Pilot layihə ilk nəticələrini verir

28 oktyabr 2016

Bakı şəhərinin Suraxanı,   Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötməkdədir. Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və ölkəmizin paytaxtı Bakı şəhərində həyata keçirilən bu böyük miqyaslı yenidənqurma işlərinin başlanması, ilkin nəticələr, qarşıya çıxan problemlər və onların həlli ilə bağlı görülmüş işlər, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu istiqamətdə fəaliyyəti barədə müəyyən fikirlər söyləməyə imkan verir.

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.   

Mübaliğəsiz deyə bilərik ki, qeyd olunan layihə müstəqillik dövründə tikinti sahəsində reallaşdırılan sosial yönümlü ən böyük tədbirlərdən biridir. 

Pilot layihənin unikallığı ilə bağlı onu qeyd etmək lazımdır ki, 5 il müddəti üçün nəzərdə tutulmuş bu Qərarın həyata keçirilməsinin yekunu olaraq yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulmuşdur. Eyni zamanda dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin nəticəsi olaraq meydana gəlmiş mövcud iqtisadi reallıqda tikinti sahəsində çoxsaylı yeni iş yerlərinin yaranması perspektivi də ölkəmiz üçün olduqca cəlbedicidir.

Qeyd etmək lazımdır ki, Qərarın 1.1-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonların ərazisindəki yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanaraq (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidirlər.

Bununla əlaqədar bu günədək rayon icra hakimiyyətləri tərəfindən Komitəyə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-i Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Qeyd edək ki, bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi bu günə qədər Azərbaycanda mövcud olmamışdır. Belə ki, ənənəvi olaraq qəbul olunmuş baş planlar, ərazinin müfəssəl planı kimi icrası mürəkkəb olan sənədlərin əvəzinə məhəllənin tikinti-planlaşdırma eskizi hazırlanmışdır. Məhəllənin tikinti-planlaşdırma eskizi 5 ha-dək ərazi üçün müəyyən olunmuşdur. Mövcud məlumatlar əsasında icra hakimiyyəti layihəçiyə müəyyən olunmuş küçələrin hüdudlarında məhəllənin planlaşdırılan tikintisinin hazırlığı üçün tapşırıq verir. Pilot layihələr üçün planlaşdırma həllərini əsasən Böyük Bakının regional inkişaf sxeminin, müfəssəl planların layihələri, eləcə də, bir sıra ərazi zonalaşdırılması sənədlərinin müəllifi olan Bakı Dövlət Layihə İnstitutu yerinə yetirir. Məhəllənin tikintisi üçün planlaşdırma həllinin eskizini yaradarkən onun aşağıdakılardan ibarət olması məsələsi qoyulmuşdur:

1.        İlkin baza-sökülməli olan bütün tikililər göstərilməklə topoqrafik planalma.

2.        İnşası nəzərdə tutulan tikililərin hündürlüyünün və torpaq sahəsində yerləşməsinin, qırmızı xətlərin, ayrılan torpaq sahələrinin koordinat göstəricilərinin, abadlaşdırma və yolların, şaquli planlaşdırmanın, təhlükəsizlik və ekoloji göstərişlərin şərtlərindən çıxış edərək müəyyən olunmuş məhdudiyyətlərin təsviri, texniki-iqtisadi göstəricilərlə birlikdə izahat vərəqi və nəhayət tikinti layihəsinin hazırlanması üçün 0,5 ha-dan az olmayaraq tikinti üçün ayrılan ayrı-ayrı sahələrin sərhədlərinə dair təkliflərlə torpaqdan istifadə planı ilə birlikdə baş plan.

Bütün bunlar pilot layihə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış sahələrin planlaşdırma göstərişinin hazırlanması zamanı nəzərə alınmışdır. Qeyd edilənlər praktiki olaraq tikinti layihəsinin hazırlanmasına başlamaq üçün memarlıq-planlaşdırma göstərişidir.

 Xüsusi ilə vurqulamaq istərdik ki, razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 ha-dan çoxdur. Adıçəkilən sənədlərdə söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılmış və Komitə tərəfindən razılaşdırılmışdır. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulmuşdur.

Ərazi planlaşdırma sənədlərinin 5 ha- dək ərazilər üçün (1 ha-dan az olmayaraq) hazırlanması təc­rübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Bakının mövcud məhəllələrinin (məhəllə dedikdə magistral yollarla, yaşayış küçələri, piyada xiyabanları, təbii və süni qurğularla hüdudlanmış yaşayış rayonunun bir hissəsi başa düşülür) böyük qisminin 0,5-dən 2 ha-dək ərazini əhatə etməsini nəzərə alsaq məhz bu tip ərazi planlaşdırma sənədlərinin hazırlanmasının paytaxtımızın gələcək inkişafını müəyyən etmək üçün ən uyğun vasitə olduğu qənaətinə gəlirik. Bu sənədlər bir növ əhatə etdikləri ərazilər üçün şəhərsalma reqlamenti rolunu oynayır. Belə ki, həmin sənədlərdə müvafiq ərazidə tikinti miqyasını müəyyən edən başlıca göstəricilər-tikinti əmsalı və tikinti sıxlığı əmsalı da (tikinti əmsalı bina və qurğular altında olan sahənin məhəllənin sahəsinə olan nisbətidir, tikintinin sıxlığı əmsalı isə bina və qurğuların bütün mərtəbələrinin sahəsinin məhəllənin sahəsinə olan nisbətidir) müəyyən edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən daim diqqətdə saxlanan pilot layihənin ərazi planlaşdırma sənədlərinin razılaşdırılması zamanı qarşıya qoyduqları ən başlıca vəzifə layihənin tikinti şirkətləri üçün cəlbediciliyinə xələl gətirmədən ərazidə məskunlaşacaq insanların təhlükəsizliyinin, onların  komfortlu həyat şəraiti üçün zəruri olan bütün infrastruktur obyektləri ilə təchizatının təmin edilməsi məqsədilə qüvvədə olan normativ sənədlərlə müəyyən edilmiş zəruri reqlamentlərinə riayət olumasına nəzarət etməkdir. Bunun üçün Komitə əməkdaşları tərəfindən müvafiq sahədə yaxın qonşularımızda, eləcə də digər dünya ölkələrində qəbul olunmuş norma və qaydalar bir daha diqqətlə öyrənilmiş və təqdim olunmuş hər bir sənəd xüsusi həssaslıqla araşdırılmış, tikinti sıxlığı əmsalının normadan artıq olmamasına xüsusi diqqət verilmişdir.  

Tam məsuliyyəti ilə deyə bilərik ki, memarlar yenidən qurulacaq ərazi və ərazi hissələrinin yuxarıda qeyd etdiyimiz qaydada hazırlanaraq Komitə tərəfindən razılaşdırılmış ərazi planlaşdırma sənədləri əsasında tam rahatlıqla tikiləcək obyektlərin vizuallaşdırılmasına- paytaxtımızın simasını daha da gözəlləşdirəcək obrazlar üzərində işə başlaya bilərlər.

Əvvəl qeyd edildiyi kimi, ərazisi 2 hektara qədər məhəllənin tikintisi üçün tikinti-planlaşdırma eskizinə ayrı-ayrı yaşayış tikintisi sahələri üçün torpaqdan istifadə planının sərhədləri əlavə olunur. Ayrı-ayrı yaşayış tikintisi sahələrinin ardıcıl tikintisi son nəticədə abadlaşdırma, yaşıllaşdırma və mühəndis təminatı elementləri ilə birlikdə həyət hissəsinin yaranmasını təmin edəcəkdir.

Bir hündürmərtəbəli binanı 30 sot ərazidə yerləşdirməklə bir hektarda belə ayrı-ayrı yaşayış tikintisi sahələrinin sayı tikilinin hündürlüyündən asılı olaraq 3 və ya 4 ola bilər.

Paralel olaraq, bəzən isə heç bir əsaslandırma olmadan, yerli icra hakimiyyətləri orqanlarının təşəbbüsü ilə, Komitə tərəfindən razılaşdırılmış planlaşdırma həllinə tam uyğun gəlməyən layihəqabağı mərhələnin həyata keçirilməsi məqsədəuyğun deyil.

Belə layihəqabağı mərhələlərdə zəruri informasiyanın tamlığı  50% qədərdir. İşin əsas həcmini isə bu binanın 3D-də olan təsviri təşkil edir.

Tikinti sıxlığı əmsalına tam riayət edilməlidir. 0,3 ha ərazidə 3 hündürmərtəbəli yaşayış binasının yerləşdirilməsi tövsiyyə olunarkən, bu yeni sahədə ayrılan torpaqlar kifayət etmir. Bu isə tikilinin istismarının təhlükəsizliyi baxımından yolverilməzdir.

Yalnız rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş torpaq sahələrinin sərhədləri və koordinat nişanları, qırmızı xətlər, planda gələcək tikililətin hündürlüyü və ölçüləri göstərilmiş məhəllənin tikinti-planlaşdırma eskizi layihəsi mövcud oldu­ğu halda, əsas göstəricilərdən biri olan tikinti sıxlığı əmsalına (və bir çox digərlərinə) riayət etməklə tikinti layihəsinin memarlıq hissəsinin tərkibində memarlıq-planlaşdırma həllini  tövsiyyə etmək və icra etmək olar (yalnız TLSS standartlarında tövsiyyə olunan tam həcmdə).

Nazirlər Kabinetinin adıçəkilən Qərarının 1.4-cü bəndinə müvafiq olaraq tikintiyə başlamazdan əvvəl inşa ediləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri razılaşdırılmaq üçün rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Komitəyə təqdim olunur.

Təqdim olunmuş layihələrdəki binaların fasadlarının həllinə gəldikdə, ədalət naminə qeyd etmək lazımdır ki, memarlarımızın bu sahədə fəaliyyəti təqdirəlayiqdir və paytaxtımızın simasının daha da gözəlləşməsinə xidmət edəcəkdir. Son 10 il ərzində cənab Prezident İlham Əliyevin şəhərsalmaya və memarlığa olan diqqəti və qayğısı nəticəsinə sovet dövründə tikilmiş binaların fasadlarının yenilənməsi ölkəmizə gələn bütün qonaqları valeh edir. Əminik ki, pilot layihənin reallaşması bu sahədəki nəaliyyətlərimizi daha da artıracaqdır.

Eyni zamanda qeyd etmək istərdik ki, Nazirlər Kabinetinin adıçəkilən Qərarının qəbul edilməsindən keçən qısa müddət ərzində yeni yaşayış binalarının tikintisinə artıq başlanılmışdır.

Pilot layihənin uğurlu start götürməsini məmnunluq hissi ilə qeyd edərək bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olaraq layihənin uğurla davam etməsi üçün bütün bacarıq və səylərimizi səfərbər edəcəyik, bununla belə binaların fasadlarının estetik səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərəcək, ən vacibi isə yaşayış binalarının təhlükəsizliyinin, ekoloji-sağlam mühit formalaşdırmasının, tam funksionallığının, orada məskunlaşacaq sakinlərin həyat şəraitinin ən yüksək tələblərə cavab verməsinin təmin olunması istiqamətindəki nəzarət fəaliyyətimizi daha da artıracağıq.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi

FOTOŞƏKİLLƏR




geriyə