Xocalı qurbanları anıldı

25 fevral 2013

Fevralın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, Komitə üzrə YAP ərazi təşkilatının sədri Cahangir Qocayev Xocalı faciəsinin tarixi, səbəb və məqsədləri, həmçinin acı nəticələri və bu faciənin beynəlxalq aləmdə soyqırım kimi tanınması üçün atılan addımlar və əldə olunmuş nəticələr haqqında geniş məruzə ilə çıxış etdi.

C.Qocayev vurğuladı ki, Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 13 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir.

Erməni ədibi Zori Balayanın öz kitablarından birində Xocalıda törətdiyi vəhşiliklə bağlı yazdıqlarından sitat gətirən C.Qocayev Zori Balayanla Əkrəm Əylislinin müqayisəsini apardı.

C.Qocayev həmçinin qeyd etdi ki, bu faciənin digərlərindən fərqi ondan ibarətdir ki, bu faciə nəticəsində erməni faşizminin iç üzü açıldı və dünyanın bir çox ölkələrində bu faciə qətliam və soyqırım kimi tanınmışdır. Bununla belə bu faciəyə beynəlxalq səviyyədə hələ də lazımı hüquqi qiymət verilməmişdir. Bizim vəzifəmiz bu soyqırımı heç vaxt unutmamaq və erməni faşizmini alman faşizmi kimi bütün dünyaya tanıtmaqdır. Bu məqsədlə dünyanın 30-dan çox ölkəsində Xocalı faciəsiylə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.

Sonra Cahangir Qocayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə 26 fevral Xocalı soyqırımı günü kimi qeyd edilməsi haqqında qərarın qəbul olunması haqqında və Xocalı soyqırımının bütün dünyaya tanıdılması sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən, onun bu məqsədlə həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətindən danışdı və bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində biz nəinki Xocalını, işğal olunmuş bütün ərazilərimizi qaytaracağıq.

Tədbirdə çıxış edən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov, şöbə müdirləri Hüseyn Əzimov və Sahib Məmmədov bildirdilər ki, Xocalı faciəsi ən dəhşətli hadisələrdən biridir. Bundan əvvəl törədilmiş digər soyqırımların davamı olan Xocalı soyqırımı heç vaxt unudulmamalı və bu qətliamın soyqırım kimi 
tanınması üçün xarici ölkələrdə keçirilən silsilə tədbirlər bu faciəyə beynəlxalq səviyyədə lazımı hüquqi qiymət verilənədək davam etdirilməlidir.




geriyə