Komitədə 2013-cü ilin yekunlarına dair toplantı keçirilmişdir

30 yanvar 2014

Yanvarın 28-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Komitənin 2013-cü il üzrə fəaliyyətinin yekunlarına dair toplantı keçirilmişdir.

Toplantını Komitənin sədri Abbas Ələsgərov açaraq bildirdi ki, bu toplantının keçirilməsində əsas məqsəd Komitənin 2013-cü il ərzində gördüyü işlər, buraxılmış nöqsanlar və qarşıda duran vəzifələr barədə müzakirələr aparmaqdır.

Aparat rəhbəri Elmar Hüseynzadə Komitənin 2013-cü ildəki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi və vurğuladı ki, Komitə əvvəlki dövrlərdə olduğu kimi 2013-cü il ərzində də öz fəaliyyətini davam etdirərək şəhərsalma və arxitektura sahəsində bir çox işlər görmüş, ölkə iqtisadiyyatının dayanaqlı və davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün qəbul edilmiş Dövlət Proqramlarının və digər Milli Proqramların icrasında yaxından iştirak etmiş və respublika iqtisadiyyatının inkişafında öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmüşdür.

Aparat rəhbəri vurğuladı ki, 2013-cü ildə Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olan ərazi planlaşdırması sahəsində daha dərin məzmunlu və əhatəli tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılmış "Böyük Bakının Regional İnkişaf Planı" və ölkənin Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Dağlıq Şirvan iqtisadi rayonları üzrə regional planlaşdırma sxemlərinin layihələndirmə işləri 2013-cü ildə də davam etdirilmişdir.

Elmar Hüseynzadə həmçinin qeyd etdi ki, 2013-cü ildə baş planların hazırlanması ilə əlaqədar işlər də davam etdirilmişdir.

Natiq Komitənin digər fəaliyyət istiqamətlərindən biri olan sahənin milli normativ bazasının formalaşdırılmasının həyata keçirilməsi sahəsində 2013-cü ildə görülmüş işlər barədə də çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq 2013-cü ildə 16 normativ hüquqi akt qüvvəyə mindirilmişdir.

Eyni zamanda Tikintidə normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya tərəfindən Komitənin iştirakı ilə avropa standartlarının tələbləri ilə harmonizasiya edilməklə qəbul edilmiş 58 dövlətlərarası normativ sənəd respublika ərazisində qüvvəyə mindirilmişdir.

E.Hüseynzadə "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziyaların verilməsi sahəsində Komitənin fəaliyyətinə toxunaraq vurğuladı ki, 2013-cü il ərzində 42 ərizəçi tərəfindən təqdim olunmuş müvafiq sənədlərə qanunvericilikdə müəyyən edilmiş müddətlərdə baxılaraq xüsusi razılıq -lisenziya verilmişdir.

Daha sonra Komitənin tabeliyində olan elmi-tədqiqat və layihə təşkilatlarının direktorları 2013-cü il üzrə öz fəaliyyətləri, görülən işlərin həcmi və digər göstəricilər barədə çıxış etdikdən sonra bu sahədə çatışmazlıqlar və onların həlli yolları müzakirə edildi.

Toplantıda çıxış edən Komitənin Şəhərsalma nəzarəti şöbəsinin müdiri Dilxoş Nuriyev, Şəhərsalma kadastrı şöbəsinin müdiri Tofiq Quliyev, Layihələrin memarlıq-planlaşdırma həllərinin razılaşdırılması şöbəsinin müdiri Yusif İbrahimli, Layihə işlərinin təkmilləşdirilməsi və elm şöbəsinin müdiri Minarə Hüseynova və digər şöbə müdirləri 2013-cü il üzrə öz fəaliyyətləri barədə müvafiq məlumat verdilər.

Toplantının sonunda Komitənin sədri Abbas Ələsgərov ötən ilin nöqsanları və problemləri barədə irad və tövsiyyələrini bildirərək qarşıda duran vəzifələrdən danışdı. Əlavə etdi ki, 2014-cü ildə ötən ilin çatışmamazlıqları və nöqsanları aradan qaldırılmalı və sahənin inkişafı üçün bütün imkanlar səfərbər.




geriyə