Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir

22 aprel 2013

Aperlin 22-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə dair Tədbirlər Planı çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunda Xatirə Günü qeyd olunmuşdur.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru Bəkir Əhmədov açdı. Beynəlxalq miqyasda peşəkar siyasətçi kimi tanınan Heydər Əliyevin öz qabaqcıl və uzaqgörən siyasəti sayəsində Azərbaycanı bütün dünyada layiqincə tanıtdığını və bununla da Azərbaycan xalqını irəli apardığını bildirən B.Əhmədov çıxışını H.Əliyevlə bağlı şahidi olduğu xatirələrdən danışmaqla davam etdirdi.

Sonra Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, Komitə üzrə YAP ərazi təşkilatının sədri Cahangir Qocayev çıxış edərək vurğuladı ki, tariximizin müxtəlif dövrlərində Azərbaycanın dünyaca tanınan bir çox mütəfəkkirləri, şairləri, filosofları hətta böyük bir dövlət rəhbəri olan Xətai kimi şəxsiyyətləri olub. Azərbaycan tarixinin son 500 ilinin yetirdiyi dahi şəxsiyyət isə Heydər Əliyev olmuşdur.

C.Qocayev həmçinin qeyd etdi ki, Sovet dövründə 1970-ci illərə qədər Azərbaycan xalqı xof içində yaşayırdı. Heydər Əliyev hakimiyyətə gəlməsi ilə tez bir zamanda bu xofu qırdı. Öz layiqli xidmətləri ilə xalqa nümunə olan Heydər Əliyev xalqın özünün-özünə inamını bərpa etdi. Geridə qalmış Azərbaycanı qısa vaxt ərzində irəli çəkilməyə layiq respublikaya çevirə bildi. O, eyni zamanda ölkədəki yüksək intellektli milli kadrları önə çəkə bildi.

Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərdən və onunla bağlı xatirələrdən danışan C.Qocayev sonda vurğuladı ki, Azərbaycan xalqını parçalanmaqdan xilas edən Heydər Əliyev haqqında bütün xalq düşünməlidir. "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deyən Heydər Əliyev sözün həqiqi mənasında bu vədinə sadiq qaldı və özünü milli dövlətçilik yolunda şəhid etdi. O, Azərbaycan xalqının taleyini başqalarına etibar etmədi və ölkəyə rəhbərlik etmək kimi çətin və məsuliyyətli işi yeganə oğlu İlham Əliyevə etibar etdi. İlham Əliyevin prezident olduğu dövrlərdəki inkişaf da sübut edir ki, Heydər Əliyev bu seçimində də yanılmayıb. İndi aydın olur ki, o, təsadüfən deməmişdi ki, "Mən İlham Əliyevə özüm qədər inanıram".

Tədbirdə çıxış edən İnstitutun əməkdaşları Heydər Əliyevin xidmətlərindən danışaraq bildirdilər ki, hər bir azərbaycanlı Heydər Əliyevin əməyini qiymətləndirməli və bizdən sonrakı nəsillərə və bu günkü gənclərə onun fəaliyyəti və xidmətlərini təbliğ etməlidir.




geriyə