında hazırlanmışdır.

Layihə istinad tarixi kimi 01.01. 2011-ci il götürülməklə 2030-cu ilə qədər olan dövrü əhatə edir.

“Böyük Bakının Regional İnkişaf Planı” Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərinin, həmçinin Abşeron rayonunun bir hissəsinin daxil edildiyi 282322 hektardan artıq ərazini əhatə edən ərazi planlaşdırma sənədidir. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333.29 hektar ərazini əhatə edən “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” təşkil edir. 

“Böyük Bakının Regional İnkişaf Planı”-nın ərazisinə 67 inzibati ərazi vahidi və 76 yaşayış məntəqəsi daxildir.

Bilirsiniz ki, Bakı şəhəri ətrafında yerləşən qəsəbələrlə tarixən mədəni və iqtisadi baxımdan vəhdət təşkil etmişdir. Buna görə bütün Abşeron yarımadası paytaxtla birlikdə “Böyük Bakı Regionu” adlanır. Bu baxımdan “Böyük Bakı Regionu”-nun ərazi planının hazırlanması və dayanıqlı inkişafı təmin edən qərarların qəbul edilməsi vacib idi. “Böyük Bakının Regional İnkişaf Planı”-nda müasir inkişaf tələbatını ödəyə biləcək mühitin yaradılması üçün şəhərin formalaşmasının əsas amilləri təhlil edilmiş və prinsipial qərarlar qəbul edilmişdir.

“Böyük Bakının Regional İnkişaf Planı” 2013-cü il 01 yanvar tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı il təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğundur. Təsdiq edilmiş bu qaydaların tələblərinə uyğun olaraq tikintinin miqyası ərazi zonaları üzrə ərazinin tikinti əmsalı və ərazinin tikinti sıxlığı əmsalları müəyyənləşdirilmişdir. 

Bakı şərinin sahil hissəsinin inkişaf konsepsiyası barədeyə bilərsiniz?

– Şəhərin gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin mövcud Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 km-dən 25 km-ə qədər artırılması təklif olunur.

Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların çəkilməsi nəzərdə tutulur. 

Həmçinin Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər yerləşəcək, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcəkdir. Dövlət Bayraq Meydanı ilə yanaşı, neft muzeyi və akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də yerləşəcəkdir. 

Mövcud yük limanının yerində Su idmanı sarayı ilə yanaşı avarçəkmə kanalı və Beynəlxalq sərgi mərkəzi, Milli idman kompleksi, müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcəkdir. 

Belarusiyanın "БЕЛНИИП­Градо­стро­и­тельство" respublika unitar elmi layihə müəssisəsi mütəxəssislərinin hazırladığı bu konsepsiyaya uyğun olaraq hələ o zaman Nəqliyyat Nazirliyi tıxacların aradan qaldırılması məqsədi ilə Bakı Buxtası üzərindən körpünün tikilməsi təklifini vermişdi və biz Koreya mütəxəsisləri ilə birlikdə buna alternativ olaraq bulvarın 200 metr məsafəyə qədər genişləndirilməsi yolu ilə mərkəzin dolama magistral yolunun inşasının - tunelin çəkilməsini təklif etmişik ki, həqiqətən də bu tunelin inşa olunması Neftçilər prospektində tıxac probleminin həllində əsaslı rol oynaya bilər.

Beləliklə, Bakı körfəzi adaları 2050-ci ilədək həyata keçirilməsinin ikinci mərhələsində yeni ərazilər hesabına genişlənəcək və estakadalarla materiklə birləşəcəkdir. 

Adalarda çimərliklər, istirahət yerləri hazırlamaq, okeanarium, delfinarium, akvaparklar, mehmanxanalar və biznes mərkəzləri kimi unikal obyektlər yerləşdirmək məqsədəuyğun hesab olunur.

– “Böyük Bakının Regional İnkişaf Planı”-na uyğun olaraq paytaxtın qəsəbələrində də çox böyük layihələrin işlənməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə görülən işlər və hazırlanan inkişaf konsepsiyaları barədə nə deyə bilərsininz?

– Bilirsiniz ki, Prezident İlham Əliyevin 2006- 2010 -cu illər Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutan Sərəncamına müvafiq olaraq Böyük- Şor gölü ətrafındakı ərazi təmizlənməli, çirkab suların qurudulması və burada istirahət zonalarının yaradılması nəzərdə tutulurdu. Son məqsəd isə “Böyük-Şor” gölünün müəyyən hissəsini qurudaraq bu ərazidə yaşayış binaları ilə yanaşı müasir tələblərə cavab verən istirahət kompleksi və əyləncə mərkəzinin tikintisini həyata keçirmək idi. 

Bu sərəncama müvafiq olaraq bizim sifarişimiz əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu 2007-ci ildə ““Böyük-Şor” gölünün çoxfunksiyalı əyləncə və istirahət zonası kimi formalaşmasının planlaşdırılması konsepsiyası”-nı işləyib hazırlamışdır. “Böyük-Şor” gölünün ətrafında çoxfunksiyalı əyləncə və istirahət zonasının yaradılması Bakı əhalisinin istirahəti və asudə vaxtının maraqlı və səmərəli keçirilməsində böyük əhəmiyyətə malik olan bir tədbirdir. 

“Böyük-Şor” gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində həyata keçirilən tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. 

Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr komp­leksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. 

Bakı Olimpiya Stadionuna yaxın olan “Böyük-Şor” gölünün sahilində həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və paytaxtımızın sakinlərində və qonaqlarında xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır. 

Gölün tam bərpa edilməsinin ikinci mərhələsi 2016-2020-ci illəri əhatə edəcəkdir. Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaqdır.

Böyük Bakının Regional İnkişaf Planı layihəsinə uyğun olaraq həmçinin Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaqdır. Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi 2000,0 ha ərazini əhatə etməklə şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnib. Ərazidə mövcud yaşayış əraziləri, sahibkarlıq üçün ayrılmış ərazilər, sənaye əraziləri və hal-hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnmişdir.

Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapmışdır. Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilmişdir. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış evləri və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulur. Qəsəbədə bütün inzibati, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri, sənaye (mövcud və yeni salınan) müəssisələri və s. layihələndirilmişdir. Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə olunması nəzərdə tutulub. Layihələndirilmiş ərazi 1350,0 ha olmaqla 35-40 min nəfər əhali üçün nəzərdə tutulur.

-Sizdən şəhərsalma və arxitektura sahəsində görülmüş genişmiqyaslı işlər barədə artıq soruşmaya bilmərəm

- Hazırkı vaxtda paytaxtda çoxsaylı unikal memarlıq bina və qurğuları istismara verilmişdir. Xüsusi ilə möhtəşəm “Flame Towers” kompleksi, “Muğam mərkəzi”, “Xalça muzeyi”, unikal Heydər Əliyev mərkəzi, müasir idman qurğuları, möhtəşəm Olimpiya stadionu, “Ağ şəhər” kompleksi, otellər və sairə. Həmçinin Avropada çox yaxşı hesab edilən Dənizkənarı bulvar, Füzuli küçəsi boyunca olan bulvar,  bütün Respublika ərazisində onlarla park və bağlar istifadəyə verilmişdir.  Ümumilikdə bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsən iştirakı olmadan olmazdı. Prezident İlham Əliyevin şəhərsalmaya buqədər diqqət yetirməsi nadir hadisədir və beləsi Azərbaycanın bütün tarixi boyu olmamışdır. Şəhərlərdə və rayon mərkəzlərində ideal şərait yaradılaraq Bakıya miqrasiya xeyli azalmışdır, Bakı özü isə dünyanın gözəl şəhərlərindən birinə çevrilmişdir.

– Tikintilərin Dövlət reyestrinin vəzifəsi tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaq və yeni tikintilərə kod nömrələri verməkdən ibarətdir.

Rica edirik, bu istiqamətdə görülən işlər barədə də danışasınız...

– “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nı təsdiq etmişdir. Həmin Qaydalar şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

Tikintilərin Dövlət reyestri tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.

Tikintilərin Dövlət reyestrinə təqdim olunmuş sənədlərin araşdırılması və Komitə tərəfindən respublikanın şəhər və rayonlarında şəhərsalma fəaliyyəti ilə bağlı səyyar şəhərsalma nəzarəti araşdırmaları göstərir ki, reyestrin aparılmasına başlanılmasından xeyli müddət keçməsinə baxmayaraq respublika ərazisində həyata keçirilən bəzi tikinti layi­hə­lərinə dair məlumatlar ümumiyyətlə Tikintilərin Dövlət reyestrinə təqdim olunmamışdır.

        “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq Komitəyə daxil olmuş 502 obyekt üzrə araşdırma aparılmışdır.

“Qaydalar”ın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədiyindən müvafiq yerli icra hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə 182 əsaslandırılmış imtina məktubları göndərilmişdir.

Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilən müraciətlər üzrə 320 tikinti obyektinə kod nömrələri verilmişdir.

 Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış 41 tikinti obyekti (fərdi yaşayış evləri) üzrə məlumatlar Reyestrə daxil edilmiş, sənəd və məlumatlar təqdim edilmədiyi üçün 1 obyektə imtina məktubu göndərilmişdir.

Təqdim edilmiş məlumatlar Komitənin internet səhifəsində yerləşdirilmişdir.

– Sifarışçisi əsasən yerli icra hakimiyyəti və ya bələdiyyələr olan mufəssəl planların hazırlanması hansı əraziləri əhatə edir və bu, hansı problemlərin həllinə kömək edəcəkdir?

– Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməmişdən əvvəl Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhərinin mərkəzi hissəsinin, şimaldan M.P.Vaqif küçəsi, cənubdan Xəzər dənizinin Bakı buxtası, şərqdən “Ağ şəhər” adlandırılan ərazini ayıran Xəqani Rüstəmov küçəsi, qərbdən İ. Qutqaşınlı küçələri ilə hüdudlanan və dağüstü hissədən keçərək M. Useynov küçəsi boyunca Bayraq Meydanınadək uzanan 1549.7 ha ərazini əhatə edən müfəssəl planlaşdırma layihəsi işlənilmişdir. 

Bu layihənin hazırlanmasını zəruri edən səbəblər ilk növbədə şəhərin inkişaf edərək böyüməsi, nəticədə şəhərsalma problemlərinin sürətlə artması və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyidir. Eyni zamanda iqtisadiyyatın indiyədək görünməmiş səviyyədə güclənməsi yeni-yeni bina və quğuların inşasına şərait yaradır, nəqliyyat, ekoloji, mühəndis-infrastruktur problemlərini həll etməyə kömək edir. Bakı şəhərinin Sovetlər birliyinin müttəfiq respublikalarından birinin paytaxt şəhərindən müstəqil Azərbaycan Respublikasının paytaxtına çevrilməsi nəticəsində əldə etdiyi status yeni yanaşmalar tələb edir. Ölkəmizin prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin inkişafına xüsusi diqqəti, konkret tapşırıqları, təklifləri şəhərsalma problemlərinin kompleks həllini şərtləndirir. Şəhərsalma prosesləri şəhərin mərkəzi hissəsində daha sürətlə getdiyi üçün ilk növbədə Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması qarşıda duran əsas vəzifəyə çevrilmişdir. 

Qeyd etmək lazımdır ki, yeni müfəssəl planlaşdırma layihəsi sonuncu (1987-ci ildə təsdiq edilmiş) Baş planda müəyyən edilmiş mərkəzdən daha böyük ərazini əhatə edir.

Belə ki, 2010-cu ildə bu ərazidə Bakı buxtasının Bayıl burnu adlanan hissəsində müstəqil dövlətimizin rəmzi olan dünyada ən hündür bayrağı quraşdırılmış və Bayraq Meydanı statusunu almışdır. Həmin ərazilərin abadlaşdırılması, genişləndirilməsi və müvafiq infrastrukturla təmin edilməsilə oranın Dənizkənarı milli parkla birləşdirilməsi işləri aparılmış və yaxın zamanlarda mərkəzin ayrılmaz üzvü kimi bir hissəsinə çevrilmişdir. Ərazinin şərq hissəsində isə “Ağ şəhər”in inşasına başlanmışdır ki, nəticədə ərazidə ən müasir şəhərsalma tələblərinə cavab verən yaşayış rayonu formalaşacaqdır. Eyni zamanda sürətlə inşa olunan yol ötürücüləri, digər infrastruktur layihələri, şəhərin əsas ictimai-mədəni mərkəzinə çevrilməsi nəzərdə tutulan Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospektinin aldığı status və şəhərsalma əhəmiyyəti, həmçinin Nobel prospektinin genişləndirilərək Hava limanı ilə əlaqələndirilməsi, qərb istiqamətində Bakı-Ələt yolunun Bibiheybət ərazisindən keçən hissəsinin yenidən qurulması və genişləndirilməsi mərkəzi rayonun yuxarıda göstərilən ərazi hüdudlarında nəzərdən keçirilməsini şərtləndirmişdir. 

Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi işlənilərkən ilk növbədə onun planlaşdırma strukturunun tarixən formalaşma mərhələləri və bu formalaşmanı şərtləndirən amillər diqqətlə öyrənilmişdir.

        Qeyd olunmalıdır ki, müxtəlif dövrlərdə mərkəzi rayonun tikinti-planlaşdırma həlli ilə əlaqədar konseptual şəkildə təkliflər hazırlansa da, onlar öz təsdiqini tapmamış, müfəssəl planlaşdırma layihəsi isə ümumiyyətlə hazırlanmamışdır. Ötən əsrin 90-cı illərindən 2007-2008-ci illərədək ümumiyyətlə şəhərsalma layihələrinin hazırlanmadığı, məlumatlar toplanmadığı, müvafiq tədqiqatlar və dəyərləndirmələr aparılmadığı üçün layihəyə hazırlıq mərhələsi bir çox problemlərin həllini tələb etmişdir. 

Layihənin həyata keçirilməsində hesabat ili kimi 2030-cu il nəzərdə tutulmuşdur.

– “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi də “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanına kimi Komitənin səlayihiyyətlərinə aid idi. Bu istiqamətdə nə işlər görülmüşdür?

– Komitənin əsas fəaliyyət istiqamətlərindən biri də bina, qurğu və onların komplekslərinin memarlıq-planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin etməkdir.

Qeyd etmək lazımdır ki, layihə təşkilatları tikinti sahəsini keyfiyyətli layihə sənədləri ilə təmin etmək kimi çox mühüm bir vəzifəni həyata keçirirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihələndirmə işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər aparılmışdır. Layihə təşkilatları mütəmadi olaraq yeni normativ sənədlərlə, metodiki vəsaitlərlə təmin edilir. Layihəçilərin iştirakı ilə seminar-müşavirələr keçirilir və layihə işlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilir.

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli 650 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi həvalə edilmiş və mövcud mütəxəssis potensialı nəzərə alınaraq Komitə tərəfindən 255 ərizəçiyə bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilmişdir.

2015-ci ilin oktyabr ayından etibarən “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanının icrası ilə bağlı Komitə tərəfindən “Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir və bu barədə məlumat Komitənin rəsmi arxkom.gov.az saytında yerləşdirilmişdir.

– Abbas müəllim, bəs dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi sahəsində Komitənin üzərinə düşən vacib və məsuliyyyətli vəzifələr necə yerinə yetirilir, hansı çətinliklərlə üzləşirsiniz, son 10 il ərzində bu istiqamətdə reallaşdırılan işlər barədə ətraflı məlumat verməyinizi istərdik...

– Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30 avqust 2007-ci il tarixli 624 nömrəli Fərmanının icrası ilə bağlı Azərbyacan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli 84 nömrəli qərarı ilə “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir.

“Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.2. bəndinə uyğun olaraq bu araşdırmalar hər il üçün tərtib olunmuş qrafiklər üzrə yerlərdə 3 ildən gec olmayaraq həyata keçirilmişdir. Həmin Qaydaları”nın qüvvədə olduğu 2009-2014-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında şəhərsalma qanunvericiliyinə riayət olunmasına dair 96 araşdırma aparılmış və hər bir araşdırmanın nəticəsi barədə aktlar tərtib olunmuşdur.

Aparılmış araşdırmalar zamanı ümümilikdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün Qaydaların 3.6. bəndinə uyğun olaraq 946 obyekt üzrə icrası məcburi olan 163 “Tapşırıq” yazılmışdır.

Şəhərsalma fəaliyyəti zamanı inzibati xətaya yol verdikləri üçün Şəki, Şamaxı, Göyçay, Tovuz, Balakən, Hacıqabul, Gədəbəy, İsmayıllı, Ucar, Salyan, Sabirabad, Yevlax, Mingəçevir və Qax rayonlarının Baş memarları və xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 1 layihəçi barəsində 14 ədəd “Protokol” tərtib olunaraq 24300 manat məbləğində cərimə tətbiq edilmişdir.

Araşdırmaların nəticəsi olaraq verilmiş “Tapşırıq”ların vaxtında icra olunmasını təmin etmək məqsədi ilə aidiyyəti üzrə müvafiq göstərişlərin verilməsi və işində ciddi nöqsanlara yol vermiş Baş memarlar barəsində müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən rayon icra hakimiyyəti başçılarına müraciətlər edilmişdir.

Komitə əməkdaşlarının müvafiq araşdırmaları nəticəsində aşkarlanmış nöqsanlara görə Şəki şəhərinin, həmçinin Xaçmaz, Şamaxı və Saatlı rayonlarının Baş memarları tutduqları vəzifədən azad edilmişlər.

Yuxarıda göstərilənlərlə yanaşı 2009-2014-cü illərdə ümumi nəzarət qaydasında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində inşa edilən obyektlərə də mütəmadi şəkildə baxış keçirilmiş və mövcud norma və qaydaların tələblərinin pozulmasına yol verilmiş obyektlər müəyyənləşdirilərək müvafiq tədbirlər görülməsi üçün yuxarıda adları çəkilən şəhər və rayon icra hakimiyyəti başçılarına və onların memarlıq xidmətlərinə müraciətlər olunmuşdur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 2013-cü il yanvarın 1-dən qüvvəyə minməsi ilə bağlı “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları” yenidən hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Yeni Qaydalarda dövlət şəhərsalma nəzarətinin səyyar və kameral qaydada aparılması nəzərdə tutulmuşdur. Səyyar qaydada nəzarət şöbə əməkdaşlarının müvafiq araşdırmalar aparmaq üçün şəhər və rayonlara ezam olunması yolu ilə, kameral nəzarət isə Tikintilərin dövlət reyestrinə daxil olunan məlumatların araşdırılması vasitəsi ilə həyata keçirilir. 

"Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 3.4. bəndinə uyğun olaraq 2015-ci ildə Komitə tərəfindən dövlət şəhərsalma nəzarəti həyata keçirilərkən yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi-planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması, müvafiq ərazi üçün müfəssəl planların hazırlanması, tikinti layihələrinin müfəssəl plana uyğunluğu, müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun əsaslandırılması, habelə tikintiyə icazə verilərkən və ya məlumatlandırma icraatı tətbiq olunarkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 80-cı maddələrinin tələblərinə riayət olunması və digər məsələlər araşdırılaraq təhlil edilmişdir.

2015-ci ildə Komitə tərəfindən respublikanın 16 rayonunda (Göyçay, Zaqatala, Ağsu, Xaçmaz, Şəmkir, Kürdəmir, Qusar, Goranboy, Şabran, Sabirabad, Göygöl, Hacıqabul, Ucar, Quba, Masallı və Biləsuvar) səyyar qaydada dövlət şəhərsalma nəzarəti həyata keçirilmişdir. Aparılmış araşdırmalarda 709 obyektin tikintisinə icazə verilməsi üzrə icraat zamanı şəhərsalma qanunvericiliyinin tələblərinə riayət edilməsinin vəziyyəti araşdırılaraq 165 obyekt üzrə icrası məcburi olan 16 "Göstəriş" yazılmışdır.

Səyyar qaydada araşdırmalar aparılmış yuxarıda qeyd olunan rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması üçün yazılmış “Göstəriş”lər demək olar ki, nəzərdə tutulmuş müddətdə icra olunaraq nəticələri barədə Komitəyə məlumat verilmişdir. Araşdırmalar göstərir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən şəhərsalma fəaliyyəti həyata keçirilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə tam əməl edilmədiyindən, bir sıra hallarda tikintiyə icazənin verilməsi üzrə icraat düzgün yerinə yetirilmir. Belə ki, Məcəllənin 75-ci maddəsinə əsasən tikintiyə icazə icraatı tam yerinə yetirildikdən sonra yerli icra hakimiyyəti başçısı tərəfindən tikintiyə icazə barədə qərarın qəbul olunması tələb olunduğu halda, Məcəllənin 75-ci və 84-cü maddəsində tələb olunan sənədlər: obyektin ərazidə yerləşdirilməsinin ərazi-planlaşdırma sənədləri ilə əsaslandırılması, mühəndis-kommunikasiya təminatına dair texniki şərtlər və ekspertiza müəssisəsinin müsbət rəyi olmadan yerli icra hakimiyyətinin başçıları tərəfindən tikintiyə icazəyə dair qərar qəbul edilir və nəticədə müvafiq sənədlər olmadan tikinti işlərinə başlanılır.

Tikintiyə icazə icraatı ilə bağlı rast gəlinən nöqsanlardan biri də torpaq üzərində mülkiyyət, icazə və istifadə hüququnu təsdiq edən sənədin olmamasıdır. Əksər hallarda bələdiyyə tərəfindən torpağın mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar olduqdan sonra həmin torpaq üzərində yaranmış hüquq qeydiyyata alınmır. 

Həmçinin, reyestrə təqdim olunmuş sənədlər kameral qaydada araşdırılarkən müəyyən olunur ki, tikintiyə icazə icraatı həyata keçirilərkən obyektlərin ərazidə yerləşdirilməsinin şəhərsalma əsaslandırılması əsasən müvafiq qaydada tərtib olunmur və "Ərazilərin zonalaşdırılması, tikintilərin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın tələblərinə əməl edilmədiyindən tikinti və tikinti sıxlığı əmsalları normadan artıq olur.

Yeni Qaydaların tələblərinə uyğun olaraq Komitənin əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun ərazilərinə baxış keçirməklə Bakı şəhəri üzrə 4 obyektdə, Sumqayıt şəhəri üzrə 5 obyektdə, Abşeron rayonu üzrə 3 obyektdə qanunvericiliyin tələbləri pozulmaqla tikintiyə icazə verilməsi faktları aşkarlanmışdır. Yol verilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan "Göstəriş"lər yazılaraq Bakı, Sumqayıt şəhər və Abşeron rayon icra hakimiyyətlərinə göndərilmişdir. 

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı Qaydaları”nın 3.2. bəndinin tələbinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə təqdim olunmuş sənəd və məlumatlar kameral qaydada araşdırılarkən Bakı şəhərində tikintisinə icazə verilmiş 27, Abşeron rayonu üzrə isə 5 obyekt üzrə tikintiyə icazə icraatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 8 ”Göstəriş” yazılaraq Bakı şəhər İcra Hakimiyyətinə, 2 “Göstəriş” isə Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. 

Ümumiyyətlə, 2009-2015-ci illərdə respublikanın bütün şəhər və rayonlarında səyyar qaydada 112 araşdırma aparılaraq şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 1111 obyekt üzrə 179 “TAPŞIRIQ” və ya “GÖSTƏRİŞ” yazılmış, inzibati hüquq pozuntusuna yol verilməsi faktları ilə bağlı 13 nəfər vəzifəli şəxsə və bir nəfər layihəçiyə protokol yazılaraq 24300 manat cərimə tətbiq edilmişdir.

– Respublikamızda şəhərsalma və memarlıq sahəsinin geniş miqyaslı inkişafı ilə bağlı görülən işlərdən də danışmağınızı xahiş edirəm...

– Son illərdə Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərmişdir. Bu dövrlərdə ölkəmizin iqtisadi və sosial inkişafı tikinti, şəhərsalma və memarlıq sahəsinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olmuşdur. Bu inkişafın əhəmiyyəti regionların sosial-iqtisadi inkişafı, tikinti, şəhərsalma və memarlıq sahəsi ilə də bağlı olmuşdur. 

Respublikada baş verən bütün sosial-iqtisadi dəyişiliklər ölkənin tarixi inkişafının, milli müstəqillik və suverenlik əldə etməsinin və Azərbaycan xalqının milli dəyərlərinin bərpasının birbaşa nəticəsidir. Bütün bunlar respublikamızın şəhər, qəsəbə və kəndlərində memarlığın əhəmiyyətli dərəcədə dəyişməsinə, memarlıq-planlaşdırma prosesinin surətlənməsinə imkan verir.

Azərbaycan Respublikasının müasir memarlıq xüsusiyyətlərinin inkişafı və təkmilləşdirilməsi müasir dövr memarlıq tarixinin təcəssümü kimi dəyərləndirilir.

Respublikada milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması və mühafizəsinə xüsusi önəm verilir. Son illərdə ölkəmizin əldə etdiyi uğurlarda, memarlıq abidələrinin inşa və bərpasında bunları daha aydın şəkildə görmək mümkündür. 

Paytaxtımızda tikilib istifadəyə verilən möhtəşəm memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı tanınmış əcnəbi memarların da xidmətləri danılmazdır. Klassika ilə müasirliyin vəhdəti nəticəsində Bakı şəhəri möhtəşəmliyi ilə dünyanın ən gözəl şəhərləri sırasında özünəməxsus yerlərdən birini tutmuşdur.

Bu gün paytaxtımızda inşa edilib istifadəyə verilmiş çoxsaylı unikal memarlıq bina və qurğuları mövcuddur. Bunlardan Bakının dağlıq hissəsində möhtəşəmliyi ilə göz oxşayan “Üç alov” kompleksi, dənizkənarı milli park ərazisində orijinal formaya malik “Muğam Mərkəzi”, “Xalçaçılıq muzeyi” , bənzəri olmayan “Heydər Əliyev Mərkəzi”, müxtəlif təyinatlı müasir idman qurğuları, möhtəşəm Olimpiya stadionu, “Ağ şəhər” kompleksi, hotellər və digərlərini göstərmək olar.

Həmçinin paytaxtda Avropanın ən yaxşı dənizkənarı bulvarı, Füzuli prospekti boyunca bulvar, respublikanın bütün şəhərlərində onlarca gözəl parklar və bağçalar istifadəyə verilmişdir. 

Heydər Əliyev prospektindəki sənaye müəssisələrinin köçürülməsi prosesi praktik olaraq tamamlanmış və o ərazinin möhtəşəm memarlığı olan obyektlərlə tikintisi işləri tamamlanmaq üzrədir. 

Dəniz limanı, gəmiqayırma müəssisələri Bakının mərkəzindən çıxarılaraq şəhər kənarında yeni limanın birinci növbəsi və Xəzər dənizində ən iri gəmi təmiri zavodu inşa edilmişdir. 

Bakı şəhərindəki yeni aeroport kompleksi öz təkrarsız memarlığına görə Avropanın ən yaxşılarından biridir. 

Xeyli sayda səhiyyə, mədəniyyət, turizm obyektləri istifadəyə verilmiş, tarix və memarlıq irsi abidələri ilkinliyi qorunmaqla bərpa olunmuşdur. 

Bütün bu əhəmiyyətli nailiyyətlər paralel layihələndirmə və tikinti haqqında qəbul edilən qərarın hesabına əldə edilmişdir. Və bir başlıca məqamı da xüsusi qeyd edək ki, bu nailiyyətlərin qazanılması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. 

Əgər biz bu gün Sovet dövründə müəyyənləşdirilən qayda və normaları əldə rəhbər tutmuş olsaydıq, o zaman bu gün ucaldılan tikililərin heç 10 faizinə də nail ola bilməzdik. 

Bütün bu nailiyyətlərlə yalnız mən fəxr etmirəm, qazanılan uğurlardan hər bir vətəndaşımız qürur hissi keçirir və eyni zamanda Azərbaycana gələn hər kəs bütün bunları görür, vurğulayır və heyranlıqla qeyd edirlər ki, Bakı şəhəri simasını tamamən dəyişmiş və tanınmaz dərəcədə gözəlləşmişdir. 

– Bakı Ağ Şəhər layihəsinin icrası və perspektivləri barədə Komitənin sədri kimi Sizin fikirlərinizi bilmək maraqlı olardı...

– Hazırda Bakı buxtasının lap mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi və dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması üçün indiyə kimi görünməmiş perspektiv yaranmışdır. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. 

Ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir.

Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKİNS“ (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilmişdir.

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülmüşdür. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulmuşdur. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır. 

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir. 

Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcəkdir. 

– Sovet dövründə respublikamızda fəaliyyət göstərən onlarla elmi-tədqiqat və layihə institutları tərəfindən şəhərsalmaya dair təxminən minlərlə normativ sənədlər hazırlanmışdır. Bəs bu gün respublikada şəhərsalma və tikintiyə dair yeni normativ-texniki bazanın formalaşması hansı istiqamətlərdə aparılır və bu sahədə hansı vəzifələri reallaşdıra bilmisiniz?

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1992-ci il 217 saylı qərarı ilə respublika üzrə tikintidə yeni normativ sənədlərin hazırlanması və təsdiqinədək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura işləri Komitəsinə, respublika nazirlik, müəssisə və təşkilatlarına tikinti sahəsində qüvvədə olan normativ və qanunvericilik aktlarını rəhbər tutmaq tapşırılmışdır. Eyni zamanda Tikinti və Arxitektura işləri Komitəsinə tövsiyə edilmişdir ki, ölkənin bazar iqtisadiyyatına keçidi ilə əlaqədar Avropa ölkələrinin beynəlxalq və milli standartlaşdırma təşkilatlarının təcrübəsinə uyğun olaraq “Azərbaycan Respublikasının tikinti norma, qayda və standartları dövlət sisteminin əsas müddəaları”nı əlaqədar təşkilatlarla birlikdə işləyib hazırlasın. 

Ölkənin bazar iqtisadiyyatına keçidlə əlaqədar 1994-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət tikinti normativ sənədləri sisteminin əsas müddəaları” Azərbaycan Respublikasının Dövlət tikinti normativ sənədləri sisteminin yaradılması və işlənməsinin təmin edilməsinin əsas prinsiplərini, şəhərsalma və tikintidə tətbiq edilən normativ sənədlərin milli təsnifatını, strukturunu, növlərini, şəhərsalma və tikinti sahəsində normalaşdırma obyektlərini və normalaşdırma istiqamətlərini, sistemin hüquqi əsaslarını müəyyənləşdirdi. 

Konsepsiyada Azərbaycan Respublikası ərazisində qüvvədə olan keçmiş sovet ittifaqının (СНиП, СН, ЕНиР, ВСН, ВНТП, ГОСТ və s.) və respublika (РСН, РСТ, ТУ və s.) tikinti normativ sənədləri müvəqqəti hesab edildilər və onların tədricən yeni milli normativ sənədlərlə (AzDTN, TSNvəQ, AZS, AzSTN, TŞAZ və s.) əvəz edilməsi qərara alındı.

Bununla əlaqədar respublikada şəhərsalma və tikinti sahəsində milli normativ bazanın formalaşdırılması istiqamətində işlərə başlanıldı.

Müstəqilliyimizin ilk illərindən başlayaraq ölkədə bu sahədə milli normativ-texniki siyasət dövlət səviyyəsində həyata keçirilmişdir. “Memarlıq fəaliyyəti haqqında”, “Şəhərsalmanın əsasları haqqında”, “Standartlaşdırma haqqında”, “İnvestisiyalar haqqında” və s. qanunlar qəbul edilməklə şəhərsalma və tikinti sahəsində milli normativ bazanın əsası qoyulmuşdur.

Qeyd olunduğu kimi şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin əsasını keçmiş ittifaqın normativ sənədləri təşkil etmişdir. Həmin sistem doğrudan da tikinti sahəsinin normalaşdırılması üzrə dünyada ən qabaqcıl sistemlərdən biri hesab olunurdu və layihələndirilən tikinti obyektlərinin etibarlılığını və təhlükəsizliyini tam təmin edirdi. Keçmiş Sovet İttifaqı dövründə tikilmiş və bu gün də normal istismar olunan minlərlə unikal obyektin təhlükəsizliyini təmin etməklə sistem öz effektivliyini təsdiq etmişdir.

Eyni zamanda sürətli elmi-texniki tərəqqi, iqtisadi və ictimai münasibətlərdəki dəyişikliklər, yeni texnologiyalar və s. normativ-texniki sənədlərin daimi olaraq yenilənməsini və təkmilləşdirilməsini tələb edir.

Hal-hazırda respublikamızın konkret sosial, iqtisadi, təbii-iqlim, seysmik və milli məişət şərtləri, müasir tikinti materialları və texnologiyalar nəzərə alınmaqla qüvvədə olan həmin normativ sənədlərin yenidən işlənməsi yolu ilə Azərbaycan Respublikasının şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi formalaşdırılır. Yeni milli normativ –texniki sənədlər hazırlanarkən öz texniki tələblərinə görə qabaqcıl təcrübəyə malik digər ölkələrin bu sahəyə aid normativ sənədlərin tələblərinə uyğunlaşdırılması və inşaat materialları, məmulatları və konstruksiyaların fiziki-mexaniki, termotexniki və keyfiyyət xarakteristikalarının yüksəldilməsinə xüsusilə diqqət verilir.

Respublikada şəhərsalma və tikintiyə dair normativ-texniki bazanın formalaşması əsasən iki istiqamətdə: respublikanın elmi-tədqiqat, layihə və digər təşkilatlarının peşəkar mütəxəssisləri ilə yeni milli normativ sənədlərin işlənməsi; MDB ölkələrinin Hökumətlərarası Şurasının qərarlarının həyata keçirilməsi çərçivəsində Texniki normalaşdırma, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya tərəfindən dövlətlərarası tikinti norma, qayda və standartlarının işlənib qəbul edilməsi yolu ilə həyata keçirilir.

Milli normativ bazanın formalaşmasında Texniki normalaşdırma, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Dövlətlərarası Elmi-Texniki Komissiyanın rolunu xüsusi qeyd etmək lazımdır. Köhnə normativ bazanın təkmilləşdirilməsi üzrə problemlərin həlli üzrə birgə fəaliyyətin koordinasiyası məqsədilə Hökumətlərarası Şuranın qərarı ilə 1992-ci ildə yaradılmış bu komissiya müvəffəqiyyətlə fəaliyyət göstərir. Komissiya tərəfindən komissiyanın üzvü kimi Komitənin də iştirakı ilə qəbul edilmiş 300-ə yaxın dövlətlərarası normativ sənəd respublikamızda tətbiq olunur. 

Komitənin fəaliyyəti dövründə yeni 193 normativ sənəd qəbul edilərək respublika ərazisində tətbiq olunmuşdur. Bunlardan 47-si milli normativ sənəd, 146-sı isə dövlətlərarası tikinti norma, qayda və standartlarıdır. Tətbiq olunmuş dövlətlərarası standartların əksəriyyəti Avropa standartlarına uyğunlaşdırılmış (identik və ya modifikasiya olunmuş) standartlardır. 

Qeyd etmək lazımdır ki, milli normativ sənədlər sisteminə Dövlətlərarası normativ sənədlərin daxil edilməsi normativ bazanı təkmilləşdirməklə yanaşı, eyni zamanda MDB ölkələri arasında tikinti məhsulları və xidmətlərinin həyata keçirilməsindəki maneələrin aradan qaldırılmasına da xidmət edir.

– Fəaliyyətə başladığı vaxtdan Komitənin qarşısında duran məsələlərdən biri də şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahəsində xarici əlaqələri genişləndirmək və müxtəlif ölkə və təşkilatların bu sahədə təcrübəsini öyrənməkdir. Bu məqsədlə arxada qalan illərdə nə kimi işlər görülmüşdür? 

– Komitənin qarşısında duran məsələlərdən biri də şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahəsində xarici əlaqələri genişləndirmək və müxtəlif ölkə və təşkilatların bu sahədə təcrübəsini öyrənməkdir. Bu məqsədlə Komitə fəaliyyətə başladığı 2007-ci ildən MDB üzv ölkələrinin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şura ilə əməkdaşlıq edir və Komitənin əməkdaşları Hökumətlərarası Şuranın müxtəlif şəhərlərdə keçirilən 10 iclasında yaxından iştirak etmişlər. Şuranın 26-cı və 34-cü iclasları isə Komitənin təşkilatşılığı ilə Bakı şəhərində keçirilmişdir. Hökumətlərarası Şurada Komitə üçün faydalı olan yeni təcrübə əldə olunmaqla bərabər qeyd olunan Şuranın iclaslarında şəhərsalma və tikinti sahəsində maraq doğuran məsələlər müzakirə olunur. Komitənin əməkdaşları həmçinin Şuranın Komitənin fəaliyyətinə aid olan Komissiyalarının işində də iştirak edir. 

Komitə beynəlxalq əlaqələr sahəsində fəaliyyətini ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlıq formasında da yaratmışdır. Belə ki, 2011-ci ildə Komitə ilə Belarus Respublikasının Tikinti və Arxitektura Nazirliyi arasında şəhərlərin Baş plan layihələrinin işlənilməsi, ərazilərin planlaşdırılması və tikilib abadlaşdırılması sahəsində təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunmuşdur. Bundan başqa Komitə ilə Fransa Respublikasının Mənzil, Ərazilərin Bərabərliyi və Aqrar Nazirliyi arasında planlaşdırma və şəhərsalma sahəsində ikitərəfli əməkdaşlıq üzrə Niyyət Protokolunun layihəsi işlənib hazlırlanmışdır.

Bununla yanaşı Komitənin xarici əlaqələri həm də Azərbaycan Respublikası Hökuməti ilə Çexiya Respublikası, Əfqanıstan İslam Respublikası, Səudiyyə Ərəbistanı, Tatarıstan Respublikası, Moskva və Leninqrad vilayəti hökumətləri arasında imzalanmış Saziş, müqavilə və əməkdaşlıq proqramları çərçivəsində aparılmışdır. 

Onu da qeyd edək ki, Komitənin sifarişi əsasında hazırlanan bəzi regional sxemlərin, baş planların və şəhərsalma kadastrının layihələrinin hazırlanmasında müxtəlif xarici dövlətlərin, misal üçün Rusiya Federasiyasının “ENKO” Ərazi Planlaşdırma Elmi Layihə İnstitutu, Litva Respublikasının “HNİT-BALTİC” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyənin “Ana-Kent” Planlama Yapı Yatırım şirkəti iştirak etmişlər və bu proses bu gün də davam edir.

– Şəhərsalma yönümündə bütün zamanlarda istedadlı mütəxəssislərə ehtiyac duyulub və bu gün də duyulur. Bu isə heç şübhəsiz mütəxəssis çatışmazlığından irəli gəlir. Bəs, mütəxəssis çatışmazlığının yerini necə doldurursunuz? 

– Planlaşdırma işləri üzrə mütəxəssislərin sayı Sovet dövründə də kifayət qədər deyildi. Onlar əsasən orta və yaşlı nəslin nümayəndələrindən ibarət olan mütəxəssislər idilər. Bir çoxları ötən əsrin 90-cı illərində təqaüdə çıxmışlar. Şəhərsalma profili üzrə tələbələrin hazırlanması səviyyəsi çox aşağı idi. Planlaşdırma işləri üzrə ixtisaslaşan memarların sayı bu gün respublikada çox deyil. Yaxın günlərə qədər Komitədə çalışan və yaşı 65-ə çatan yaşlı nəsildən olan şəxslər, təəssüf ki, dövlət qulluqçuları kimi işdən azad edilmişlər. Şəhərsalma ixtisası üzrə ali məktəbləri bitirən tələbələrin hesabına onların yerinin doldurulması imkanı demək olar ki, yoxdur və onların səviyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün xaricdə təhsil almalarını genişləndirmək lazımdır. 

Komitədə çalışan gənclər hər keçən gün öz səviyyəsini yüksəldir və biz onlardan hələ ki, çox razıyıq. 

Hazırkı şərtlərdə biz Belarus, Türkiyə, Sankt-Peterburq, Litva və Moskvadan olan mütəxəssisləri konkret planlaşdırma işləri üçün dəvət edirik. Planlaşdırma işləri üzrə xarici mütəxəssislərin cəlb edilməsi ilə baş podratçı funksiyasını öz üzərlərinə götürən “RİSK” və “İnteqris” şirkətləri şəhərsalma fəaliyyətinə uğurla daxil olmuşlar. 

Biz yaddan çıxarmamalıyıq ki, şəhərsalmada çox mühüm sahə olan torpaq kadastrı, daşınmaz əmlak kadastrı, regionların və turizmin iqtisadi inkişafının ekoloji, uzunmüddətli proqnozu kimi vacib sahələri, eləcə də müvafiq nazirliklər tərəfindən uzunmüddətli perspektiv üçün hazırlanan magistral yolların və mühəndis şəbəkələrinin və qurğularının inkişaf sxemlərini hər zaman əldə etmək mümkün deyil. Şəhərsalma xarakteri daşıyan bütün bu informasiya onların saytında da öz əksini tapmalıdır. 

– Məlumdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsas vəzifələrindən biri də respublika səviyyəsində dövlət şəhərsalma kadastrının yaradılması və vahid dövlət kadastrı sisteminə inteqrasıyasını təmin etməkdir. Bu istiqamətdə nə kimi işlər görülmüşdür?

– Dövlət şəhərsalma kadastrı hər bir yaşayış məskəni, rayon (şəhər) və respublika üzrə yaradılır və aparılır. Dövlət şəhərsalma kadastrı ərazinin müvafiq funksional zonalara aidliyi, onların müasir və perspektiv təyinatı, ekoloji, mühəndis-geoloji durumu, tikililərin və mühəndis təchizatının vəziyyəti, bütün mülkiyyət növləri üzrə torpaqlarda inşa edilmiş bina və qurğuların xarakteristikaları haqqında göstəricilər sistemini təşkil edir və ərazinin kompleks idarə olunması və şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün müvafiq qərarlar qəbul edilməsi məqsədi ilə yaradılır.

Şəhərsalma kadastrı məlumatlarının istifadəçiləri mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, maraqlı hüquqi və fiziki şəxslərdir.

Beləliklə, qarşılıqlı məlumat mübadiləsinə əsaslanan kadastr və məkan məlumatlarından istifadə olunması əhali üçün optimal məskunlaşma sisteminin yaradılmasında, məhsuldar qüvvələrin ərazi üzrə düzgün yerləşdirilməsində, ərazinin funksional zonalara bölünməsində, səmərəli memarlıq-planlaşdırma strukturunun seçilməsində, ekoloji tarazlığın saxlanılmasında, mədəni irs və tarixi-memarlıq abidələrinin qorunmasında, insan yaşayışı üçün sağlam və əlverişli yaşayış mühitinin yaradılmasında böyük rol oynayir.

Ölkəmizdə şəhərsalma kadastrının yaradılması əsasən MDB ölkələrinin (Qazaxstan, Ukrayna, Rusiya-Ufa şəhəri) və Litva Respublikasının təcrübəsindən istifadə olunmaqla hazırlanan normativ-texniki sənədlərə əsaslanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” qərarı və bu qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2006-cı il tarixli Qərarının tələblərinin yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyətlərinin Memarlıq Xidmətlərinə tərəfimizdən müvafiq müaraciətlər olunmuş və onlara Dövlət şəhərsalma kadastrının yaradılmasına dair normativ sənədlər təqdim olunmuşdur. Şirvan, Mingəçevir və Gəncə şəhərlərinə ezam olunmuş Komitənin əməkdaşları kadastr işlərinin təşkili ilə əlaqədar icra hakimiyyətinin müvafiq bölmələri ilə işgüzar müzakirələr aparmış, yaradılacaq qurumun normal fəaliyyəti üçün işə cəlb olunacaq işçilərin hazırlanması, vahid proqram, lazımi avadanlıq, aidiyyatı təşkilatlardan alınacaq kadastr məlumatlarının kağız və elektron variantda saxlanılması, verilməsi və istifadə qaydaları barədə ətraflı məlumatlar verilmişdir.

2012-ci ildə pilot layihə kimi Şirvan şəhərində Dövlət Şəhərsalma kadastrının yaradılması üzrə işlərə başlanmışdır. 

Layihə, keçirilmiş açıq tenderin nəticələrinə əsasən bu sahədə böyük təcrübəyə malik olan Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus planas” bələdiyyə müəssisəsinin iştirakı ilə “İnteqris” MMC tərəfindən həyata keçirilir. 

Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədi şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsində aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma və digər sahəvi kadastr məlumatlarından ibarət dövlət geoinformasiya sisteminin yaradılmasıdır. 

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması layihəsinin tərkibinə Yeni tikilən obyektlərin reyestrinin aparılması, şəhərin Baş və Müfəssəl planlarının hazırlanması işləri də daxildir. 

Hazırda Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması layihəsi üzrə işlər iş qrafikinə uyğun olaraq aparılır. Layihə üzrə “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının avtomatlaşdırılmış geoinformasiya sistemi” yaradılmış, həmin sistem Şirvan Şəhər İH-nin binasında quraşdırılmış, lazım olan texniki vasitələrlə təmin edilmiş və hal-hazırda sistemin yoxlanılması ilə bağlı test işləri həyata keçirilir. Layihənin tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şirvan şəhər İcra Hakimiyyəti, yerli sahəvi kadastr orqanları arasında proqram təminatı ilə bağlı olaraq müvafiq əlaqələr qurulur və mütəmadi olaraq qarşılıqlı məlumat mübadiləsinin aparılmasının təşkili ilə bağlı işlər aparılır. Layihənin təhvil verilməsi 2016-cı ilin sonlarında nəzərdə tutulur.

Eyni zamanda Gəncə şəhərində Dövlət Şəhərsalma kadastrının yaradılması ilə bağlı işlər “İnteqris” MMC (Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus planas” bələdiyyə müəssisəsi ilə birlikdə) tərəfindən həyata keçirilir. Bu layihənin tərkibində, həmçinin Yeni tikilən obyektlərin reyestrinin aparılması, Baş plana uyğun Ərazinin zonalaşdırılması və Müfəssəl planının hazırlanması nəzərdə tutulmuşdur.

– Maraqlı və hərtərəfli söhbət üçün Sizə bir daha minnətdarlığımızı bildirir, böyük və məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. 

– Sağ olun. 

 Müsahibəni apardı:

Zərbalı MİRZƏ 

 




geriyə