20 yanvar faciəsindən 24 il ötür

21 yanvar 2014

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yanvar ayının 17-də 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Komitənin Aparat rəhbəri Elmar Hüseynzadənin giriş nitqindən sonra Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, YAP ərazi təşkilatının sədri Cahangir Qocayev geniş məruzə ilə çıxış etdi.

C.Qocayev çıxışına başlamazdan əvvəl 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

20 yanvar faciəsinin şahidi olan C.Qocayev bu qətliam ərəfəsi vəziyyət və qətliam günü ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşməklə bərabər, bu faciəsinin tarixi, onun törədilmə səbəbləri və nəticələri, həmçinin bu qətliamın pislənməsi və qurbanları ilə bağlı Azərbaycan höküməti tərəfindən görülmüş işlər haqqında danışdı və vurğuladı ki, bu faciəyə ən böyük hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.

C.Qocayev onu da bildirdi ki, 1993-cü ildən 20 yanvar günü xalqımızın milli hüzn günü kimi qeyd olunur, 2000-ci ildə "20 yanvar şəhidi" fəxri adı təsis olunub və 2010-cu ildə 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Sonra Komitənin digər əməkdaşları da çıxış edərək bu təcavüzü pislədi və faciə qurbanlarına Allahdan rəhmət dilədilər.

Sonda E.Hüseynzadə əlavə etdi ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd 20 yanvar şəhidlərini hər zaman yada salmaq, onları unutmamaq və bundan nəticə çıxarmaqdır. 

 
 
 



geriyə