Komitədə toplantı keçirilmişdir

04 mart 2016

Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların Baş memarlarının iştirakı ilə toplantı keçirilmişdir.

Komitənin sədri Abbas Ələsgərov toplantı açaraq bildirmişdir ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli Sərəncamının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.

A.Ələsgərov qeyd etdi ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.

Komitə sədri A.Ələsgərov bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirdi və vurğuladı ki, “Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla əlaqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1 hektardan 7 hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz”.

Komitə sədri A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirdi ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaqdır.

Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olundu və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatıdırldı. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olundu. Nümayiş olunan ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalar ilə yanaşı mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapmışdır. Bu da mövcud müfəssəl planda düzəlişlər olunması deməkdir. Həmçinin söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsinin daha məqsədəuyğunluğu tövsiyyə olundu.

Toplantıda çıxış edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər toplantı iştirakçıları keçirilən toplantı üçün minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallar cavablandırıldı və qeyd olundu ki, cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bu toplantının çox böyük əhəmiyyəti vardır. 

FOTOŞƏKİLLƏR

VIDEO




geriyə