Polşalı mütəxəssislər Bakının nəqliyyat infrastrukturu ilə maraqlanırlar

16 oktyabr 2014

Oktyabrın 15-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov Polşa Respublikasının İnfrastruktur və Regional İnkişaf nazirinin müavini cənab Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında qəbul etmişdir.

Qonaqlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları və gördüyü işlər barədə ətraflı məlumat verən cənab Abbas Ələsgərov onları maraqlandıran məsələlərə də aydınlıq gətirmişdir.

Qonaqlar Bakının nəqliyyat infrastrukturunda önəmli yer tuta biləcək tramvay şəbəkəsinin qurulmasının vacibliyindən və bu işdə Polşanın təcrübəsindən, habelə imkanlarından istifadənin mümkünlüyündən danışaraq, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdilər.




geriyə