Heydər Əliyevin Xatirə Günü qeyd edildi

29 aprel 2013

Aprelin 26-da "Bakı Dövlət Layihə" İnstitutunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Heydər Əliyevin 90 illik yubileyinə dair Tədbirlər Planına uyğun olaraq ümummilli liderin Xatirə Günü qeyd edilmişdir.

İnstititutun direktoru İlqar İsbatov tədbiri giriş sözüylə açaraq bildirmişdir ki, Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi unudulmaz xidmətlər hər kəsə məlumdur. Mən əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevi heç vaxt unutmayacaq və hər zaman onu minnətdarlıqla xatırlayacaq. Onun böyüklüyü illər keçdikcə daha da hiss olunur və hiss olunacaq.

Sonra tədbirdə geniş məruzə ilə çıxış edən Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, Komitə üzrə YAP ərazi təşkilatının sədri Cahangir Qocayev qeyd etdi ki, Azəbaycan xalqının yetirdiyi Heydər Əliyev tarixin nəinki Azərbaycana, həmçinin dünyaya bəxş etdiyi dahi şəxslərdəndir. Heç şübhəsiz ki, onun formalaşmasında aprelin 28-də 90 illik yubileyi qeyd olunacaq görkəmli oftolmoloq həyat yoldaşı Zərifə xanım Əliyevanın müstəsna xidməti olmuşdur.

Heydər Əliyev hakimiyyətə gələndən sonra xalqda öz gücünə, milli qüdrətinə inam yarada bildi və özünün SSRİ miqyasında tanınmasıyla bərabər Azərbaycanı da ittifaq miqyasında tanıtdı.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz və 1990-cı ilin 20 yanvarında SSRİ qoşunlarının Bakıda törətdiyi qətliamla bağlı məqamlara toxunan C.Qocayev bildirdi ki, bu qanlı hadisələr həmin dövrdə Heydər Əliyevsizliyin təzahürü idi. 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdandan sonra o, Azərbaycanı parçalanmaqdan xilas etdi və neft strategiyasını qurmaq üçün üçüncü tərəfin iştirakı olmadan atəşkəs sazişinin imzalanmasına nail oldu. Atəşkəsin ardınca "Əsrin müqaviləsi"ni imzalamaqla isə atəşkəsin davamlılığına əminlik yaratmaqla yanaşı, bir sıra dünya dövlətləri ilə əməkdaşlıq, müttəfiqlik münasibətlərinin yaranmasına zəmin yaratdı. Bu gün də onun siyasi kursunu onun layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir.

"Bakı şəhərinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda çıxışı ilə tədbiri davam etdirən İnstitutun əməkdaşı Zülfüqar Məmmədov vurğuladı ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra memarlıq və şəhərsalma sahəsində intibah dövrü başlandı. O, şəhər və rayonların baş planlarının hazırlanmasına, mühüm tikinti obyektlərinin inşasına xüsusi diqqətlə yanaşırdı.

Tədbirin sonunda isə Cahangir Qocayev təklif etdi ki, Bakının rayonlarından birinə Heydər Əliyevin adı verilsin. Bu rayon Heydər Əliyevin bir vaxtlar SSRİ Ali Sovetinə deputat seçildiyi Sabunçu rayonu olsa çox yaxşı olardı.




geriyə