Şəhərsalma və Tikinti Məcəlləsinin icra vəziyyətinə həsr olunmuş seminarda aktual problemlər müzakirə olundu

27 fevral 2015

27 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin icra vəziyyəti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində toplantı-seminar keçirildi.

Seminarda ümumi, baş və müfəssəl planların texniki icrası, müfəssəl planların ərazi zonalaşdırılmasının mümkün variantları, şəhərsalma sənədlərinin tərtibatı, landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, tikinti layihələrinin ərazi planlaşdırılmasına uyğunlaşdırılması məsələləri, eləcə də digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

Toplantını giriş sözü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq qonaqları salamlayıb hamıya “Xoş gəldiniz” - dedi və geniş məruzə ilə çıxış etdi:

-Xanımlar və cənablar, xoş gəlmisiniz!

Bu günkü tədbirimizdə respublikanın 51, Bakının isə 11 rayonunun baş memarları, planlaşdırma işləri üzrə lisenziyası olan 10 layihə təşkilatının rəhbərləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə iştirak edir. Vaxt tapıb bizimlə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrini təhlil etmək, onun həyata keçirilməsi və icrası yollarını müəyyənləşdirmək, eləcə də planlaşdırma işlərinin tətbiqini müzakirə etmək üçün gəldiklərinə görə toplantı iştirakçılarına və həmçinin Cəbrayıl müəllimə və Elbay müəllimə minnətdarlığımı bildirirəm.

Bu gün biz geniş məruzələri dinləməyə yığılmamışıq, daha doğrusu biz sizinlə Məcəllənin necə icra olunmasını müzakirə etməliyik. Sərbəst olun və bu seminarda fəal iştirak edin.

2013-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2 bölmədən ibarətdir:

1. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına həvalə olunmuş planlaşdırma işləri və normativ-texniki sənədlər.

2. Fövqəladə Hallar Nazirliyinə və yerli İcra hakimiyyəti orqanlarına həvalə olunmuş layihə-smeta sənədlərinin hazırlanması, baxılması və ekspertizası eləcə də tikintinin təşkilinə, keyfiyyətinə nəzarət və qeyri qanuni tikililərə yol verməmək.

Ötən dövrdə tərəfimizdən 7 regionun ərazi inkişaf sxemi işlənib hazırlanmışdır: Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Böyük Bakı.

61 baş plan mövcuddur, o cümlədən, yeni işlənmiş 43 şəhərin baş planı- İsmayıllı, Şamaxı, Xızı, Qax, Qobustan, Masallı, Samux, Yevlax, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Xırdalan, İmişli, Qazax, Qəbələ, Lerik, Oğuz, Ucar, Horadiz, Şəki, Balakən, Gəncə, Sumqayıt, Yardımlı, Siyəzən, Neftçala, Zaqatala, Zərdab, Hacıqabul, Şirvan, Naftalan, Məxsusi Bakı; hansı ki, bugun artıq müfəssəl planın hazırlanması və tikilən ərazilərin şəhərsalma əsaslandırılması üçün əldə rəhbər tutmaq olar.

Əldə rəhbər tutmaq üçün artıq hazır olan 11 şəhərin müfəssəl planlaşdırma layihəsi: Bakı, Hacıqabul, Zərdab, Zaqatala, Neftçala, Siyəzən, Yardımlı, Balakən, Horadiz, Xızı, Şirvan, hansı ki, tikinti layihələrinin layihəndirilməsinə başlamaq olar.

İşdə rəhbər tutmaq üçün 200 dən çox normativ-texniki sənəd hazırlanmışdır.

Ümumi planlar, baş planlar, müfəssəl planlar və onun texniki icrasında, əsasən AzDTN 1.5-2 “Şəhərsalma sənədlərinin tərkibi, işlənməsi, razılaşdırılması, ekspertizası və təsdiq edilməsi Qaydaları” və AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” texniki-normativ sənədlərinə uyğun olaraq, biz bu işlərlə 10 illərdi ki məşğuluq və bu barədə əsasən suallar olmamalıdır. O ki qaldı ərazilərin zonalaşdırılmasına, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir.

Ərazilərin zonalaşdırılmasının məqsədi şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarından tikinti və digər məqsədlər üçün istifadə ilə bağlı münasibətləri tənzimləməkdən, şəhərsalmanın nizamlı inkişafının formalaşmasından və şəhərsalma fəaliyyətini həyata keçirmək üçün ərazilərin istifadəsindən, əhalinin və istehsal sahələrinin həddən artıq sıxlaşmasını aradan qaldırmaqdan, tikintinin növü və miqyasının təyin edilməsindən və onlardan istifadə məhdudiyyətləri ilə təsbit edilən tikinti qaydalarını müəyyənləşdirməkdən ibarətdir.

Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası təyin edilməklə 12 ərazi zonalarına bölünür: yaşayış zonaları; ictimai-işgüzar zona; rekreasiya zonası; istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları; nəqliyyat infrastrukturu zonası; mühəndis infrastrukturu zonası; kənd təsərrüfatı zonası; xüsusi təyinatlı zona; hərbi və digər rejimli zonalar; xüsusi şərtlərlə istifadə olunan zonalar; xüsusi qorunan ərazilər; ehtiyat zonası.

Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır.

Şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis-infrastruktur obyektləri, tikintinin müəyyən olunmuş sığlığı və faizləri nəzərə alınaraq yerləşdirilir.

Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir.

Hal-hazırda siz tərəfdən müzakirə etmək və təkliflər verməniz üçün sizə təqdim olunmuş bu Qərara AzDTN 2.6.1.-in bəzi maddələri nəzərə alınmaqla bir sıra düzəliş və təkliflər hazırlanmışdır.

Sovet dövründə fərqli olaraq Torpağın dövlət mülkiyyətində olduğu vaxtda dövlət hesabına tikilən yaşayış evlərinin tipik layihələri və müfəssəl plan adətən boş ərazilərdə hazırlanırdı, bununla belə böyük problemlər və çətinliklər yox idi.

Bütün bunlar bugün daha çox çətinləşib, çünki əsasən tikilmiş ərazilərdə, şəxsi torpaq sahəsində tikinti normalarına riayət etmədən, fərdi layihələri sifariş edən dövlət deyil, sahibkardır. Təbii ki, yeni normativlərə əməl etməklə belə layihələndirmə işlərinin görülməsi ucuz başa gəlmir.

Belə şəraitdə tikintinin sıxlığı və əmsalı, müəyyən edilmiş zonalar üzrə ərazidən istifadə planı olmalıdır.

Ərazilərin zonalaşdırılması (bu əsas müəyyənedici hesablama və qrafiki materiallardır) şəhərsalma sənədlərinin əsasını təşkil edir və yalnız onun əsasında müfəssəl plan və şəhərsalma əsaslandırılması hazırlana bilər. Şəhərsalma əsaslanması üçün Məcəllənin 11-ci bəndini və AzDTN 2.6.1 əldə rəhbər tutmaqa kifayətdir.

Müfəssəl planların ərazi zonalaşdırılmasının mümkün variantları ilə siz təqdim olunmuş 10 planşetdə tanış olmusunuz.

Planlamaşdırma həllərinin olmamasına görə torpaq ayırması zamanı qaydalar pozulur. Azərbaycan Respublikasının müstəqilliyinin ilk on ili ərzində Bakı şəhərinin sərhədləri daxilində normalara cavab verməyən və memarlığı göz oxşamayan 16-20 mərtəbəli eyni tipli yaşayış binalarının tikintisi aparılmışdır.

Mövcud Məcəllə, torpaq əraziləri müfəssəl plana və ya şəhərsalma əsaslandırılmasına əsaslanmadığı hallarda praktiki olaraq torpaq sahələrinin pərakəndə tikintisinə qadağa qoyur.

Bu gün tikinti altında olan 5 sotluq ərazinin 90 %-də ümumi yaşayış sahəsi 9000 molan 18 mərtəbəli binanı yerləşdirmək üçün icra hakimiyyətinə gələn bina tikən şəxsin eskiz layihəsini baxmadan geri qaytarmaq lazımdır.

Tikilmiş ərazidə, xüsusən də azmərtəbəli ərazidə 18 mərtəbəli yaşayış mənzilinin tikintisi üçün ən azı 10 dəfə çox yəni 50 sot ərazi lazımdır. Bununla belə 5 sotdan deyil, 50 sot ərazidən azmərtəbəli evlərin sakinlərini və müəssisələri köçürdükdən sonra tikintiyə başlanılmalıdır.

Bunlar hamısı icra hakimiyyəti tərəfindən 5 hektardan 60 hektara qədər müəyyən olunmuş ərazilərin zonalarında şəhərsalma əsaslandırmasına və ya müfəssəl plana əsaslanmalıdır.

Ən vacib məsələlərdən biri İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə verildikdən sonra 10 gün ərzində məlumatların tikintilərin dövlət reyestrinə təqdim edilməsidir.

Bizim sizinlə çoxlu problemlərimiz də var. Müfəssəl plandan çıxarışın və ya şəhərsalma əsaslandırılmasının olmaması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin natamam, bəzən qeyri-peşəkar icrasıdır ki, bu da tikintiyə kodun verilməsində imtinaya gətirib çıxarır.

Yararsız işlərin olmaması üçün məsləhət görürəm ki, tikinti layihəsindən əvvəl müfəssəl planın bölmələrini eləcə də obyektin memarlıq planlaşdırma həllinin eskizi və ya şəhərsalma əsaslandırılması tikintilərin dövlət reyestrinə təqdim olunsun.

Əlbəttə ki, infrastruktur, iri ictimai və mədəniyyət obyektləri üzrə onun memarlıq görünüşünə və əsasən də ictimai-işgüzar zonada olmasına ayrıca baxılır. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Respublikanın bütün şəhərlərinin mərkəzi hissəsinin tikintisi sürətlə həyata keçirilmişdir. Rayon (şəhər) rəhbərləri Prezidentin bu göstərişini yüksək səviyyədə yerinə yetiriblər. Həmçinin Prezidentin təşəbbüsü ilə son illərdə Bakı şəhərində çox sayda fərdi layihələr həyata keçirilərək onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Dənizkanarı və Fizuli küçəsindəki bulvarların genişləndirilməsi, çoxsaylı olimpiya kompleksləri, bütün şəhərin işıqlandırılması, binaların fasadlarının dəyişdirilməsi, çoxsaylı avtomobil yollarının tikilməsi, həmçinin Heydər Əliyev prospektinin və Aeroporta gedən 2 maqistral yolların tikintisi, çox sayda park və meydançalar, 5 ulduzlu otellər, Baku Kristall Xoll və Flame Tower və nəhayət Heydər Əliyev mərkəzi.

2013-2014-cü illər ərzində dövlət şəhərsalma nəzarəti həyata keçirilməsi zamanı komitənin işində nöqsanlar barədə Prezident aparatının iradlarına baxılmışdır və müvafiq tədbirlər görüləcəkdir.

Düzünü desək, yerli icra hakimiyyətləri orqanları, xüsusən də Bakı Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura Komitəsinin aktlarına və sorğularına çox zaman heç bir münasibət bildirməmişlər.

Bugun biz dəqiq müəyyənləşdirməliyik ki, Respublikada dövlət şəhərsalma nəzarəti barədə Prezidentin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanını necə həyata keçirməliyik. Burda çoxlu yeniliklər, xüsusən də tikinti layihələrinin ərazi planlaşdırılmasına uyğunlaşdırılması məsələləri vardır.

Eyni zamanda 11 və 13 fevral 2015-ci il tarixlərdə “Azərbaycan” qəzetində Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” sərlövhəli geniş təhlilə əsaslanan materialı ilə tanış olmağınızı məsləhət görürəm.

Planlaşdırma işlərinin icra edilməsi üçün sizə mütəxəssislərin (siyahı sizdə var) cəlb edilməsini məsləhət görürəm, hansı ki, müvafiq maliyyələşdirmə (ucuz başa gəlməyən) qarşılığında bu işi icra etməyi bacarırlar.

Ümüdvaram ki, rayonların (şəhərlərin) icra hakimiyyətlərinin başçılarının bu iclasda səsləndirilmiş çıxışlarla, nöqsanlarla və təkliflərlə tanış olması üçün tərəfimizdən sizə təqdim olunacaq bu iclasın video yazısı memarlıq xidmətlərinə şəhərsalma haqqında qanunvericiliyə uyğun olaraq öz vəzifələrini yerinə yetirməsi zamanı yardım edəcək.

Bizim növbəti görüşümüz ilin ikinci yarısında şəhərsalmaya dair qanunvericiliyin icrası üzrə cavabdeh olan icra hakimiyyəti başçılarının müavinləri də iştirak etməklə baş tutacaq.

Diqqətinizə görə çox sağolun!

Sonra Abbbas müəllim sözü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanova verdi.

D.Dövlətxanov çıxışında qeyd etdi ki, ölkədə sürətlə gədən hərtərəfli inkişaf və böyük uğurlarla yanaşı şəhərsalma sahəsində hamımıza məlum olan şəhərsalma sənədlərinə riayət edilməməsi, “öz başına” tikililər və belə tikililərin sonradan rəsmiləşdirilməsi, torpaqların təyinatına görə və ya onlardan səmərəli istifadə edilməməsi və s. bu kimi problemlərin həllində yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rolu mühümdür və məhz bununla əlaqədar bu günkü toplantının keçirilməsi Komitə tərəfindən zəruri hesab edilmişdir.

Şəhərsalma və tikinti sektorunda gedən sürətli proseslərin nizamlanması və tarazlaşdırılması, əhali üçün sağlam ətraf mühitin yaradılması, həmçinin bu sahədə ictimaiyyətin yaxından iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qəbul edildiyini və bu sənədin 2013-cü ilin əvvəlindən qüvvəyə mindiyini vurğulayan məruzəçi Məcəllədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının şəhərsalma və tikinti sahəsindəki səlahiyyətlərinin və vəzifələrinin aydın şəkildə göstərildiyini, Məcəlləyə əsasən ərazi planlaşdırılması sənədlərinin üç növə bölündüyünü - ümumi planlar, baş və müfəssəl planlar, ümumi və baş planlar üzrə sifarişçi səlahiyyətlərinin Komitəyə həvalə edildiyini, bu planları təsdiq edən orqanın isə Nazirlər Kabineti olduğunu qeyd etdi.

Məcəlləyə əsasən tikintiyə icazə verilməsi üçün başlıca sənədin müfəssəl plan olduğunu bildirən D.Dövlətxanov belə planların hazırlanması üçün müəyyən müddət tələb olunduğunu və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci bəndində bu tələbin 3 ildən sonra qüvvəyə minməsinin nəzərdə tutulduğunu, Şəhərsalma və Tikinti Məcəlləsinin bütün müddəalarının tətbiq edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bir sıra qanunaltı sənədlər hazırlandığını və bu prosesin hələ də davam etdirildiyini, Məcəllədən irəli gələn məsələlərin həlli zamanı yerli səviyyədə şəhərsalma fəaliyyəti sahəsində rəhbər tutmaq üçün zəruri sənədlər qəbul edildiyini qeyd etdi və hər bir konkret hal üçün araşdırılmalı məsələlər üzə çıxarsa, baş memarların metodik köməklik almaq üçün Komitəyə müraciət ermələrini tövsiyə etdi.

Növbəti çıxış üçün söz Komitənin Şəhərsalma nəzarəti şöbəsinin müdiri Dilxoş Nuriyevə verildi.

D.Nuriyev çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 1.4.3 və 1.6.26-cı bəndlərinin icrası ilə əlaqədar olaraq hazırlanmış və təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” və “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” barədə bəzi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, Komitənin əsas fəaliyyət istiqamətlərindən biri şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsidir. Yeni nəzarət qaydaları qüvvəyə minməmişdən əvvəl dövlət şəhərsalma nəzarəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli 84 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilirdi. 2014-cü ilin noyabr ayından isə dövlət şəhərsalma nəzarətinin daha üstün normativ aktla, cənab Prezidentin Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun aparılması nəzərdə tutulmuşdur.

Köhnə qaydalarda 2 hal üzrə inzibati məsuliyyətin nəzərdə tutulduğunu, yeni qaydalara əsasən isə 6 hal üzrə daha böyük cərimə ilə inzibati məsuliyyətin nəzərdə tutlduğunu və təsdiq olunmaq üçün aidiyyəti üzrə təqdim edildiyini deyən məruzəçi yeni Qaydaların təsdiqi ilə bağlı cənab Prezidentin Fərmanının 3-cü bəndində, aşkarlanmış pozuntular barədə hər ilin sonunda Azərbaycan Respublikası Prezident Admistrasiyasına məlumat verilməsi funksiyasının da Komitəyə tapşırıldığını vurğuladı.

Məruzəçi Qaydaların izahına keçməzdən əvvəl 2013-2014-cü ilin 6 ayı ərzində Komitə tərəfindən bir neçə şəhər və rayonda aparılmış araşdırmaların nəticəsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsi tərəfindən 2015-ci ilin yanvar ayında cənab Prezidentin adına hazırlanmış arayışda qeyd olunanlar barədə danışaraq dedi ki, arayış cənab Ramiz Mehdiyevin 2015-ci ilin 05 fevral tarixli məktubu ilə müvafiq tədbirlərin görülməsi üçün respublikanın bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmişdir.

Arayışda Komitənin dövlət nəzarəti ilə bağlı gördüyü işlər tənqid olunmuş və bu sahədə yol verilmiş pozuntular barədə təsirli tədbirlərin görülmədiyi qeyd olunmuşdur. Həmçinin, ötən iki il ərzində Bakı, Lənkəran, Şəki, Mingəçevir, Sumqayıt şəhərlərində və Qobustan rayonunda dövlət nəzarəti qaydasında aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilməsi Komitəyə tapşırılmışdır.

Adminstrasiyanın məktubunda haqlı olaraq qeyd edilmişdir ki, yol verilmiş pozuntuların aradan qaldırılması üçün hüquqi təsir vasitələrindən istifadə edilməmiş və pozuntuların qarşısının alınması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər tədbirlər görülməmişdir.

Sonra məruzəçi Administrasiyanın məktubunda qeyd olunanlarla bağlı bir neçə faktı tədbir iştirakçılarının diqqətinə çatdırdı:

-Bəzi şəhərlərdə Komitə əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman şəhərsalma norma və qaydalarının, o cümlədən ərazi planlaşdırma sənədlərinin tələblərinə zidd olaraq yolların bulvar zolaqlarında, yolların kənarındakı yaşıllıqların məhv edilərək yerində obyektlərin tikildiyi müəyyələşdirilmiş və tikinti işlərinin müvafiq qaydada dayandırılması barədə aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına müraciətlər olunmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti işlərinin dayandırılması barədə cavab məktubları yazılsa da, yenidən əraziyə baxış keçirilən zaman tikinti işlərinin dayandırılmadığı müəyyənləşdirilmişdir.

Bildirirəm ki, yeni Qaydaların tətbiqi ilə bağlı Komitə nəzarət sahəsində öz işini yenidən quracaq və qanunvericiliyin tələblərinin təmin olunması üçün bundan sonra təsirli vasitələrdən istifadə edəcəkdir.

Məruzəçi daha sonra yeni dövlət nəzarəti Qaydalarında Komitənin və yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələri və Komitə tərəfindən aparılacaq dövlət nəzarəti ilə bağlı bəzi məlumatları toplantı iştirakçılarının nəzərinə çatdıraraq dedi ki, Qaydaların 2-ci bəndində qeyd olunduğu kimi dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən şəhərsalma fəaliyyətinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasının təmin edilməsindən ibarətdir.

Qaydaların tələblərinə əsasən Komitə tərəfindən dövlət şəhərsalma nəzarətinin kameral və səyyar qaydada həyata keçirilirməsi nəzərdə tutulmuşdur. Kameral qaydada nəzarət Tikintilərin Dövlət reyestrinə təqdim olunan məlumatlar əsasında həyata keçirilir. Yəni, reyestrə daxil olan “tikintiyə icazəyə dair sənədlər” araşdırılacaq və qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkarlanarsa müvafiq qaydada akt tərtib olunacaq, inzibati məsuliyyətə səbəb olan hallarda protokol tərtib ediləcəkdir.

Səyyar qaydada nəzarət isə qabaqcadan tərtib edilmiş plan üzrə 3 ildən gec olmayaraq, yaxud daxil olmuş ərizə və şikayətlər əsasında, müvafiq ərazilərə baxış keçirilməklə həyata keçirilir.

D.Nuriyev sözünə davam edərək qeyd etdi ki, araşdırma zamanı yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması, müfəssəl planların olub-olmaması və yaxud onların hazırlanması üçün müvafiq tədbirlərin görülməsi, tikinti layihələrinin müfəssəl planın tələblərinə uyğunluğu, tikintiyə icazə verilməsi zamanı və məlumatlandırma icraatı qaydasında tikinti layihələrinə münasibət bildirilərkən Məcəllənin 75-78 və 80-84-cü maddələrinin tələblərinə riayət olunması, şəhərsalma əsaslandırılmasının düzgünlüyü və özbaşına tikililərin qarşısının alınması vəzyiyyəti araşdırılacaqdır.

Belə ki, Qaydaların 4-cü bəndində yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən dövlət şəhərsalma nəzarəti müəyyənləşdirilmiş və qeyd olunmuşdur ki, nəzarətin məqsədi ərazi-planlaşdırılması sənədlərinə əməl olunmasının təmin olunması və özbaşına tikililərin qarşısının alınmasından ibarətdir.

Həmçinin, Qaydalarda göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları şəhərsalma fəaliyyəti, habelə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində il ərzində gördükləri işlər və onların nəticələri barədə növbəti il fevral ayının 1-dək Komitəyə hesabat təqdim etməlidirlər.

Şöbə müdiri daha sonra 2015-ci il yanvar ayının 12-dən qüvvəyə minmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” barədə qısaca danışaraq dedi ki, Tikintilərin Dövlət reyestrinin məqsədi, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən nəzərdə tutulmuş qadağa və məhduduiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla planlaşdırma ilə bağlı dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

Belə ki, Qaydaların tələblərinə əsasən yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verildiyi tarixdən 10 gün müddətində: obyektin tikintisinə icazənin surətini; torpaq sahəsi üzərində mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini; tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq olunmuş şəhərsalma əsaslandırılmasını; tikinti layihəsinin memarlıq-planlaşdırılması bölməsini; tikinti obyektinin əsas texniki göstəricilərini, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını, situasiya planını və təyinatı barədə məlumatları Tikintinin Dövlət reyestrinə təqdim edir və bu məlumatlar Reyestrdə qeydə alınaraq 3 iş günü müddətində elektron bazaya daxil edilməklə tikintiyə kod verilir.

Qeyd olunan sənədlər tam tərkibdə təqdim olunmazsa tikinti obyekti Reyestrdə qeydə alınmır, tikinti obyektinə kod verilmir və bu barədə 3 iş günü müddətində yerli icra hakimiyyəti orqanına məlumat verilir. 5 iş günü müddətində çatışmayan sənəd və məlumatlar əlavə olunmalı və yenidən sənədlər Reyestrə təqdim edilməlidir.

Məruzəçi bir vacib məqama da toxunaraq qeyd etdi ki, Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair yuxarıda qeyd olunan sənəd və məlumatlar yerli icra hakimiyyəti və ya sifarişçi tərəfindən Reyestrə təqdim olunmalıdır və müvafiq kod alınmalıdır.

Tikinti obyektinin istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti orqanları: - tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi; tikinti obyektinin istismarına icazə verildiyi tarix və sərəncamın nömrəsi; tikinti obyektinin istismar təyinatı; tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı barədə sənəd və məlumatları 5 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edir və ən geci 3 gün ərzində bu məlumatlar reyestrin internet səhifəsində yerləşdirilir.

Həmçinin tikintiyə və istismara icazəyə dair məlumatlardan başqa sökülməsi nəzərdə tutulan tikinti obyektləri və ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlər, tikintisi başa çatmış məlumatlandırma icraatının tətbiq olunduğu obyektlər barəsində də məlumatlar Tikintilərin Dövlət reyestrinə təqdim olunur və Reyestrin internet səhifəsində yerləşdirilir.

D.Nuriyev çıxışının sonunda təəssüflə qeyd etdi ki, Tikintilərin Dövlət reyestri barədə Qaydaların təsdiqindən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ ki, “Tikintiyə icazə barədə” məlumatlar Komitəyə təqdim olunmur. Yalnız istismarla bağlı müraciətlər olunur ki, bu da obyektin kod alınmadan istismara qəbul olunmaması ilə bağlıdır. Ancaq xəbardarlıq üçün bildiririk ki, tikintiyə icazə veriləndən 10 gün müddətinə kodun alınması üçün müraciət olunmazsa gələcəkdə Komitə tərəfindən kod verilməyəcək və qanunvericilikdə bununla bağlı inzibati cərimənin nəzərdə tutulması planlaşdırılır.

Sonra o, zala müraciətlə əgər hər hansı məsələ barədə qaranlıq məqamlar qaldısa onları verilən suallar əsasında izah edə biləcəyini qeyd etdi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Əzimov söküntülərlə bağlı prosedur qaydaları barədə, Samux rayonunun baş memarı Əsgər Həsənov isə əsas perspektiv üçün nəzərdə tutulan şəhərətrafı torpaqların islahat zamanı çamaata kənd təsərrüfatı təyinatlı torpaqlar kimi verilməsinin bu gün yaratdığı problemlərin həlli yolları barədəki suallarını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və Komitənin şöbə müdiri Dilxoş Nuriyev cavablandırdılar.

Sonra söz Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova verildi.

Tribunaya qalxan C.Xanlarov belə bir tədbiri təşkil etdiyi üçün Abbas Ələsgərova öz təşəkkürünü bildirdi və qeyd etdi ki, bizim tikinti sektorunda olan bir çox məsələlərin, mövcud problemlərin həll olunması üçün belə tədbirlərin ən azı 6 aydan bir keçirilməsi məqbul olardı. Çünki, bu tam yeni bir Məcəllədir və bu qanunun əvvəlki sənədlərdən çox böyük üstünlükləri vardır. Doğrudur, bu sənəd də müəyyən məsələləri 100 faiz əhatə eləmir. Və təbii ki, bu qanunun icrası ilə əlaqədar ortaya çoxlu suallar çıxacaq, çatışmamazlıqlar olacaq və sizin köməkiliyinizlə bütün bu məsələlər öz həllini tapacaqdır. Siz yerlərdə rastlaşdığınız problemləri bizə bildirsəniz biz bu məslələri birlikdə müzakirə edib operativ qərar verəcəyik və mən inanıram ki, 2 – 3 il ərzində həll edilməmiş heç bir problemimiz qalmayacaq, bütün suallara cavab tapılacaqdır.

Sonda Cəbrayıl Xanlarov öz adından və Abbas Ələsgərovun adından rayon və şəhərlərin memarlarına bildirdi ki, Sizdən əsas istəyimiz budur ki, bu qanunları öxuyun, öyrənin, istifadə edin ki, gələcəkdə daha ciddi problemlərlə qarşılaşmayasınız.

Sonra Komitə sədri A.Ələsgərov sözü Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadəyə verdi və o, bu seminara dəvət olunduğu üçün minnətdarlığını bildirdi və dedi:

-Lazımlı görüşdür, Azərbaycanın bütün bölgələrini təmsil edən memarlar bu gün Komitəyə toplaşıblar və əminəm ki, onlar bu tədbirdən yeni ideya və fikirlərlə, yeni təəssüratlarla qayıdacaqlar. Baxıram sizə, əksəriyətiniz orta yaşdan yuxarı olan insanlarsınız. Peşəkarlıq, həyat təcrübəniz var, ancaq təəssülər olsun ki, mən bəzilərinizin üzündə ümidsizlik görürəm. Ancaq ümidsizliyə qapılmağa dəyməz. Həqiqətən böyük bir sənəd hazırlanıb, uzun müddət mütəxəssislər bunun üzərində çalışıblar və çox lazımlı, yerində və vaxtında hazırlanmış bir sənəddir və gələcəkdə Azərbaycanın şəhərsalma və memarlıq istiqamətinin inkişafı bu sənədə əsaslanacaqdır. Və sözsüz ki, bu sahədə siz baş memarların üzərinə böyük məsuliyyət düşür və Məcəllədən irəli gələn tələblərə ciddi riayət etməlisiniz.

Fasilədən sonra seminar öz işini davam etdirdi. Şəhərsalma sənədlərinin tərtibatı, tikinti layihələrinin ərazi planlaşdırılmasına uyğunlaşdırılması məsələləri, eləcə də digər məsələlər barədə əyani vəsaitlərlə kompüter lövhəsi qarşısında geniş fikir mübadiləsi və müzakirələr aparıldı.

Seminar iştirakçıları Komitənin foyesində təşkil olunmuş ərazilərin zonalaşdırma sxemlərinin reqlament cədvəli, şəhər və rayonların müfəssəl planlarının reqlamenti ilə də yaxından tanış oldular.

İşgüzar şəraitdə keçən seminarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov memarların Şəhərsalma və Tikinti Məcəlləsinin icrası, o cümlədən tikinti qaydaları və sənədləşmə ilə bağlı çoxsaylı suallarını ətraflı cavablandırdılar və tikinti sektorunda və şəhərsalma sahəsində ortaya çıxan cari problemlərin həlli yollarından bəhs etdilər.




geriyə