Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin banisidir

08 may 2013

Mayın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsidə ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir. 

Konfransa başlamazdan əvvəl Heydər Əliyevin Komitənin inzibati binasında yerləşən büstü önünə əklil qoyuldu və tər güllər düzülərək ülü öndərin xatirəsi yad edildi. 

Komitə əməkdaşlarının və bir çox kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi Konfransı giriş sözüylə Komitənin sədriAbbas Ələsgərov açaraq bildirdi ki, Heydər Əliyevin 90 illiyi münasibəti ilə müxtəlif xarakterli tədbirlər keçirilir. Keçirilən tədbirlərin hər biri onun fəaliyyətinin yalnız bir istiqamətinin müəyyən hissəsinə işıq sala bilər. Heydər Əliyevin fəaliyyətinin tam coğrafiyasını nümayiş etdirmək üçün ardıcıl olaraq tədbirlər keçirilməli, onun fəaliyyətinin görünən və görünməyən tərəfləri nəinki gələcək nəsillərə, hətta onun müasirlərinin əksəriyyətinə izah edilməli və göstərilməlidir.Bizim bu gün keçirəcəyimiz konfransın da əsas vəzifəsi bundan ibarətdir. 

Abbas Ələsgərov bildirdi ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Sədr daha sonra dedi ki, Azərbaycan Respublikasında digər sahələr kimi tikinti kompleksinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir. Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucaldılmışdır. Bunların tam əksəriyyəti umummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə layihələndirilib tikilmişdir. 

Abbas Ələsgərov bu illərdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin əvəzsiz rolu olduğunu, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük uzaqgörənliklə həll etdiyini qeyd etdi. O dedi ki, Bakıda bir sıra iri ictimai bina və qurğulardan-Heydər Əliyev Sarayı, "Bakı", "Qarabağ", "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Bakı Dəmir Yolu Vağzali, "Gülüstan" şadlıq sarayı kompleksi, "Şərq bazarı" ticarət mərkəzi, İdman Sarayı, Yüngül atletika maneji, Azərbaycan Respublikası Prezident Aparatının binası və s. binalar da onun əl izləridir. 

Abbas Ələsgərov daha sonra dedi: Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı nə olubsa, bu gün müstəqil Azərbaycanın dirçəlib inkişaf etməsinə çox gərəkli olmuşdur. Onun yaratdığı ən şah əsəri isə müstəqi Azərbaycan Respublikasıdır. 

1982-1987-ci illərdə Söv.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən də Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırdı. 

1993-cü ilin iyun ayında heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü. Tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq mümkün olmazdı. 

1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. 

Heydər Əliyevin ruhu şaddır, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir, başladığı işlər bu gün eyni əzm və iradəilə davam etdirilir. 

Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir. 

Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər birimizin qəlbində gördüyü nəhəng işlərlə yaşayır və həmişə də yaşayacaqdır.-deyə Abbas Ələsgərov fikrini yekunlaşdırdı və "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi: millilik və dünyəviliyin vəhdəti" mövzusunda məruzə üçün sözü Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, Komitə üzrə YAP ərazi təşkilatının sədri Cahangir Qocayevə verdi. 

C.Qocayev məruzəsində qeyd etdi ki, Heydər Əliyevin irsi, xüsusən də dövlətçilik irsi yalnız keçilmiş bir tarixi mərhələ deyil, o, daha çox gələcəkdir. Elə gələcək ki, hər bir azərbaycanlı onun təmin olunmasını özünün və nəinki özünün, həm də ətrafının, nüfuz dairəsinin əhatə etdiyi insanların əsas vəzifəsi hesab etməli, bu amal uğrunda mübarizə aparmalıdır. Bu gün malik olduğumuz və dünyanın hər tərəfinə səpələnmiş 50 milyondan çox azərbaycanlıların ümüd, pənah, əsasən də iftixar və qürur yeri olan Azərbaycan dövlətinə görə hər birimiz nəinki Azərbaycanı parçalanmaqdan və dövlətimizi dağılmaqdan xilas edən, eyni zamanda dövlətimizin inkişaf konturlarının daha geniş olduğunu həm bizim özümüzə, həm də bütün dünyaya sübut edən ulu öndər Heydər Əliyevə borclu olduğumuzu bir an belə unutmağa mənəvi haqqımızın olmadığını unutmamalıyıq. 

O, əlavə etdi ki, müharibə şəraitində çökmüş, dağılıb pozulmuş iqtisadiyyatı ayağa qaldırıb düşmənə qalib gəlmək məqsədi ilə xalqın birliyinə nail olmaq üçün azərbaycançılıq ideyasının önə çəkən Heydər Əliyev defakto real birləşdirici ideyaya hüquqi və siayasi status vermək məqsədi ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliy gününü təsis etdi və beləliklə də ölkədə ümumxalq birliyin əsası qoyuldu ki, bu da bütün sonrakı uğurlarımızın hərəkətverici qüvvəsi kimi çıxış etdi, indi də çıxış edir və heç şübhəsiz ki, bundan sonra da çıxış edəcəkdir. 

Əgər 1969-1982-ci illərdə respublikamızın əldə etdiyi uğurlarda Heydər Əliyevə İttifaq dövlətinin imkanları arasından şərik tapmaq mümkün idisə, müstəqillik illərindəki uğurlarımız sübut etdi ki Heydər Əliyevin əldə etdiyi uğurlarda onun şəriki olmayıb. Onun yeganə şəriki siyasi iradəsi, şəxsi qabiliyyəti və milli qüruru olub. Hadisələrin sonrakı gedişi də sübut etdi ki, H.Əliyev nə qədər müdrük diplomat və siyasət adamıdır. Bu siyasət bütün çalarları ilə indi də davam etdirilir və möhtərəm Prezident İlham Əliyevin bu siyasətə yeni sürət və miqyas vernəsi nəticəsində respublikamız artıq dünya çaplı bir ölkəyə çevrilmişdir. 

Çıxışının sonunda təcavüzkar ermənilər tərəfindən Azərbaycanın dilbər güşələrindən olan Şuşanın işğalının 21-ci il dönümünə də toxunan C.Qocayev daha sonra azərbaycanlıların da iştirak etdiyi Böyük vətən müharibəsinin bitdiyi 9 may Qələbə günü haqqında söz açaraq bu qələbənin qazanılmasında Bakı neftinin çox böyük rol oynadığını və "Yeni qələbə günü"nün də uzaqda olmadığını bildirdi. 

Konfransı "Milli qanunvericiliyin inkişafında Heydər Əliyevin rolu" mövzusunda çıxışıyla davam etdirən Komitənin hüquq sektorunun müdiri Hüseyn Əzimov Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi 
dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. 

Sonra Komitənin kollegiya katibi-baş məsləhətçi Oktay Salamov "Heydər Əliyev və Azərbaycan gəncləri: tarixi ənənələr və müasirlik" mövzusunda məruzə edərək konfrans iştirakçılarının diqqətinə 
çatdırdı ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bütün bunları dərk edən Heydər Əliyevin 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalaması çox mühüm sosial-siyasi əhəmiyyətə malikdir. 

O.Salamov Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi digər tədbirlərdən də danışdı və əlavə etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

Konfransın sonunda "Heydər Əliyev və Azərbaycanda şəhərsalma fəaliyyəti" mövzusunda məruzə edən Komitənin şəhərsalma şöbəsinin müdiri Ağasəlim Əzizov Ümumilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində özünün coxşaxəli, yaradıcı - qurucu fəaliyyətilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən, mədəniyyət, onun ayrılmaz tərkib hissəsi olan şəhərsalma və memarlıqda da böyük tərəqqiyə nail olunduqunu bildirdi və Heydər Əliyevin böyük quruculuq işlərini bu gün onun siyasi varisi İlham Əliyevin ləyaqət və uğurla davam etdirdiyini xüsusilə qeyd etdi.




geriyə