Xocalı soyqırımından 26 il ötür

23 fevral 2018

Fevralın 23-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tədbir keçirilmişdir.

Tədbiri Komitənin sədr müavini Dövlətxan Dövlətxanov açdı və bidirdi ki, ermənilərin törətdiyi Xocalı soyqırımı erməni millətinin iç üzünü açaraq öz əleyhinə işlədi və zamanla bütün dünya dövlətləri Xocalı soyqırımı haqda həqiqətləri öyrənərək bu faktı soyqırımı kimi tanımağa başladı.

Tədbirdə çıxış edən Komitənin şöbə müdirinin müavini Fəxri Aydəmir tarix boyu, xüsusən də XX əsrin əvvəllərində və sonunda ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliam və soyqırımdan, ermənilərin Azərbaycan qarşı təcavüzündən və bunların ən dəhşətlilərindən biri olan Xocalı soyqırımı barədə ətraflı danışaraq qeyd etdi ki, dünyada Xocalı soyqırımı ilə bağlı hələ də ədalətli qərar qəbul edilməsə də, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində artıq dünyanın bir çox dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatı və bir çox dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımı tanınmışdır. Xocalı soyqırımı heç vaxt unudulmamalı və bununla bağlı həqiqətlər gənc nəslə və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Sonra çıxış edən Komitənin şöbə müdiri Nərmin Bayramova Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirdi və bu soyqırımı haqqında həqiqətlərin dünyada bildirilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası tərəfindən geniş işlər görüldüyünü vurğuladı.

Komitənin digər əməkdaşları Fəyyaz Şükürov və Sahib Məmmədov da Xocalı soyqırımı haqqında çıxış edərək bu qəddarlığın heç vaxt unudulmamasını bildirdilər.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımından bəhs edən film nümayiş olundu.

FOTOŞƏKİLLƏR




geriyə