Qazaxıstan Respublikasının nümayəndələri ölkəmizdəki şəhərsalmaya maraq göstərirlər

04 iyun 2013

May ayının 30-da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ölkəmizin Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədovun müvafiq müraciəti əsasında Qazaxıstanın Atırau şəhərinin hakimi (meri) Serik Aydarbekovun başçılıq etdiyi nümayəndə heyyətini qəbul etmişdir. 

Cənab A.Ələsgərov qonaqları salamladıqdan sonra komitənin fəaliyyət istiqamətləri və Böyük Bakının Regional İnkişaf Planı haqqında məlumat verdi və qonaqları qəbul etməkdən məmnun olduğunu bildirdi. O, belə görüşlərin tərəflər arasında mövcud əlaqələrin daha da genişlənməsinə səbəb olacağını əminliklə ifadə etdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq, Azərbaycana gəlişlərinin Şirvan şəhəri ilə Atırau şəhərinin qardaşlaşması məqsədi daşıdığını qeyd etdi. Bununla belə onları Azərbaycanda, xüsusən də Bakı və Sumqayıt şəhərlərində ərazi planlaşdırması və şəhər idarəçiliyi məsələlərinin də maraqlandırdığını vurğulayan qonaq Atırau şəhərinin ərazi və əhali baxımından xeyli kiçik olmasına baxmayaraq Qazaxıstanın neft paytaxtı olduğunu dedi. O bildirdi ki, bu baxımdan Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsini öyrənmək onlar üçün çox önəmlidir. Bu məqsədlə azərbaycanlı mütəxəssislərin Atırauya gəlmələrinin məqsədəuyğun olduğundan bu işdə onlara müvafiq köməklik göstərilməsini xahiş edən cənab S.Aydarbekov şəhərimizə, Bakıya heyran olduqlarını da bildirdi.

Söhbət zamanı qonaqları maraqlandıran digər məsələlərə də aydınlıq gətirildi.

Qəbulda Atırau şəhəri hakimliyinin məsul işçiləri, Azərbaycanın Aktau şəhərindəki Baş konsulu R.Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aidiyyəti rəhbər işçiləri iştirak edirdilər.




geriyə