İnşaat və memarlığın tərəqqisinə xidmətdə keçən otuz il

23 oktyabr 2014

Hal-hazırda respublikamızda binaların müasir memarlığı və konstruksiyası sahəsində aparıcı elmi-tədqiqat institutu olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun (AzİMETİ) yaranmasının 30 illik yubileyi tamam oldu. Bu münasibətlə oktyabrın 16-da və 17-də Bakıda “Four Seasons” otelində “İnşaat və memarlıqda elmi-texniki tərəqqi” mövzusunda Beynəlxalq konfrans və yubiley tədbiri keçirildi.

Konsfransın işində Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstanın nümayəndələri yaxından iştirak etdilər. İran və Özbəkistan nümayəndələri müəyyən səbəblərə görə tədbirə gələ bilməsələr də, məqalələrini göndərmişdilər və qiyabi yolla da olsa tədbirdə iştirak etdilər. Konfransda 150 nümayəndə iştirak edirdi ki, onun 20 nəfəri xarici ölkələrdən təşrif buyurmuşdu.

 

Konfransı giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüseynzadə yubiley münasibətilə Komitənin sədri Abbas Ələsgərovun təbrikini institut kollektivinin və konfrans iştirakçılarının nəzərinə çatdıraraq, institut kollektivini təbrik edərək yaradıcılıq nailiyyətləri arzuladı. Qeyd edildi ki, institut fəaliyyət göstərdiyi 30 ildə tikinti və memarlıq sahəsində böyük elmi tədqiqatlar aparıb və alınan nəticələr təcrübədə uğurla tətbiq olunub. Güclü elmi potensiala malik institutda bu gün də istedadlı gənc elmi kadrlar yetişdirilir. İnstitutun qarşısında duran ən vacib məsələlərdən biri keçmiş Sovet dövründən qalmış və mahiyyətini itirmiş layihələndirmə normalarının Azərbaycan dilində yenidən işlənib hazırlanması və bunun nəticəsində müvafiq bazanın yaradılması vəzifəsi demək olar ki, əsasən həyata keçirilmişdir. 
Respublikada son illər böyük vüsət almış tikinti –quruculuq işlərinə toxunan E. Hüseynzadə bu istiqamətdə aparılan dövlət siyasətindən danışaraq dedi:

-Hazırda ölkəmizin bütün bölgələrində inkişafa nail olunub, regionların siması əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikinti və şəhərsalma sahəsində nəhəng layihələr reallaşdırılıb, eyni zamanda Bakıda dünya memarlığının inciləri sayılan binalar inşa edilib. Paytaxtımız müasirliyin və klassikliyin vəhdətini özündə birləşdirən gözəl şəhərə çevrilib. Bu uğurlarda İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun da özünəməxsus payı var.

Sonra Aparat rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun “Azərbaycan İnşaat və Memarlıq Elmi – Tədqiqat İnstitutunun əməkdaşlarının Komitənin Fəxri Fərmanı ilə təltif edilməsi barədə” imzaladığı 10.10.2014 tarixli 102 saylı əmrini Konfrans iştirakçılarına çatdırdı və səmərəli əmək fəaliyyətlərində göstərdikləri yüksək peşəkarlığa və onlara həvalə edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirdiklərinə görə institutun bir qrup əməkdaşlarına Fəxri Fərmanları təqdim etdi. 
Sonra AzİMETİ-nin direktoru Abdı Qarayev institutun 30 illik fəaliyyəti barədə geniş məruzə ilə çıxış etdi.

İnstitutut direktoru qurumun yarandığı gündən görülən işlər, aparılan tədqiqatlar və qazanılan nailiyyətlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verdi. Vurğuladı ki, rəhbərlik etdiyi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu fəaliyyəti dövründə geniş elmi tədqiqatlar apararaq əməli təkliflər irəli sürüb. Bu illər ərzində paytaxtda və digər regionlarda bina və infrastrukturların yenidən qurulması, layihələndirilməsi, yeni inşaat konstruksiyaların yaradılması və tətbiqində kollektivin hər bir üzvünün məxsusi əməyi var.

O, institutun yaranma tarixindən, onun yaranmasını zəruri edən şərtlər barədə bəhs edərək qeyd etdi ki, respublikamızın bütün iqtisadi göstəricilərinin keçmiş Sovetlər İttifaqının orta göstəricilərindən xeyli aşağı olduğu bir dövrdə -1969-cu ildə Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi hər şeyi əsaslı şəkildə dəyişdi. O, böyük insan ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirmək məqsədi ilə keçmiş Sovet Hökuməti qarşısında 70-80-ci illər üçün möhtəşəm inkişaf proqramı təklif etdi və 1970-1979-cu illər ərzində Azərbaycanın inkişafına yönəlmiş SSRİ Höküməti tərəfindən 5(beş) qərar qəbul edildi ki, bu qərarlara əsasən ölkədə yeni müasir sənaye müəssiələrinin tikintisi və yenidən qurulması, kənd təsərrüfatının inkişafı, sosial-mədəni xidmət və infrastruktur obyektlərin tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdu. Bu əzəmətli işlərin həyata keçirilməsi tikinti kompleksinin qarşısında tikinti-quraşdırma işlərinin sürətləndirilməsini, texniki-tərəqqinin tələblərinə cavab verən yeni proqressiv materialların tətbiqini, tikililərin inşasının vaxtının azaldılmasını, görülən işlərin keyfiyyətinin xeyli yaxşılaşdırılmasını və nəticə etibarı ilə elmi-tədqiqat işlərinin səmərəliyini artırmaq tələbləri qoymuşdu.

Məruzəçi çıxışına davam edərək qeyd etdi ki, keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Baş Layihə İnstitutlarının Bakıda yerləşən bir neçə laboratoriya və şöbələri o zaman respublikada tikintidə elmi-tədqiqat işlərini aparırdılar. Ancaq belə bir şəraitdə onların mərkəzdən idarə olunması, görülən elmi-tədqiqat işlərinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir göstərirdi. Bunu nəzərə alaraq həmin illərdə Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsinin sabiq rəhbərləri - əvvəlcə Yaqub Abbas oğlu İsmayılov,1984-cü ilin əvvəllərində isə Cavanşir Tamraz oğlu Hüseynov Bakı şəhərində tikintinin elmi problemləri ilə məşğul olmaq üçün müstəqil elmi-tədqiqat institutunun yaradılması haqqında Moskvaya, SSRİ Dövlət Tikinti Komitəsinə rəsmi müraciət etmişdilər.

Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən zaman məhz onun sayəsində SSRİ Nazirlər Sovetinin 1163 saylı 13 iyun 1984-cü il tarixli Sərəncamına əsasən və Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1984-cü il tarixli 341 saylı qərarına müvafiq 70-ci illərin əvvəllərində Moskvada fəaliyyət göstərən tikinti və layihələndirmə üzrə Baş İnstitutlarının Bakı şəhərində yerləşən laboratoriya və şöbələrinin bazası əsasında Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu yaradıldı. Və artıq 30 ildir ki, institut tikinti kompleksində elmi-tədqiqat işləri aparır.

Natiq daha sonra Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu kollektivinin keçən dövr ərzində ardıcıl olaraq elmi-tədqiqat işlərinin nəticələrini həyata keçirmək üçün böyük səylər sərf etdiyini xüsusi vurğulayaraq dedi:

-İnstitutun elmi fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq strukturu 10 laboratoriya, şöbələrdən və yardımçı heyətdən ibarətdir. Bu laboratoriya və şöbələrdə 80 nəfərə yaxın insan çalışır. Onlardan 2 nəfərin elmlər doktoru, 16 nəfərin isə fəlsəfə doktoru ( texniki, memarlıq və inşaat üzrə) elmi dərəcəsi var. Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri sabiq SSRİ Xalq Nailiyyətləri və Rusiyanın Sərgi Mərkəzlərində dəfələrlə nümayiş etdirilmişdir, o cümlədən, 7 qızıl, 11 gümüş və 2 bürünc medalla mükafatlandırılmışdır. Elmdə qazandıqları nailiyyətlərə və onun tətbiqinə görə institutun əməkdaşları keçmiş SSRİ -nin ayrı-ayrı dövlət mükafatlarına layiq görülmüşlər; o cümlədən, 1 nəfər SSRİ Nazirlər Sovetinin mükafatı, 2 nəfər Respublikanın Əməkdar memarı fəxri adına layiq görülmüşlər.

Məruzəçi keçən əsrin 80-ci illərinin əvvəllərində Yaqub Abbas oğlu İsmayılov, Hacı Əli oğlu Əliyev, Qeybulla Ramazan oğlu Qeybullayev, Rəşid Əlibala oğlu Sadıqov, Akif Tamraz oğlu Qasımov, Mustafa Şamil oğlu Hacıyev, prof. Hüseyn Cəfərov və digərlərinin respublikada inşaat və memarlıq sahəsində elmi-tədqiqat işlərinin aparılması sahəsində xüsusi rolu olduğunu qeyd etmiş, keçən illər ərzində yerinə yetirilmiş elmi-tədqiqt işlərinin nəticələrinə elmi yenilik kimi 200-dən çox müəliflik şəhadətnaməsi alındığını, eyni zamanda Bakı şəhərində tikilməsi planlaşdırılan bir çox yüksəkmərtəbəli binaların memarlıq və konstruktiv layihələndirilməsi üçün elmi cəhətdən əsaslandırılmış Texniki Şərtlər işlənməsinin davam etdirildiyini, binaların layihələndirilməsi üçün bir çox eksperimental layihə işlərinin görüldüyünü və bu layihələr əsasında respublikanın ayrı-ayrı bölgələrində müxtəlif binaların tikilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Natiq dedi ki, institutda elmi-tədqiqat işlərinin müasir dövrün tələbləri səviyyəsində aparılmasına, təhsilin doktorantura səviyyəsində yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda institutda dissertantura yolu ilə əməkdaşların istehsalatdan ayrılmamaq şərti ilə sərbəst şəkildə dissertasiya işlərinin hazırlanması həyata keçirilir. Və nəticədə bu gün institutda inşaat və memarlıq elminin aparıcı ixtisasları üzrə 16 nəfər dissertant elmi araşdırma aparır.

Azərbaycan Respublikası Dövlət müstəqilliyi əldə etdikdən sonra institutun qarşısında duran vəzifələrin istiqamətinin xeyli genişləndiyini qeyd edən institut direktoru institutda memarlıq və tikinti kompleksinin yeni problemləri və tədbiqi ilə məşğul olunmağa başlandığını, konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş bina və qurğuların mühəndisi müayinəsi, yenidənqurulması, bərpa və gücləndirilməsi istiqamətində Bakı şəhərinin memarlıq inciləri və unikal binalarının müayinə olunaraq gücləndirilməsinə dair işlənmiş mühəndisi təkliflərin tətbiq olunduğunu və bu sahədə işlərin hal-hazırda da davam etdirildiyini, bina və qurğuların korroziya zədələnmələrinin qarşısının alınması üçün tikinti materiallarının aqressiv təsirə dözümlülüyünün tədqiq olunaraq alınmış nəticələrin "Bakı Metropoliteni" QSC-nin tyubinqlərinin və Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının konstruksiyalarının korroziyaya uğramasının qarşısının alınmasında tətbiq olunduğunu da vurğuladı.

A. Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 7 il əvvəl Abbas Ələsgərovun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunduqdan sonra Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu kollektivinin qarşısında böyük vəzifələrin qoyulduğunu və kollektivin Komitə rəhbərliyinin bütün qayğı və diqqəti ilə əhatə olunduğunu, Komitə rəhbərliyinin müasir tələblərə cavab verən yeni layihələndirmə norma və qaydaların işlənib hazırlanmasını instituta tapşırdığını və buna müvafiq olaraq Komitənin sifarişi ilə təsdiq olunmuş texniki tapşırığa əsasən “Yüklər və təsirlər”, “Svaylı bünövrələr”, “Seysmik rayonlarda tikinti”, “Beton və dəmir-beton konstruksiyaları”, “Polad konstruksiyaları”, “Ağac konstruksiyaları”, “Daş və armodaş konstruksiyalar”, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi”, “Bina və qurğuların qrunt əsasları”, “Dam örtükləri” və “Yerli materiallardan istifadə etməklə seysmik rayonlarda tikintinin aparılması üzrə tövsiyyələr” kimi normativ sənədlərin işlənərək 2014-cü ildə Komitəyə təqdim edildiyini və hal-hazırda Komitənin sifarişi ilə “Armaturlu sement konstruksiyaların”, “Hidrotexniki qurğuların beton və dəmir-beton konstruksiyaları”, “İdarə və təşkilatlar üçün bina və otaqlar”, “Avtomobil yolları və dəmir yollarının tunelləri” və s. yeddi layihələndirmə normalarının üzərində iş getdiyini dilə gətirdi.

Sonra Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli çıxış edərək Az.İMETİ-nin kollektivini 30 illik yubileyləri münasibəti ilə təbrik etdi və institutda son illərdə hazırlanan normativ sənədlərin tikinti və memarlıqda çox vacib sənədlər olduğunu xarakterizə etdi. O, həmçinin layihələndirmə və memarlıq sahəsində kadr çatışmazlığının aradan qaldırılması üçün ciddi çalışmaların lazım olduğunu bildirdi.

Konfransda çıxış edən Ukrayna Memarlıq Elmi–Tədqiqat İnstitutunun rəhbəri, professor Qennadi Qriqoryeviç Farenyuk Azərbaycanda aparıcı elmi müəssisələrdən biri kimi tanınan institutun fəaliyyətini yüksək qiymətləndirdi. Ukraynalı alim dedi ki, Azərbaycanda müşahidə olunan hərtərəfli tərəqqinin əsasında dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar, tətbiq edilən yeniliklər və inkişaf modelləri dayanır. Azərbaycanın bu təcrübəsindən digər ölkələr də yararlana bilər.

Konfransda Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan və Gürcüstandan dəvət olunmuş alim və mütəxəssislər iştirak edirdilər və onlar da çıxış edərək institutun kollektivini 30 illik yubiley münasibəti ilə təbrik etdilər və müvafiq mövzu ətrafında məruzə ilə çıxış etdilər.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Mahir İbrahimov 30 illik yubiley münasibəti ilə institutun bir qrup əməkdaşını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası “İnşaat–İş” Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin Fəxri Fərmanları ilə təltif etdi və kollektivə yeni uğurlar arzuladı.

Həmçinin Azərbaycan Memarlar İttifaqının nümayəndəsi Elçin Əliyev, “Astikinti”nin direktoru Bayram Əliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TOBM-in baş mühəndisi Zöhrab Pirimov, “Knauf Marketing Baku” MMC-nin direktoru Samir Əliyev, “Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatov, S. Ə. Dadaşov adına ETLKİM İnstitutunun şöbə müdiri Malik Mirzəyev və başqaları çıxış edərək kollektivi təbrik etdilər və yeni yaradıcılıq nailiyyətləri arzuladılar.

Nahar fasiləsindən sonra da çıxışlar davam etdirildi. Azərbaycan İnşaat və Memarlıq Universitetinin dosenti, memarlıq doktoru Səbinə Xalid qızı Hacıyeva, Ukrayna Respublikasının Dnepropetrovsk vilayətindən Krısan Vitaliy Vladimiroviç, Rusiya Federasiyasının Tümen vilayətindən Tümen Universitetinin dosenti, kafedra müdiri Pronozin Yakov Aleksandroviç, Rusiyanın Arxangelsk Universitetindən Veşnyakov Viktor Aleksandroviç, Telminov İlya Valentinoviç, Rusiyanın Lipetsk Texniki Universitetinin mühəndisi Saurin Yaroslav Anatolyeviç, Gürcüstan nümayəndəsi Qiqineyşvili Djonni Yasonoviç, Qazaxstanın Almatı şəhərindən Seysmik Tədqiqatlar Mərkəzinin direktoru F.M. Şokbarov və digər nümayəndələr elmi məruzələrlə çıxış etdilər.

Konfransın ikinci iş günündə qonaqlar Fəxri Xiyabana gəldilər. Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın, Müslüm Maqamayevin və respublikanın digər tanınmış dövlət xadimlərinin, şair və yazıçılarının abidələrini ziyarət etdilər. Sonra Şəhidlər xiyabanı ziyarət olundu. Ukraynalı qonaqlar Azərbaycan uğrunda canın vermiş vətən oğullarının ən yüksək nöqtədə dəfn olunmasını yüksək qiymətləndirdilər və bundan çox təsirləndilər.

Qonaqlar ordan İçərişəhərə gəldilər, qədim abidələri gördülər, ordan şəhərin yeni tikililərini seyr etdilər. Dövlət Bayrağı Meydanı ilə tanışlıq xoş təəssürat yaratdı.




geriyə