Bakı şəhəri ərazisində şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşasına yeni başlanılmış obyektlərə dair Komitə tərəfindən sərt münasibət bildirilmişdir

11 aprel 2014

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsini əldə rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək bildirmişdir ki, tikintisinə yeni başlanılmış (0.00 səviyyəsində) aşagıda göstərilən obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılmışdır:

1. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 ünvanda inşa olunan 16 mərtəbəli (mansardlı) yaşayış binası.

2. Xətai rayonu, Gəncə prospekti 2942"q" məhəllədə inşa olunan 16 mərtəbəli yaşayış evi.

3. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 15 ünvanda inşa olunan 10 mərtəbəli (mansardlı) yaşayış binası.

4. Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binası.

Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş etmişdir. Eyni zamanda layihəçilərə ("Kon-Lay Project" MMC, "AS-KO"MMC, "AYAN-A" Yaradıcılıq İstehsalat MMC, "Feniks-AA" MMC) xəbərdarlıq edilmişdir ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaqdır. 




geriyə