Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 100 gün ərzində fəaliyyəti

01 avqust 2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasından üç aydan artıq zaman ötür. Ölkə başçısının 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə təyin olunan yeni hökumət üzvlərindən biri də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevdir. Ötən 100 gün ərzində Komitənin yeni sədrinin rəhbərliyi altında təşkilatın institusional inkişafı və kadr potensialının möhkəmləndirilməsi ilə yanaşı bir neçə fəaliyyət istiqamətləri üzrə əhəmiyyətli addımlar atılmışdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin əsas məqsədi şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və memarlıq sahələrində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komitə qarşısında qoyulan prioritet vəzifələrdən biri ölkədə ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təkmilləşdirilməsi işinin sürətləndirilməsini təmin etmək, bu işi qabaqcıl dünya standartlarına uyğun təşkil etməkdir. Bu prosesdə Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni həyatında müstəsna rolu olan paytaxt Bakının baş planının hazırlanması və bununla da şəhərin planlı və sistemli inkişafının təmin olunması xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Komitə tərəfindən bu istiqamətdə daha öncə başlanmış işləri bərpa etmək və prosesi aparıcı beynəlxalq təcrübə nəzərə alınaraq davam etdirmək məqsədilə ötən qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Bununla yanaşı şəhərsalma sahəsində uğurlu təcrübəyə malik olan bir çox qlobal şirkətin fəaliyyəti təhlil olunmuş, birbaşa əlaqələr yaradılmış, görüşlər təşkil olunaraq mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesini beynəlxalq standartlara uyğun təşkil edilməsi və paytaxtın baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston  Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini əməkdaşlığa cəlb etdi.

1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. Komitənin bu tərəfdaşı ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırmışdır.

Bakı şəhərinin baş planının hazırlanması işininin birinci mərhələsində paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil olunmasına başlanılıb. Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılır, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndirilir, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənir. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunur, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilir. Eyni zamanda, hazırda Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurəti də dəyərləndirilməkdədir.

Paytaxtın baş planının işlənməsi ilə bağlı hazırda görülən işlər çərçivəsində şəhərsalma və memarlıq planlaşdırılması, abidələrin qorunması, mühəndis kommunikasiya, sosial infrastruktur, ekoloji məsələlər və digər sahələr üzrə yüksək ixtisaslı, peşəkar xarici və yerli təşkilatların və ekspertlərin cəlb olunması üçün müvafiq layihə tapşırıqları və tələblərin hazırlanmasına da start verilmişdir.

Növbəti ikinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə fəaliyyətində müasir qlobal tendensiyaları və bu sahədə qabaqcıl dünya təcrübəsini öyrənmək məqsədilə aidiyyəti xarici dövlət qurumları ilə də ikitərəfli əlaqələrin qurulmasına, şəhərlərin planlaşdırılması və inkişafı sahəsində fəaliyyət göstərən təşkilatlar üçün əməkdaşlıq platforması yaradan beynəlxalq tədbirlərdə iştiraka xüsusi önəm verir.

Şəhərsalmanın planlaşdırılması, dayanıqlı və rahat yaşayış məkanlarının, müasir şəhər infrastrukturunun yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin formalaşdırılması və reallaşdırılması sahəsində özünəməxsusluğu və uğurlu inkişaf modeli ilə seçilən ölkələrdən biri də Sinqapur Respublikasıdır. Ötən müddət ərzində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sinqapur Respublikasının Milli İnkişaf Nazirliyi arasında əlaqələr yaradılmış, təcrübə mübadiləsinə başlanılmışdır.

Milli İnkişaf Nazirliyinin fəaliyyətinin əsas istiqamətləri ölkədə şəhərsalma və tikinti sahəsini tənzimləmək, dayanıqlı yaşayış mühitini formalaşdırmaq, insan kapitalını inkişaf etdirmək, Sinqapurun bilik, mədəniyyət və mükəmməllik şəhəri kimi dünyada tanıtmaqdır.

Milli İnkişaf Nazirliyi kifayət qədər geniş struktura malikdir və tabeliyində fəaliyyət göstərən qurumlar sırasında Bina və Tikinti İdarəsi (“Building and Construction Authority”), Mənzil İnşaatı və İnkişaf Şurası (“Housing & Development Board”), Milli Parklar Şurası (“National Parks Board”), Şəhər Yenidənqurma İdarəsi (“Urban Redevelopment Authority”), Yaşayış üçün Münasib Şəhərlər Mərkəzi (“Centre for Liveable Cities”), Peşəkar Mühəndislər Şurası (“Professional Engineers Board”) və s. nümunə kimi gətirilə bilər.

Ötən müddət ərzində Sinqapurun Milli İnkişaf nazirinin dəvəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində (“Urban Sustainability Week”) iştirak etmişdir.

Nazirlər, şəhər merləri, biznes liderləri və ekspertlər də daxil olmaqla bütün qitələri təmsil edən minlərlə insanı bir araya gətirən Şəhər Dayanıqlığı Həftəsi, urbanizasiya və şəhərlərin idarə olunması üzrə dünyanın ən iri beynəlxalq tədbirlərindən biridir. Sinqapur Respublikası Hökumətinin təşəbbüsü olan Şəhər Dayanıqlığı Həftəsi çərçivəsində Dünya Şəhərləri Sammiti (“World Cities Summit”), habelə yaşayış məkanlarının səmərəli idarə olunması və davamlı inkişafının müxtəlif aspektlərini əhatə edən bir çox digər iri beynəlxalq tədbirlər, habelə şəhərlərlə bağlı müxtəlif sahəvi sərgilər, forumlar və təqdimatlar təşkil edilir.

Azərbaycan nümayəndə heyətinin Dünya Şəhərləri Sammiti və onun çərçivəsində təşkil olunan digər tədbirlərdə iştirak edərək dünyanın ən uğurlu təcrübə nümunələrinin öyrənilməsi, bir çox meqapolislərin rəhbərləri ilə əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əlverişli imkan əldə etdi. Bununla yanaşı, sammit çərçivəsində təşkil olunan çoxsaylı paralel sessiyalar sırasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təşkili, o cümlədən Bakı şəhərinin baş planının hazırlanması üzrə hazırda aparılan iş baxımından xüsusi maraq doğuran “Şəhərlərin planlaşdırılması və idarə olunması”, “İnklüziv cəmiyyətlərin formalaşdırılmasında baş planların rolu”, “Şəhər dayanıqlığının ətraf mühit və iqtsadiyyat aspektləri”, “Sosial innovasiyalar – dövlət-özəl-insan (“3P – public-private-people”) əməkdaşlığı”, “Şəhərlədə innovasiyaların və informasiya texnologiyalarının tətbiqinin rolu” və s. mövzularda keçirilmiş sessiyalar və panel müzakirələri vurğulana bilər.

Səfər çərçivəsində qeyd olunanlarla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Sinqapur Respublikasının Milli İnkişaf naziri, Bina və Tikinti İdarəsinin baş icraçı direktoru, Mənzil İnşaatı və İnkişaf Şurasının baş icraçı direktoru və Şəhər Yenidənqurma İdarəsinin baş icraçı direktoru ilə rəsmi görüşlər keçirilmiş, hər qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə olunmuş, Komitə ilə müvafiq sahələrdə, o cümlədən ərazi planlaşdırma sənədlərinin, şəhərsalma norma və qaydalarının işlənməsi və tətbiqi və s. istiqamətlərdə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılmışdır.

Səfər çərçivəsində Sinqapurun və dünyanın bir çox digər iri şəhərlərinin sözügedən sahədə böyük təcrübəsi barədə əldə olunmuş məlumat təhlil olunaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin gələcək fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə istifadə olunur.

Bununla yanaşı, ölkədə şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və həyata keçirilməsinə dövlət nəzarətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vahid dövlət siyasətinin həyata keçirilməsi işinin təşkili məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığın təşkili istiqamətində də addımlar atılmışdır.

Hesabat dövrü ərzində qurumlararası əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində əldə olunmuş nəticələrdən biri kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi arasında Məlumat Mübadiləsi haqqında Əməkdaşlıq Memorandumunun imzalanması nümunə gətirilə bilər. Memorandum iki qurum arasında əməkdaşlıq istiqamətlərini, iktərəfli əlaqələrin inkişafı perspektivlərini müəyyən edir və hər iki qurum arasında təşkil olunan əməkdaşlığın, müvafiq sahədə dövlət idarəetməsinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyətə malikdir. Bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat mübadiləsi şəhərsalma və tikinti üzrə dövlət tənzimlənməsi sahəsinin inkişafı üçün praktiki əhəmiyyət daşıyır.

Bu gün ölkəmizin paytaxtı və rayonlarında geniş abadlıq-quruculuq layihələri reallaşdırılır, yeni yaşayış məskənləri salınır, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində böyük işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında başlıca vəzifə kimi qoyulmuşdur. Bu vəzifəni yerinə yetirmək məqsədilə Komitə tərəfindən işində müasir informasiya texnologiyalarının və innovativ yanaşmanın tətbiqinə, vahid mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması və inteqrasiyasına xüsusi diqqət ayrılır.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə sözügedən əməkdaşlığın təşkili hər iki qurumun fəaliyyət sahələri üzrə mövcud və gələcəkdə əldə olunacaq məlumatların vahid formata uyğunlaşdırılmasına, dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasının təmin edilməsinə və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gündəlik fəaliyyətində Azərbaycan Respublikasının hökumət üzvləri və digər dövlət təşkilatları ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın səmərəliliyinin artırılmasına xüsusi diqqət ayırır və bu istiqamətdə işlərini davam etdirir.

Ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısınının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mövzu ilə bağlı hökumət üzvlərinə məsələ ilə bağlı verilmiş tapşırıqlar bunu bir daha təsdiqlədi.

Şəhərsalma normalarına riayət olunmasına nəzarətin gücləndirilməsi və Bakı şəhərində qanunsuz tikinti fəaliyyətinin qarşısının alınması ilə bağlı ölkə başçısının göstərişlərini yerinə yetirmək məqsədilə ötən müddət ərzində Komitə tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, şəhərsalma nəzarəti ilə bağlı görülən işlər bir neçə istiqamətdə təşkil olunmuşdur.

İlk növbədə, hazırda yerli icra hakimiyyəti orqanları tərəfindən Komitəyə, o cümlədən Tikintilərin Dövlət Reyestrinə daxil olunmaq üçün təqdim olunan ərazi planlaşdırılması sənədləri kameral qaydada təhlil edilir, onların şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verməsinə ciddi nəzarət aparılır.

Bununla yanaşı, Komitənin 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, habelə Komitəyə daxil olan ərizə və şikayətlər, həmçinin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar əsasında növbədənkənar qaydada yerli icra hakimiyyəti orqanlarında araşdırma aparılır və müvafiq ərazilərə baxış keçirmək yolu ilə səyyar qaydada şəhərsalma nəzarəti həyata keçirilir.

Komitə tərəfindən təşkil olunmuş şəhərsalma nəzarəti tədbirləri nəticəsində bir çox hallarda tikintiyə icazə proseduru başa çatdırılmadığına və tikintiyə icazə verilmədiyinə baxmayaraq, paytaxtın müxtəlif rayonlarında ərazidə tikintiyə hazırlıq işlərinin, bəzi hallarda isə hətta tikinti işlərinin də aparıldığı müəyyən edilmişdir. Bununla yanaşı, tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin sifarişi ilə hazırlanan ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilməsi faktları aşkarlanmışdır.

Belə hallarda tikintiyə icazə verilməsindən imtina edilməsi ilə bağlı Komitə tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan “Göstəriş”lər göndərilir. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan tikintinin aparılması halları aşkar edildikdə bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı aidiyyəti nəzarət və hüquq-mühafizə orqanları ilə birlikdə ciddi tədbirlərin görülməsi təmin edilir.

Bu prosesdə Komitə tərəfindən ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılır, məhəllə sakinlərinin ümumi istifadəsində olan və digər ictimai ərazilərdə qeyri-qanuni tikinti işlərinin aparılması cəhdləri ilə bağlı Komitəyə daxil olan müraciətlər əsasında dərhal araşdırma aparılır, müvafiq dövlət orqanlarının dəstəyi ilə Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısı alınır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunan vəzifələrin bundan sonra da ləyaqətlə yerinə yetirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səmərəli fəaliyyətinin təşkili üzrə işlər qurumun bütün imkanları səfərbər olunaraq davam etdirilməkdədir.




geriyə