Yaqub Abbasəli oğlu İsmayılov – 100 il

21 noyabr 2016

Noyabrın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Yaqub Abbasəli oğlu İsmayılovun anadan olmasının 100 illik yubileyi münasibəti ilə geniş  tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Komitənin sədri Abbas Ələsgərov açaraq  bildirdi ki, görkəmli inşaatçı, işlədiyi dövr ərzində tikintidə böyük pozitiv iz qoymuş Yaqub İsmayılov 16 il Dövlət Tikinti və Arxitektura Komitəsinin rəhbəri vəzifəsində çalışmış və bu müddətdə özünü bacarıqlı, peşəkar mühəndis, təvazökar insan və eyni zamanda böyük məsuliyyətli rəhbər kimi göstərmişdir.

Tədbirdə çıxış edən Eldar Nuriyev, Dadaş Asanov, Rasim Əliyev, Nizami Nağıyev, Azər Xanlarov və digərləri Yaqub İsmayılovun fəaliyyətindən və onun haqqında xatirələrindən danışdılar.

 Yaqub İsmayılovun oğlu Əhməd İsmayılov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Yaqub Abbasəli oğlu İsmayılov 21 noyabr 1916-cı ildə Gəncə şəhərində anadan olmuşdur.

1930-cu ildə yeddi illik məktəbi uğurla bitirən Yaqub İsmayılov təhsilini Gəncə Sənaye texnikumunda davam etdirmişdir. 1935-ci ildə texnikumu btirdikdən sonra texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilmiş və 1941-ci ildə Tbilisi Sənaye İnstitutunun inşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə Bakıya, Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində olan “Azərdövləttikinti” trestinin sərəncamına göndərilən  Yaqub İsmayılov 1941-1954-cü illər arasında bu trestdə iş icraçısı, istehsalat-texniki şöbəsinin rəisi vəzifələrində çalışaraq trestin baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdir.

O, 1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin edilmiş və burada 1956-cı ilə kimi çalışmışdır.

Yaqub İsmayılov 1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni təşkil olunan "Bakıbaştikinti" İdarəsinin baş mühəndisi, 1957-ci ildə Azərbaycan SSR Tikinti Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.  

1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan SSR tikinti naziri təyin olunan Yaqub İsmayılov 1962-ci ilə kimi bu vəzifədə çalışmışdır. 

 1962-ci ildə Yaqub İsmayılov çox mühüm bir sahəyə - respublika üzrə inşaatda texniki siyasəti müəyyən edən bir quruma - Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunmuş və  1978-ci ilədək-16 il bu vəzifədə çalışmışdır.

 Yaqub İsmayılov Azərbaycan Kommunist Partiyasının  XXV, XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi və Azərbaycan KP MK-nın Təftiş Kommissiyasının üzvü olmuşdur. Dəfələrlə Bakı şəhər Sovetinin deputatı olmuş və VI, VII, VIII və  IX  çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 

Yaqub İsmayılov 1978-ci ildə, 62 yaşında olarkən səhhəti ilə əlaqədar təqaüdə çıxmış və bir neçə ay aktiv fəaliyyətdən uzaqlaşsa da ancaq o, elmi fəaliyyətini davam etmək qərarına gəlmiş və 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Bakı şəhərində fəaliyyət göstərən "Beton və dəmir-beton" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

1983-cü ilin oktyabrın 3-də Yaqub Abbasəli oğlu İsmayılov 67 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdir.

FOTOŞƏKİLLƏR




geriyə