Xocalı soyqrımı heçvaxt unudulmamalıdır

27 fevral 2014

Fevralın 26-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

16:55-də başlayan tədbiri giriş sözüylə Komitənin sədri Abbas Ələsgərov açaraq bu soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən böyük qətliamlardan biri olduğunu vurğuladı və geniş məruzə ilə çıxış etmək üçün sözü Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevə verdi.

O, çıxışa başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin fevralın 25-də verdiyi Sərəncama əsasən hər il fevralın 26-sı saat 17:00-da Respublikada sükut dəqiqəsinin elan olunduğunu bildirdi və sonra tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xocalı soyqırımının törədilmə səbəbləri və faciənin qurbanları haqqında ətraflı çıxış edən natiq qeyd etdi ki, Ermənilər belə bir qətliamı törətmək üçün həmişə fürsət axtarırdı. Çünki Xocalı Qarabağın Azərbaycana məxsusluğunu sübut edən qədim türk nişanələri ilə zəngin idi, həmçinin Ermənistanın Dağlıq Qarabağla yeganə əlaqəsi olan Xocalı aeroportu da məhz orada yerləşirdi. Odur ki, Xankəndində yerləşən 366-cı motoalayın köməkliyi ilə Xocalıda bu qətliamı törətdərək 8 ailəni tamamilə məhv etməklə ümumilikdə 613 nəfər Xocalı sakininin ölümünə səbəb oldular.

Xocalı soyqırımı heç vaxt unudulmamalıdır. Bu həqiqət daha da dərindən öyrənilməli və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 2009-cu ildən başladığı "Xocalıya ədalət" kompaniyasına toxunan məruzəçi bildirdi ki, bu ölkəmiz üçün çox təqdirəlayiq haldır. Artıq bəzi dövlətlər bunu soyqırımı kimi tanıyıb və daha çox dövlətin bunu soyqırımı kimi tanıması üçün təbliğat işləri uğurla davam etdirilir.

Komitənin digər əməkdaşları M.Hüseynova və S.Məmmədov da çıxış edərək faciə haqqında təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər və bu qəddarlığı heç vaxt unutmayacaqlarını bildirdilər. 




geriyə