“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilmişdir

15 may 2014

Mayın 15-də “Four Seasons” otelində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilmişdir.

Aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq dedi: 

Hörmətli xanımlar və cənablar! Xoş gəlmisiniz!

Sizə təşəkkür edirəm ki, vaxt tapmısınız və bizimlə bir yerdə “Böyük Bakının Regional İnkiшaf Planı Layihəsi”nin 3-cü müzakirəsidə iştirak edirsiniz.

Respublikanın tarixində ilk dəfə olaraq belə bir şəhərsalma layihəsi hazırlanıb.

Xahiş edirəm müzakirələrdə fəal iştirak edin, ona görə ki, sizin rəy və təklifləriniz bizim üçün çox vacibdir.

Xanımlar və cənablar! Son 10 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda və xüsusi ilə Bakıda şəhərsalma və memarlıq sahəsində çox böyük işlər görülüb.

Adambaşına düşən avtomobilin böyük artımını nəzərə alaraq, tez bir zamanda Şimali Abşeron tərəfə yüzlərlə kilometrlik yollar çəkilib;

Səlyan şosesi, Böyükşor və H.Əliyev prospekti genişlənib.

Əgər indiki zamanda da Sovet dövrünün prosedurları ilə xüsusi obyektlər və yollar tikilsəydi, şəhərimizin avtomobil yolları tam iflic olardı.

Bununla əlaqədar olaraq tikinti sahəsində ilk dəfə cənab Prezident layihələndirmə və tikinti işlərinin eyni zamanda aparılmasına qərar verib.

Nəticədə tikilən obyektlər vaxtında istismara verildi və yaranan problemlər tez həll olundu.

Bəzi iri sənaye müəssisələri şəhər kənarına köçürülüb;

Bir çox küçə və prospektlərində yerləşən binaların fasadları yenilənib və yüksək səviyyədə işıqlandırılıb.

Professional şəkildə çoxlu parklar, içtimai obyektlər və mehmanxana kompleksləri tikilmişdir, həmçinin böyük abadlıq işləri görülüb.

Şəhərimizə gözəllik verən H.Əliyev Mərkəzi və Muğam Mərkəzi, Alov Güllələri və Kristal Xoll Sarayı, Xalça Muzeyi və Milli Konservatoriya, Heydər Əliyev adına Beynalxalq Aeroportu, Milli Gimnastika Arenası və başqaları tikilib istifadəyə verilib.

“Heydər Əliyev Fondu ” nun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında tarixi abidələr olan İçəri Şəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Qala Etnik Muzeyi və başqaları bərpa olunub, çoxlu səhiyyə və təhsil obyektləri yüksək səviyyədə tikilib istifadəyə verilib.

60 il ərzində ilk dəfə Respublikamızın Prezidenti İlham Əliyevın tapşırığı ilə qısa müddətdə Dənizkanarı bulvarın uzunluğu 2 dəfədən çox artırılmışdır və parlaq abadlıq işləri yerinə yetirilib.

Füzuli küçəsində 1 km yaxın uzunluğu olan Bulvar dövlət büdcəsi hesabına tikilmişdir və ən gözəl istirahət mərkəzinə çevrilib.

Bakının mərkəzi hissəsində mənzil sıxlığı çox böyükdür, xüsusi ilə Nəsimi, Nizami və Yasamal rayonlarında.

Gələcəkdə bu rayonlarda yaşayış binaların tikintisini azaltmaq tövsiyə olunur.

2013-cü ilin dekabr ayında Prezident İlham Əliyev öz çıxışında demişdir: “...hesab edirəm ki, yeni yaşayış binaların tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır.

Hər bir layihə ciddi araşdırılmalıdır. Ona görə bu işlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir”.

Bizim müzakirəyə təqdim olunan layihədə bütün bunlar nəzərə alınıb.

Ümid edirəm ki, şəhərin tikintisi zamanı şəhərsalma planlaşdırması qaydalarına əməl ediləcəkdir.

Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Bunu xaricdən gələn bir çox qonaqlar və turistlər təsdiq edirlər.

Sonra çıxış edən Dünya Bankının Azərbaycan ofisinin rəhbəri xanım Larisa Leşenko Böyük Bakının Regional İnkişaf Planının vacibliyini, Dünya Bankının təkcə Bakı şəhərinin deyil, həm də onun regional inkişafına önəm verdiyini vurğulamışdır.

Tədbirdə Dünya Bankının Qafqaz ofisinin nümayəndəsi Əhməd Aveyda çıxış edərək layihənin əhəmiyyəti haqqında danışmış və qeyd etmişdir ki, Dünya Bankı paytaxt şəhərlərinin inkişafına dəstək verir və bu sahədə qabaqcıl təcrübələrdən istifadə edilir.

Daha sonra layihə ekranda nümayiş olunaraq layihənin baş koordinatoru və müəllifi olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov tərəfindən ətraflı şəkildə izah olunmuşdur.

İ. İsbatov Bakının baş planlarının tarixindən, o cümlədən əhali, əmək bazarı, sənaye, ümumi daxili məhsul, investisiyalar, mənzil, təhsil, səhiyyə, turiz, nəqliyyat və mühəndis kommunikasiyaları infrastrukturu, ətraf mühitin qiymətləndirilməsi, torpaqdan istifadə və s. üzrə mövcud və proqnoz göstəricilərini tədbir iştirakçılarının nəzərinə çatdırmış və bildirmişdir ki, üç prinsipial inkişaf istiqamətləri müəyyən edilmişdir.

Bunlardan birinci alternativ Məxsusi Bakı ərazisinin regenerasiyası, yarımadanın şimal (Sumqayıt) və cənub (Ələt) istiqamətində inkişaf etdirilməsi və yarımadanın şərq hissəsində inkişafın məhdudlaşdırılması ilə bu hissənin ətraf mühit nöqteyi nəzərdən qorunması, ikinci alternativ Sumqayıt-Bakı-Mərdəkan yaşayış zolağı boyu inkişaf və Ələtin avtonom inkişaf mərkəzinə çevrilməsi yolu ilə tarazlı inkişafı və üçüncü alternativ isə Abşeron yarımadasının cənub sahili boyu fasiləsiz xətti inkişafı və Abşeron yarımadasının şimal-şərq sahilinin rekreasiya və turizm baxımından inkişaf etdirilməsidir.

İ. İsbatov Bakı-Mərkəz, Ətraf, Şimal sahili, Şərq sahili və Cənub sahili olmaqla beş rayonun təklif olunduğunu vurğulamış və əlavə etmişdir ki, 2030-cu il üzrə hədəflər diversifikasiya olunmuş iqtisadiyyat, peşəkar işçi qüvvəsi, müasir və yüksək həyat səviyyəsi olmaqla tarazlı inkişafın əldə edilməsi, Böyük Bakının metropolisə namizəd olması baxımından planlaşdırılmasıdır.

Tədbirdə həmçinin layihənin Strateji Ekoloji Qiymətləndirmə komponenti üzrə beynəlxalq məsləhətçisi, Eptisa (İspaniya) şirkətinin mütəxəssisi Duglas Hikman, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Azərbaycanın əməkdar memarı, professor Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Azərbaycanın əməkdar memarı, memarlıq doktoru Yeganə Hacıyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Azərbaycanın əməkdar memarı, memarlıq doktoru, professor Nizami Nağıyev, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, Azərbaycanın əməkdar memarı Akif Əliyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin rəisi Həsən Həsənov çıxış edərək layihə haqqında danışmışlar.

Tədbirin ikinci hissəsində isə tədbir iştirakçıları layihə barədə fikirlərini bildirmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Layihə iştirakçılar tərəfindən bəyənilmiş və təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması tövsiyə edilmişdir.




geriyə