Azərbaycanla Fransa arasında şəhərsalma sahəsində əməkdaşlıq genişləndirilir

23 noyabr 2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri cərçivəsində 2017-ci il martın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu”nun icrası məqsədi ilə noyabrın 23-də ilk ikitərəfli görüş keçirilmişdir.

Görüşdə Fransa tərəfindən Fransa Respublikasının Ərazilərin Bərabərliyi Nazirliyinin “Davamlı Şəhər” layihəsinin direktoru, qeyd olunan Niyyət Protokolunun Fransa tərəfindən olan koordinatoru və nümayəndə heyətinin rəhbəri Erve Buagiyom, Fransanın Ərazilərin Bərabərliyi Nazirliyinin Baş Komisarlığının Beynəlxalq əməkdaşlıq üzrə direktoru Lük Faraldi, Fransa Memarlarının İxrac Assosiasiyasının Baş katibi Medlen Ubar, Bordo metropol ərazisinin dəyərləndirilməsi Baş idarəsinin baş direktorunun müavini Mişel Laru Şarluz və Fransanın ölkəmizdəki səfiriliyinin əmədaşı Maksim Jebali, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən isə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov, Komitənin Aparatının rəhbəri, sözügedən Niyyət Protokolunun Azərbaycan tərəfindən koordinatoru Ağamirzə Canmirzəyev, Komitənin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov, Komitənin tabeliyindəki institutların direktorları Süleyman Cabbarov və Abdi Qarayev və Komitənin aidiyəti mütəxəssisləri iştirak etmişdir.

Görüşdə Komitənin fəaliyyəti və şəhərsalma, şəhərsalma kadastrı, şəhərsalmada normativ tənzimləmə sahəsində görülmüş işlər barədə, həmçinin  Fransada şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri, “Böyük Paris” layihəsi, Fransada şəhərlərin yenidənqurulması sahəsində mövcud təcrübə barədə məlumatlar qarşılıqlı olaraq diqqətə çatdırıldı.

Daha sonra hər iki ölkənin nümayəndə heyətləri tərəfindən maraq doğuran mövzular ətrafında geniş müzakirələr aparılmış və tərəflər arasında imzalanmış Niyyət Protokolunun müddəları üzrə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəhərsalma və memarlıq üzrə Azərbaycandan olan mütəxəssislərin Fransada ixtisasartırma kursalarında iştirak imkanlarının təşviq edilməsi qərara alındı. 

FOTOŞƏKİLLƏR




geriyə