Komitədə Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

16 iyun 2016

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrası ilə bağlı həmin rayonların İcra Hakimiyyəti Başçısının müavinləri və baş memarları ilə görüş keçirilmişdir.

Görüşün keçirilməsində məqsəd qeyd olunan Qərarın respublika ərazisində ilk dəfə olaraq reallaşdırılan “pilot layihə”yə aid hissədə icrası və bundan irəli gələn işlər barədə müzakirələr aparmaq idi.

İclasda çıxış edən Komitə sədri Abbas Ələsgərov sözügedən Qərarın icrası ilə bağlı görülmüş işlərdən və qarşıya çıxan problemlərdən danışaraq bildirdi ki, pilot layihə (təcrübi) Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının ərazilərində həyata keçirilir.

Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş obyektlər üzrə planlaşdırma tövsiyyələri razılaşdırılmış və bunlar 22 obyekt təşkil edir. Bununla yanaşı həmçinin, sökülənlərə nisbətdə mənzillərin sayı və onların ümumi sahəsi 5-dəfədən çox artırılmışdır.

Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalı 1 ha-da 20 000 m2 hesabı ilə götürülmüşdür ki, bu da normativlərə uyğundur.

Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov vurğuladı ki, söküləcək ərazilərdə tikinti əmsalına və tikinti sıxlığı əmsalına əməl olunması mütləqdir.

Bu gun ötən illərdən fərqli olaraq yaşayış binalarının, avtomobillər üçün dayanacaqların, yaşıllıqların, meydanların, keçidlərin və digər abadlaşdırma obyektlərinin yerləşdirilməsini nəzərdə tutan ilkin layihələndirmə işlərini, o cümlədən məhəllələrin tikinti planlaşdırma layihələrini (5 ha-ya qədər, lakin1 ha-dan az olmamaqla), əsas şəhərsalma normativləri müəyyən edir.

Tikinti əmsalı bina və qurğular altında olan sahənin məhəllənin sahəsinə olan nisbətidir və tikintinin sıxlığı əmsalı isə bina və qurğuların bütün mərtəbələrinin sahəsinin məhəllənin sahəsinə olan nisbətidir. 

A.Ələsgərov məhəllələrin qurulması ilə bağlı öz mülahizə və tövsiyələrini, ən əsası isə Prezident İlham Əliyevin bununla bağlı fikirlərini də iclas iştirakçılarının diqqətinə çatdırdı:

”Ayrı-ayrı məhəllələrin necə tikilməsini də yəqin siz müəyyən etməlisiniz. Yəni siz deməlisiniz ki, bu məhəllədə 10 bina, məsələn, beşi 16 mərtəbəli, üçü 14 mərtəbəli və s. olmalıdır. Orada bina tikmək istəyən sahibkar da bilsin ki, o, nə tikəcəkdir. Yəni belə olmamalıdır ki, oranı boşaltdı, yerində istədiyi səviyyədə nəsə tikdi, qalanı qaldı. Hər bir məhəllə üçün ayrıca layihə olmalıdır və siz də deməlisiniz ki, burada bu cür ev tikilməlidir”.

Bir hektar ərazisi olan məhəllənin tikinti-planlaşdırma layihəsində sahibkara mənzil tikintisi üçün torpaq sahələrinin ayrılmasının mümkün sərhədləri göstərilir. Bütün ölkələrdə qayda belədir. Belə sahələr hər biri 0,25 ha olmaqla 4-ə qədər ola bilər.

Yalnız 1 ha-lıq məhəllənin tikinti-planlaşdırma eskizində nəzərdə tutulmuş söküntüsündən sonra tikintiyə icazə verilməli və ayrılan ərazilərin sərhədləri nişanlanmalıdır.

Komitə tərəfindən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək, investorların bu sahəyə marağının cəlbediciliyini artırmaq və bu layihənin həyata keçirilməsində ortaya çıxan bəzi çətinlikləri aradan qaldırmaq məqsədi ilə Qərarda qeyd olunan ərazilər üçün planlaşdırma sənədləri və kvartalların tikinti eskizi hazırlanarkən tikinti sıxlığının 27000 kv.m/ha-ya dək artırılması və yaşayış binalarının (sanitar-gigiyena və yanğın təhlükəsizliyi tələbləri təmin edilməklə) qəbul edilməsi tövsiyə olunur və müvafiq təkliflər hal-hazırda Nazirlər Kabineti ilə razılaşdırma mərhələsindədir.

Sonra nümunə üçün layihələr nümayiş olundu və Komitəyə razılaşdırmaq üçün təqdim olunacaq eskiz layihələrin tərkibinə dair göstəriş baş memarlara təqdim olundu. Bundan başqa  1 ha-lıq məhəllənin 10-12 mərtəbəli yaşayış evləri üçün tikinti-planlaşdırma eskizinin nümunəsi də təqdim edildi.

Baş memarları maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

Sonda İclas iştirakçılarına müraciət edən A.Ələsgərov tövsiyə və tapşırıqlarını verərək qeyd etdi ki, deyilənlər onların gündəlik fəaliyyətində nəzərə alınmalı və məhəllələrin tikintisinin memarlıq-planlaşdırma həllininin eskizinin təqdim edilməsi və tək-tək tikililərin Komitəyə razilaşdırmaya göndərilməsi zamanı pozuntulara yol verilməməlidir.

FOTOŞƏKİLLƏR




geriyə