Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat etmişdir

19 fevral 2018

Abbas Ələsgərov 18 fevral 2018-ci il tarixində axşam saatlarında vəfat etmişdir.

Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

Abbas Ələsgərov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis kimi başlamış, 1961-ci ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis və usta vəzifələrində çalışmışdır.

O, 1961-1962-ci illərdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, 1962-1976-cı illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 1976-1977-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli Trestinin 42 nömrəli Tikinti İdarəsində baş mühəndis, 1977-1982-ci illərdə SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 1982-1983-cü illərdə "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunda direktor, 1983-2007-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Abbas Ələsgərov 4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışırdı.

Abbas Ələsgərov uzun illər Azərbaycan memarlığının inkişafı üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində bir sıra ölkə əhəmiyyətli layihələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. O, Bakı şəhərinin sonuncu Baş Planının müəlliflərindən biri idi. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olan “Bakıdövlətlayihə” İnstitutu “Böyük Bakının Regional İnkişaf Planı”nı onun rəhbərliyi altında hazırlamışdır.  

Abbas Ələsgərov 7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. O, bu beş ildə Azərbaycan Memarlar İttifaqının itirilmiş nüfuzunun qaytarmış, bu qurumun yaradıcılıq ittifaqları arasında öz layiqli yerini tutmasını, gənc memarlar üçün dayaq nöqtəsi, yaradıcılıq məktəbi olmasını təmin edə bilmişdir.

O, tikinti kompleksindəki uğurlu işlərinə görə 1971-ci ildə “Şərəf Nişanı”, 1986-cı ildə “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur. 1987-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür. Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə  2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar memarı” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 Allah rəhmət eləsin!




geriyə