Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatı

29 avqust 2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi məqsədi ilə görülən işlər prioritet məsələlər sırasında olmaqla, inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır.

Eyni zamanda, dövlət başçısının qanunsuz tikililərə şərait yaradan halların araşdırılaraq təqsirkar şəxslərin ciddi cəzalandırılması ilə bağlı göstərişlərinə uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqəli şəkildə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.




geriyə