Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçısının müavinləri və baş memarları ilə növbəti görüş keçirilmişdir

21 iyul 2016

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrası ilə bağlı həmin rayonların İcra Hakimiyyəti başçısının müavinləri və baş memarları ilə növbəti görüş keçirilmişdir.

İclası giriş sözü ilə açan Komitə sədri Abbas Ələsgərov bildirdi ki,  Qərarın respublika ərazisində ilk dəfə olaraq reallaşdırılan “pilot layihə”yə aid hissədə icrası və bundan irəli gələn işlər barədə bu formatda müzakirələrin aparılması artıq ənənə halı almışdır. Növbəti iclasın keçirilməsində əsas məqsədin layihənin həyata keçirilməsinə başlanılmasından ötən 4 ay ərzində görülmüş işlər, Komitə və baş memarlar arasındakı birgə fəaliyyət, meydana çıxan çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət olduğu vurğulandı.

Komitə sədri qeyd etdi ki, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyələrinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda  məsuliyyətini artırmışdır. Bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunmuşdur. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır. Qeyd olundu ki, bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli,   bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir. Komitə tərəfindən tikinti nəzərdə tutulmuş 32 obyekt  üzrə planlaşdırma tövsiyələri razılaşdırılmışdır  və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalmışdır.  Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahatlığını dilə gətirdi.

Bir daha şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd etdi ki, bu göstəricilər hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğuladı. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada  müraciət olunduğunu iclas iştirakçılarına bildirdi.

Layihələrlə  bağlı sənədləşmə prosedurunun tam gözlənilməsi tədbirdə əsas müzakirə mövzularından biri idi. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq torpaqayırma sənədlərinin hazırlanması, hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması, ekspertiza və digər mərhələlər qısa zamanda başa çatdırılmalıdır.  Həyəcan doğuran ən başlıca məsələ bir sıra hallarda hazırlanan eskiz layihələrinin görülmüş planlaşdırma işlərinə uyğun gəlməməsidir. Eskiz layihəsinin heç bir hüquqi bazasının olmadığını, qanunvericiliklə nəzərdə tutulmadığını qeyd edən A.Ələsgərov bir neçə kobud faktlarla rastlaşdığını bildirdi. Belə ki, bir kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2-0,5 ha ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 16 mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar mövcuddur.

Sədr daha sonra bildirdi ki, Komitənin tabeliyində olan qurum planlaşdırma işlərini yerinə yetirərkən, hətta koordinat göstəricilərini də müəyyən edir, planlaşdırılan əraziləri müvafiq zonalara bölür, hər bir zona üçün isə müvafiq reqlament hazırlayır. Eskiz layihəsi isə ehtiyac olduğu təqdirdə məhz bundan sonra hazırlanmalı, müvafiq reqlamentə qeyd-şərtsiz uyğun olmalı, tikintilərin yalnız göstərilən ərazilərdə  yerləşdirilməsi təmin edilməlidir. Hazırlanan yekun tikinti layihəsində də bu tələblər tam şəkildə gözlənilməli və onun memarlıq hissələri razılaşdırma üçün Komitəyə təqdim edilməlidir.

Bir sıra hallarda reallıqda  başqa mənzərə ilə rastlaşdığını qeyd edən Komitə sədri eskiz layihələrini hazırlayan memarların səriştəsizliyindən, şablon layihələrdən istifadə etməsindən geniş bəhs etmişdir. Bu gün öz işinə etinasiz yanaşan bu layihəçilər standart olaraq 16 mərtəbəli binalar layihələndirməklə, bir çox hallarda isə artıq hazır olan layihələrinə kosmetik düzəlişlər etməklə öz işlərini bitmiş hesab edirlər. Г-şəkilli və yaxud 10-14 mərtəbəli bina layihələri bu gün  demək olar ki, yox səviyyəsindədir. 3D modellərin qurulması ilə bir sıra hallarda tikintidə qeyri-peşəkar olan investorların gözünə kül üfürməklə onlarda özləri barədə yüksək rəy yaratmağa çalışırlar. 3D modellər ayrı bir binanı təsvir etməklə yekunlaşmamalı, bütün dünyada olduğu kimi, onu  şəhərsalma baxımından tam xarakterizə etməlidir.

Təqdim edilmiş eskiz layihələrindəki fasadlar isə dözülməz vəziyyətdədir. A.Ələsgərov bu məsələdə heç bir güzəştin mümkün olmayacağını, fasadların estetik cəhətdən mükəmməl hazırlanmalı olduğunu və ümumi bir ansambl yaratmalı olduğunu kəskin şəkildə diqqətə çatdırdı.

“Nöqtəvi”, “pərakəndə” tikinti layihələri xroniki xəstəlik olaraq qalır. “Pilot layihə” çərçivəsində əgər qəzalı hər hansı bir binanın – məsələn yataqxananın, təxirəsalınmadan sökülməsinə ehtiyac yaranmışdırsa, onun yerində təcili bir yaşayış binasının tikintisinə razılıq verilməsi mümkündür. Lakin bu yalnız sonradan qısa bir zamanda müvafiq ərazinin planlaşdırma işlərinin yerinə yetirilməsi, ona qədər isə həmin ərazidə heç bir tikinti fəaliyyətinin həyata keçirilməməsi şərtilə mümkündür.   

Digər ağrılı məsələ bir pilləkən qəfəsində 7-8 mənzil yerləşdirilən yaşayış binalarının layihələndirilməsidir. Bu mənzillərin əksəriyyətinin bir otaqlı olması gələcəkdə bir sıra məişət problemlərinin yaranması gətirib çıxara bilər.  

Komitə sədri iclas iştirakçılarına müraciət edərək, onların bilavasitə yerlərdə gedən işlərlə tanış olduqlarını və bu səbəbdən də öz fikirləri ilə bölüşmələrinin səmərəli olacağını bildirdi. “Pilot layihə” reallıqda necə həyata keçirilir” sualına iclas iştirakçılarının səmimi  cavablarının önəmli olduğu xüsusilə vurğulandı.

Tədbirdə çıxış edənlər “pilot  layihə”nin əhatə etdiyi rayonarda aparılmış işlərdən bəhs etdilər. Qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi ilə bağlı prosedurların həyata keçirilməsi ilə bağlı müvafiq notariat və digər hərəkətlərin həyata keçirilməsinə dair görülmüş tədbirlər barədə məlumat verildi. 

Abbas Ələsgərov iclasa yekun vuraraq  Prezident İlham Əliyevin şəhərsalma ilə bağlı aşağıdakı fikirlərini bir daha diqqətə çatdırdı:  “Ayrı-ayrı məhəllələrin necə tikilməsini də yəqin siz müəyyən etməlisiniz. Yəni siz deməlisiniz ki, bu məhəllədə 10 bina, məsələn, beşi 16 mərtəbəli, üçü 14 mərtəbəli və s. olmalıdır. Orada bina tikmək istəyən sahibkar da bilsin ki, o, nə tikəcəkdir. Yəni belə olmamalıdır ki, oranı boşaltdı, yerində istədiyi səviyyədə nəsə tikdi, qalanı qaldı. Hər bir məhəllə üçün ayrıca layihə olmalıdır və siz də deməlisiniz ki, burada bu cür ev tikilməlidir”.

Komitə sədri bildirdi ki, məhəllələrin tikinti planlaşdırma layihələrinin (5 ha-ya qədər, lakin 1 ha-dan az olmamaqla)  əsas şəhərsalma normativləri əsasında hazırlanması tövsiyyə olunur. Daha sonra Komitənin tabeliyindəki qurumun planlaşdırma işini həyata keçirərək reqlament müəyyənləşdirdiyi ayrı-ayrı sahələr tikinti şirkətlərinə təklif olunmalı, oraqa yerləşdiriləcək obyetklər üzrə planlaşdırma həllərinin tələblərinə tam cavab verən eskiz layiləri hazırlanmalıdır. Bu zaman investorlarla işin bütün ağırlığı və məsuliyyəti  icra hakimiyyətlərinin öhdəsinə düşür.

Daha sonra müvafiq tövsiyələrə və metodiki materiallar olan qovluqlar baş memarlara paylandı və onları maraqlandıran suallar cavablandırıldı.

 

FOTOŞƏKİLLƏR




geriyə