Şirvan şəhərinin baş planı hazırlanacaqdır

04 iyun 2014

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublika səviyyəsində şəhərsalma kadastrının yaradılması və aparılması, şəhərlərin baş planlarının hazırlanması istiqmətində ardıcıl işlər görülür, bu sahədə işlərin həyata keçirilməsi üçün beynəlxalq səviyyəli şirkətlər və mütəxəssislər cəlb edilir.

Yeni qəbul edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun olaraq “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin icrası müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti “İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, oxşar layihələrdə uğurlu təcrübəyə malik olan Litva Respublikasının "Vilnüs planas" müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətini cəlb etməklə həyata keçirilir.

Layihə çərçivəsində Şirvan şəhərinin baş planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət şəhərsalma kadastrı coğrafi informasiya sisteminin, yeni tikililərin reyestrinin və şəhərin 3D modelinin yaradılması və tətbiqi həyata keçiriləcəkdir..

Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu prosedurlarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.

“Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin növbəti mərhələsi olaraq “İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin baş planı da hazırlanmışdır. Hazırlanmış Baş planın ilkin layihəsinin Şirvan Şəhər İcra Hakimiyyətində təqdimatı keçirilmişdir. Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Şirkət nümayəndələri təqdimat iştirakçılarına Baş plan layhəsi barədə, tətbiq olunan yeniləklər haqqında ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Məlumat verilmişdir ki, Baş plan layihəsi iki mərhələni - I mərhələ olaraq 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perespektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcəkdir.

Təqdimat başa çatdıqdan sonra Layihə tapşırığına uyğun olaraq Baş plan layihəsi 60 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur.

Şirvan şəhərinin sakinləri Şirvan şəhərinin Baş planının layihəsi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında indi də tanış ola bilərlər.




geriyə