Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun “İnşaatçı” qəzetinə müsahibəsi

21 aprel 2017

2017-ci ilin aprelin 10-da ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev inşaat sektorunda müşahidə olunan canlanmanı təqdirəlayiq hal kimi dəyərləndirərək son zamanlar bu sahədə görülmüş işlərin, zamanında qəbul edilmiş qərarların müsbət nəticələr verdiyini, paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binaların söküldüyünü və həmin ərazidə gözəl memarlığı ilə seçilən hündürmərtəbəli yaşayış evlərinin tikildiyini diqqətə çatdırdı.   

Komitə ötən müddətdə bu istiqamətdə nə kimi işlər görə bilmişdir?

 “İnşaatçı” qəzeti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova bir neçə sualla müraciət edib.

Aşağıda hörmətli sədrlə söhbəti oxuculara təqdim edirik:

-Bildiyiniz kimi Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident İlham Əliyev bu il inşaat sektorunda canlanma müşahidə edildiyini və paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binaların söküldüyünü diqqətə çatdırdı. Bilmək istərdik ki, Komitə tərəfindən bununla bağlı ötən dövr ərzində hansı işlər görülmüşdür və vəziyyət nə yerdədir?

-Qeyd etmək lazımdır ki, inşaat sektorunun inkişafı, şəhər və rayonların tikilib-qurularaq abadlaşdırılması, həmçinin əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması hər zaman möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident bir daha tikinti sektorunun inkişafı və əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılmasına diqqət çəkərək, Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikildiyini, Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sahibkarlar tərəfindən sökülərək köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikildiyini qeyd etdi. Ölkə başçısının inşaat sektorunun inkişafına belə yüksək diqqət və qayğısı bizi çox sevindirir.

Məlum olduğu kimi, Komitə Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrasında yaxından iştirak edir və müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılmasını həyata keçirir.

Qeyd olunan Qərarın qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırlmışdır. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir.

Artıq real olaraq söküntü işlərinə və əhalinin köcürülməsinə başlanılmışdır. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir.

5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bu günkü templə davam edərsə uğurla həyata keçiriləcəkdir.

- Tikintinin bu növünü sosial mənzillərin tikintisi və istismarına aid etmək olarmı?

-Əlbəttə, olar. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Bu layihələrin icrası sosial mahiyyət kəsb etməklə yanaşı, həm də şəhərimizin gözəlləşməsinə xidmət edir”. Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir.

Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər.

Bunu, sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar. Çünki, köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə, həmin problemləri vaxtında həll edə biləcək sosial yönümlü vacib tədbirlərdəndir.

Bizdə olan məlumata görə xaricdə sosial mənzillər, hündürlüyü 3 mərtəbədən çox olmayan və əsasən bir mərtəbədə bir neçə mənzilli koridor tipli yığcam mənizillər nəzərdə tutulur və belə tikililər massiv şəklində şəhər ətrafında aparılır.

 

“İnşaatçı” qəzeti




geriyə