Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılmasından 10 il ötür

29 fevral 2016

Fevralın 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaranmasının 10 ili münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə Komitənin sədri Abbas Ələsgərov və Komitənin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış və məzarı üstünə çiçəklər düzülmüşdür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilmiş tədbiri Komitənin sədri Abbas Ələsgərov açaraq Komitənin yaradılmasının 10-cu ildönümü münasibəti ilə Komitənin əməkdaşlarını təbrik etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmış, şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ötən 10 ildə çox əhəmiyyətli işlər görmüş və bir çox nailiyyətlər əldə etmişdir.

Komitənin sifarişi əsasında Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Dağlığ Şirvan iqtisadi rayonlarının regional sxemləri işlənib hazırlanmışdır. Eyni zamanda Komitə tərəfindən Bakı şəhərinin, həmçinin Sumqayıt və Abşeron şəhərlərinin bir hissəsinin daxil olduğu, 282322 hektardan artıq ərazini əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi işlənib hazırlanmışdır.

2030-cu ilə qədər olan dövrü əhatə edən BBRİP-da paytaxt Bakının sistemli inkişafı üçün çoxsaylı işlər nəzərdə tutulmuşdur. Burada əsas məsələ sənaye müəssələrinin mərkəzdən kənara çıxarılmasıdır. Bundan başqa dənizkənarı bulvarın 25 km- ə qədər artırılması, sahil zolağı üzrə mövcud ərazinin 200 metrə qədər genişləndirilməsi və genişlənən ərazidə əyləncə obyektləri, isitrahət zonaları, park və bağların yaradılması, o cümlədən Bayıldan Nobel prospektinə qədər magistral yolun çəkilməsi və Neftçilər prospektinin piyada zonasına çevrilərək bulvara birləşdirilməsi, Dövlət Bayraq meydanı ilə yanaşı neft muzeyi və akademiyasının, həmçinin müasir incəsənət muzeyi və tarix muzeyinin yaradılması təklif olunur. BBRİP layihəsində həmçinin Türkan və Hövsan yaşayış məntəqələri ilə əlaqələndirilən və 2000,0 ha ərazini əhatə edən Yeni Türkan qəsəbəsinin də yaradılması nəzərdə tutulur. BBRİP layihəsinin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333,29 hektar ərazini əhatə edən “Məxsusi Bakının Ərazidən istifadə və zonalaşdırma planı” təşkil edir.

Komitə ötən 10 il ərzində şəhərlərin baş palnlarının hazırlanması sahəsində də mütərəqqi işlər görmüş və ölkənin 42 şəhərin baş planı işlənib hazırlanmışdır. Bunlardan 37 şəhərin (Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Horadiz, Xızı, İmişli, İsmayıllı, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Lerik, Masallı, Samux, Şamaxı, Şəki, Şirvan, Ucar, Yevlax, Xırdalan, Gəncə, Sumqayıt, Balakən, Neftçala, Yardıımlı, Siyəzən, Zaqatala, Zərdab, Hacıqabul, Göygöl, Naftalan, Qusar, Mingəçevir şəhərlərinin) baş planı artıq təsdiq olumuş, 5 şəhərin (Ağcabədi, Göyçay, Xaçmaz, Salyan və Şəmkir) Baş planı isə razılaşdırma və təsdiq mərhələsindədir. Yaxın 5 ildə qalan digər şəhərlərin də baş planlarının sifariş edilməsi nəzərdə tutulur. 

Komitə regional sxemlərin və baş planların hazırlanması ilə yanaşı şəhərsalma kadastrının yaradılması və aparılması, Tikintilərin dövlət reyestrinin aparılması, həmçinin şəhərsalma və tikinti üzrə normativ bazanın inkişaf etdirilməsi sahəsində də işləri uğurla həyata keçirilmişdir. Respublika tarixində ilk dəfə olaraq  Şirvan şəhərinin şəhərsalma kadastrı yaradılmış və bu prosesin davamı olaraq Gəncə şəhərində də şəhərsalma kadastrının yaradılmasına başlanılmışdır.

Bundan başqa Komitə tərəfindən 2015-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq tikintilərin dövlət reyestrinin aparılması üzrə işlərə başlanılmış və bu günədək  reyestrə təqdim olunaraq qeydiyyata alınmış 320 tikinti obyektinə kod nömrələri verilmişdir.

Komitənin fəaliyyəti dövründə yeni 193 normativ sənəd qəbul edilərək Respublika ərazisində tətbiq olunmuşdur. Bunlardan 47-si milli normativ sənəd, 146-sı isə dövlətlətrarası tikinti norma, qayda və standartlarıdır. Ümumililkdə şəhərsalma və tikinti üzrə 2500-ə yaxın sənəddən ibarət normativ baza yaradılmışdır.

Layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün Komitə tərəfindən son 5 il ərzində 200 layihə təşkilatına lisenziya verilmişdir.

Komitə şəhərsalma sahəsində xarici əməkdaşlığı genişləndirmək  və xarici dövlətlərin təcrübəsini öyrənmək məqsədi ilə 2007-ci ildən Hökumətlərarası Şura çərçivəsində inşaat fəaliyyəti sahəsində bütün MDB ölkələri ilə əməkdaşlıq edir. Həmçinin Komitə beynəlxalq əlaqələri genişləndirərək Türkiyə, ABŞ, İtaliya, Almaniya, İspaniya, Fransa və başqa dövlətlərlə ikitərəfli əməkdaşlıq qurmuşdur.

Görülən bütün bu işlər Prezident İlham Əliyevin şəhərsalmaya olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, şəhərsalma sahəsində görülmüş işlərlə daha yaxından tanış olmaq üçün Prezident İlham Əliyev 2010-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuş və şəhərsalma ilə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir. 2016-cı ilin 18 yanvar tarixində İqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirdə Prezident İlham Əliyevin “Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə” sözləri bir daha sübut etdi ki, Prezident İlham Əliyev şəhərsalma məsələlərinə çox böyük əhəmiyyət verir və şəhərsalma sahəsində işləri layiqincə yerinə yetirmək üçün Komitə ötən 10 ildə olduğu kimi bundan sonra da var gücü ilə çalışacaqdır.

Komitənin yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq fevralın 27-də cənab Prezident İham Əliyevin Sərəncamına əsasən medallarla təltif olunmuş Komitə əməkdaşlarını təbrik edən Abbas Ələsgərov Komitənin bir sıra işçilərini də çoxillik işinə görə Fəxri Fərmanla mükafatlandırmışdır.

Sonra 10 il ərzində Komitənin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər, həyata keçirilmiş tədirlər barədə təqdimat nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Komitənin yaradılmasının 10 illiyi münasibəti ilə təbriklərini çatdıraraq qeyd etmişdir ki, geridə qalan 10 il ərzində Komitə ölkə üçün çox əhəmiyyətli işlər görmüşdür və bütün bunları nəzərə alaraq Azərbaycan Memarlar İttifaqının qərarına əsasən Komitənin sədri Abbas Ələsgərov "Mikayıl Hüseynov" medalına, Komitənin bir neçə əməkdaşı isə Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanlarına layiq görülmüşdür.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış etmiş və bildirmişdir ki, Komitə ötən 10 ildə şəhərsalma və memarlığın inkişafına böyük töhfələr vermiş və Komitə tərəfindən bir çox layihələr həyata keçirilmişdir. Komitənin ötən 10 ildə gördüyü işləri Azərbaycanın şəhər və rayonlarını gəzərkən görmək mümkündür və təbii ki, əldə olunan bu uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərsalma və memarlığa olan diqqət və qayğısının təzahürüdür.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev də tədbirdə çıxış edərək Komitənin yaradılmasının 10 illiyi münasibəti ilə Komitənin rəhbərliyini və kollektivini təbrik etmiş və bildirmişdir ki, şəhərsalmaya olan diqqət günü-gündən artır və bu işlərin həyata keçirilməsi üçün görülən tədbirlər ötən 10 ildə olduğu kimi bundan sonra da davam etdiriləcəkdir.

FOTOŞƏKİLLƏR

VIDEO




geriyə