Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində iştirak edir

10 iyul 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti 08-12 iyul 2018-ci il tarixlərində Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində (“Urban Sustainability Week”) iştirak edir.

Şəhər Dayanıqlığı Həftəsi çərçivəsində Dünya Şəhərləri Sammiti (“World Cities Summit”), Sinqapur Beynəlxalq Su Həftəsi (“Singapore International Water Week”) və Sinqapur Təmiz Ətraf Mühit Sammiti (“CleanEnviro Summit Singapore”) kimi iri beynəlxalq tədbirlər, habelə şəhərsalmanın planlaşdırılması, təşkili və davamlı inkişafın təmin olunması kimi mövzularda digər çoxsaylı sahəvi təqdimat və müzakirələr keçirilir. Nazirlər, şəhər merləri, biznes liderləri və ekspertlər də daxil olmaqla bütün qitələri təmsil edən minlərlə insanı bir araya gətirən Şəhər Dayanıqlığı Həftəsi, urbanizasiya və şəhərlərin idarə olunması üzrə dünyanın ən iri beynəlxalq tədbirlərindən biridir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə şəhərsalmanın planlaşdırılması sahəsində fəaliyyətində müasir qlobal tendensiyaların və bu sahədə qabaqcıl dünya təcrübəsinin nəzərə alınmasına xüsusi önəm verir.

Sözügedən beynəlxalq tədbir komfort yaşayış məkanı olan və dayanıqlı inkişaf modellərinə malik şəhərlərin formalaşdırılmasında müasir çağırışlarının qarşılanması üzrə təcrübə mübadiləsi üçün əhəmiyyətli bir platformadır. Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində iştirak bu sahədə dünyanın ən uğurlu təcrübə nümunələrinin öyrənilməsi, aidiyyəti əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün geniş imkanlar açır.




geriyə