5 il ərzində reallaşdırılacaq “Pilot Layihə” 50 minə yaxın paytaxt sakininin rahat yaşayış şəraiti olan mənzillərlə təmin olunmasına şərait yaradacaqdır

05 iyun 2017

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun “Pilot layihə”lərin həyata keçirilməsi ilə bağlı 2 iyun 2017-ci ildə Komitədə Bakı şəhərinin 9 rayonunun İcra hakimiyyəti nümayəndələrinin, layihə institutları və aparıcı layihə təşkilatlarının mütəxəssislərinin iştirakı ilə keçirilən iclasında çıxışı

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Pilot Layihə” kimi azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı müvəffəqiyyətlə həyata keçməkdədir. Layihə beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürməsini nəzərdə tutur.

Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri Komitə tərəfindən razılaşdırılmış 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvarı tipli tikinti kimi) başlanılmışdır. Məlum olduğu kimi “Pilot layihə”-nin əsas məqsədlərindən biri də təkcə yeni yaşayış binalarının ucaldılması deyil, həmçinin azmərtəbəli və yaşayış üçün yararsız tikililərin əsaslı söküntüsünü aparmaqla  ərazinin abadlaşdırılmasının da təmin edilməsidir. Lakin ərazinin abadlaşdırılması (renovasiyası) zamanı bəzi çətinliklər meydana çıxır.

Məlum olduğu kimi ərazinin tikinti-planlaşdırma eskizləri ilə bərabər inşa ediləcək binaların memarlıq-planlaşdırma bölmələri də hazırlanır ki, mərtəbəliliyinə, tikinti sıxlığına görə bəzən bu sənədlərdə uyğunsuzluqlar olur.

Tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulmuşdur ki, tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır.

Bugün bəzi tikinti təşkilatlarının fəaliyyəti müəyyən narahatlıqlar yaradır. Bəzi hallarda planlaşdırma sənədində söküntü nəzərdə tutulmuş ərazidə qismən söküntü işləri aparılaraq ətrafdakı əhali üçün təhlükə yaratmaqla tikinti işlərinin aparılması faktları mövcuddur.

Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əsasən tikinti işlərinə başlamazdan əvvəl hazırlıq işləri aparılmalı, meydançadaxili və meydançadan kənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Bu baxımdan tikintinin və həmin ərazidəki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilk növbədə 1 ha söküntü ərazisinin nəzərdə tutulması, həmin ərazidəki əhalini kirayə edilmiş mənzillərdə yerləşdirməklə, yararsız tikililərinin söküntüsü başa çatdıqdan sonra yeni binaların  tikintisi işlərinə başlanması tövsiyə olunur.

Yerli İcra Hakimiyyətlərinin tövsiyələri əsasında hazırlanan planlaşdırma sənədləri 1 ha-dan 5 ha-a qədər ərazini əhatə etməlidir. Tikinti üçün torpaq sahəsi ayrılan zaman, eləcə də, sakinlər ilə müqavilələr bağlanan zaman Yerli  İcra hakimiyyətləri tərəfindən 1 hektar ərazinin minimal və əsas göstərici olaraq müəyyən edilməsi məqsədəuyğundur.

Məlum olduğu kimi Komitənin Kollegiyasının 13 yanvar 2017-ci il tarixli  qərarı ilə ərazidən istifadə intensivliyini xarakterize edən tikinti sıxlığı və tikinti faizinin tövsiyə olunan göstəriciləri təsdiq olunmuşdur. Yerli İcra Hakimiyyəti orqanları və layihəçilər məhz bu göstəricilərə əsaslanmalıdırlar.

Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (m2/ha) və 1 hektar ərazi vahidinə 25000 m2 ümumi sahə kimi normallaşdırılır. Bu göstəriciyə əsasən 1 hektar ərazidə  təxmini olaraq 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina; 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası; 8-10 mərtəbəli 2 girişli üç yaşayış binalarının yerləşdirilməsi anlamına gəlir. Eyni zamanda, 1 hektar ərazi vahidinə düşən yaşayış binalarının tikinti altı sahəsi birinci halda - 1500 m2; ikinci halda- 2000 m2; üçüncü halda-2500 m2 təşkil etməlidir.

Bəzi hallarda, eyni tikinti sıxlığı halında tikinti altı sahəsi iki dəfə çox olmaqla altı ədəd 10 mərtəbəli yaşayış binasının yerləşdirilməsi mümkün olduğu halda əvəzinə nöqtəvarı tikinti kimi üç 16 mərtəbəli binanın tikintisinə üstünlük verilməsi təəccüb doğurur.

Qeyd etmək lazımdır ki, müvafiq ədəbiyyatlarda yüksəkmərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr vardır. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına, komfortluğuna və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir.

Eyni zamanda, 1 ha ərazi vahidində 10 mərtəbəli binaların  tikintisinin  maya dəyərinin daha yüksək mərtəbəli binaların tikintisinə nisbətən 10%-ə qədər az olması, yaşayış binalarının isə daha az müddətlərdə mərhələli şəkildə istifadəyə verilməsi kimi üstünlükləri də məlumdur.

Rayonların baş memarları fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının, tikinti üçün ayrılmış 1 ha-dan az olmayan torpaq sahəsinin, sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər.

Tikinti üçün ayrılan minimum 1 ha ərazi üçün mərtəbəliliyin reqlamenti layihələndirmədən öncə müəyyən olunmalı, hazırlanan tikinti-planlaşdırma eskizləri tikinti sıxlığı və tikinti əmsalı normaları gözlənilməklə məhz 1 ha-dan az olmayan ərazi üçün nəzərdə tutulması önəmli olmalıdır. Təəssüf ki, bu gün  şəhərsalma norma və qaydalarına uyğun olmayan ərazi planlaşdırma sənədlərinin və binaların müvafiq memarlıq-planlaşdırma bölmələrinin işlənilməsinə rast gəlinir ki, Komitə tərəfindən onlarla belə layihə  yenidən işlənməsi üçün geri qaytarılmışdır.

FOTOŞƏKİLLƏR

1 HA ƏRAZİ ÜÇÜN TÖVSİYYƏ OLUNAN TİKİNTİ-PLANLAŞDIRMA ESKİZİ NÜMUNƏLƏRİ

BƏZİ RAYONLAR ÜZRƏ MÖVCUD TİKİNTİ-PLANLAŞDIRMA ESKİZİ NÜMUNƏLƏRİ

   

 




geriyə