“Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirələr başa çatmışdır

27 fevral 2014

Fevralın 20-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının Regional İnkişaf Planı"nın (sxemi) layihəsinin yekun variantına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev mətbuat konfransını açaraq bildirmişdir ki, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi MDB çərçivəsində şəhərsalma sahəsində hazırlanmış ilk nəhəng miqyaslı sənəddir. Bu layihədə paytaxtın nəqliyyat, yol, tikinti, ekoloji və başqa problemlərinin həll edilməsi nəzərdə tutulmuşdur.

2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərinin və Abşeron rayonunun bir hissəsi, eləcə də Sumqayıt şəhərini əhatə etmişdir.

 

Plan üzərində işlər davam etdirilir

Sxemlə bağlı məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlıq vəziyyəti barədə ictimaiyyətə ətraflı məlumat verməyin zəruriliyini vurğulamışdır. Onun sözlərinə görə, plan üzərində işlər davam etməkdədir: "Bakı ilə bağlı ilk plan 1898-ci ildə hazırlanıb. Sonrakı planlar 1915-1917, 1924-1927, 1934-1937-ci illəri əhatə edir. Son plan isə 1986-cı ildə "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanıb. Hər dövrdə Bakının görünüşü və burada yaşayan əhalinin sayı müxtəlif olub. Belə ki, 1822-ci ildə Bakıda 1500 nəfər əhali var idisə, bu gün Bakıda əhalinin sayı bir neçə milyondur".

Mətbuat konfransında komitə sədri Abbas Ələsgərov bildirmişdir ki, şəhərsalmada əvvəlcə regionların planlaşdırılma sxemi olmalı, həmin sənəddə bələdiyyələrin, şəhərlərin və qəsəbələrin inzibati sərhədləri, nəqliyyat, energetika və iqtisadi inkişaf məsələləri, texnogen və ekoloji xarakterli məhdudiyyətlər göstərilməlidir.

Bildirilmişdir ki, regional inkişaf planı (sxemi) təsdiq edildikdən sonra rayonların, şəhərlərin, bələdiyyələrin və qəsəbələrin inzibati sərhədləri əsas götürülərək onların baş planları işlənib hazırlanır. Şəhərdə hər hansı bir tikilinin müfəssəl planı olmadan inşaat işləri görülə bilməz. Bu, şəhərsalma qanunvericiliyində ən kobud qayda pozuntusudur.

A. Ələsgərov vurğulamışdır ki, şəhərsalmanın üçüncü mərhələsi şəhər icra hakimiyyəti tərəfindən hazırlanan müfəssəl plandır. Bununla şəhər icra hakimiyyəti paytaxtın, bələdiyyələrin, qəsəbələrin baş planını əsas tutaraq mühüm şəhərsalma sənədlərindən birini yaradır. Bundan sonra tikinti layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə işlər başlanılır. Həmin prosedur qaydalarına dəqiq riayət edilməlidir. Əks halda, bu, şəhərsalma intizamının pozulması kimi qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcəkdir.

Komitə sədri qeyd etmişdir ki, baş planın əsas təyinatlarından biri də magistral yolların haradan çəkilməsidir. Çünki istənilən şəhərin inkişaf perspektivi magistral yollarla sıx əlaqədardır.

Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılmışdır.

 

"Sovetskidəki evlərin yerində heç nə tikilməyəcək"

"Sovetskidə sökülən evlərin yerində ilkin müfəssəl plana görə, heç bir bina, ev və ya obyekt tikiliməyəcək. Həmin ərazi tamamilə yaşıllıqdan ibarət olacaq". Mətbuat konfransında bu barədə də danışan komitə sədri bildirmişdir ki, Papanin və Xutor ərazilərində də bu məsələ aktualdır: "lkin planın sxemində həm Sovetski, həm Xutor, həm də Papanində söküləcək evlərin yerində yalnız yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub. Lakin həmin ərazilədə yaşayan insanlar oradan köçməsə, o zaman həmin ərazilərə uyğun yeni plan hazırlana bilər. Hazırda əlimizdə ilkin planın sxemi var. Biz hələ bilmirik ki, oradan neçə nəfər köçəçək. Sökülmə işləri başa çatdıqdan sonra yeni planın hazırlanmasına ehtiyac olub-olmadığı müəyyənləşəcək.

Yaşıllaşdırma ilə yanaşı, həmin ərazilərdə ictimai binalar da tikilə bilər".

Komitə sədri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

 

Tramvay yenidən paytaxta qayıdır

"Bakıda Tramvay yolları ilə bağlı 5 variant var. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin layihələrə baxır". Komitə sədri Abbas Ələsgərov mətbuat konfransında bu barədə də məlumat vermişdir.

Onun sözlərinə görə, bu layihələr Komitənin sifarişi ilə müxtəlif ölkələrdən tender vasitəsilə seçilən peşəkar məsləhətçilər tərəfindən hazırlanıb: "Layihənin hazırlanmasında Amerika, Avstraliya, İspaniya və digər ölkələrin təcrübələrindən istifadə olunub. Lakin hansı layihənin təsdiqlənəcəyi haqqında hələlik heç bir məlumat verə bilmərik. Çünki layihə ilə bağlı komitədə geniş müzakirələr aparılır. Müzakirələr bitdikdən sonra nəticələr media nümayəndələrinə və ictimaiyyətə təqdim olunacaq. Bu iş Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək".

Komitə sədri həmçinin ölkədə tikilən evlərin vəziyyəti və onların planları ilə bağlı məsələyə də toxunub: "Ölkə başçısının tapşırığına görə, hər bir məhəllə üçün ayrıca plan olmalıdır. Plan 2 il müddətinə hazırlanmalıdır. Yalnız plandan sonra əraziyə uyğun olaraq, bina tikilişinə icazə verilir. Tikili həmin ərazinin infrastrukturuna uyğun şəkildə komitə tərəfindən müəyyənləşdirilməlidir. Misal olaraq plan hazırlandıqdan sonra komitə müəyyən edir ki, həmin ərazidə 10 və ya 14 mərtəbəli bina tikilə bilər. Heç bir tikinti şirkəti plan təsdiqlənməmiş tikintiyə başlaya bilməz. Bu tikinti qaydalarıdır və hər bir sahibkar bu qaydalara riayət etməlidir".

 

Ələt qəsəbəsində Dəniz Limanı tikiləcək

Bakı ərazisində neft mədən ərazilərinin çoxluq təşkil etdiyini deyən komitə sədri vurğulamışdır ki, plana görə həmin ərazilər təmizlənərək yaşıllıqla əvəz olunacaq: "Plana əsasən Dübəndi, Pirallahı adalarının turizm sahəsinə çevrilməsi nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Belə olan təqdirdə kənarda yerləşən ərazilərdə yeni iş yerləri açılacaq və həmin ərazilərdə yaşayanlar işlə təmin olunacaqlar. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanının tikilməsi nəzərdə tutulur. "Böyük Bakı" Regional İnkişaf Planına həmçinin Sumqayıt və Xırdalan da daxildir. Plana əsasən bu ərazilərdə mühüm dəyişiklər olacaq".

Tədbirin sonunda Abbas Ələsgərov jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.




geriyə