Şəhərsalma və Tikinti Məcəlləsi layihəçilərlə müzakirə olundu

17 yanvar 2013

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 2013-cü il yanvar ayının 1-dən qüvvəyə minməsi ilə əlaqədar olaraq layihələndirmə fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan layihəçilərin iştirakı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yanvar ayının 14-də geniş iclas keçirildi.

Yığıncağı Komitənin sədri, Respublikanın əməkdar memarı və əməkdar inşaatçısı Abbas Ələsgərov giriş sözü ilə açaraq bildirdi ki, bu günkü iclasın əsas məqsədi şəhərsalma fəaliyyətini tənzimləyən yeni Məcəllənin layihəçilərlə bağlı tələblərini və bu tələblərinin pozulması zamanı İnzibati Xətalar Məcəlləsində təsbit olunması nəzərdə tutulan məsuliyyət barəsindəki məlumatları layihəçilərin diqqətinə çatdırmaqdır.

Sədr yeni Məcəllənin tələblərindən danışarkən əsas diqqəti ərazi planlaşdırılması sənədləri, o cümlədən müfəssəl planlar olmadıqda formalaşmış ərazilərdə tək-tək obyektlərin layihələndirilməsinə yönəldərək bildirdi ki, Məcəllənin 11-ci maddəsinin tələblərinə əsasən əgər müfəssəl plan yoxdursa, tikinti obyektinin layihələndirilməsinə yalnız müvafiq qaydada işlənilmiş şəhərsalma əsaslandırılması ilə birlikdə icazə verilir. Əks təqdirdə layihəçi inzibati qaydada cəzalandırılacaq, yaxud ona verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması məsələsinə baxılacaqdır.

Yığıncağın sonunda respublikanın şəhər və rayonlarının baş memarlarının iştirakı ilə növbəti həftə belə bir toplantının keçirilməsi planlaşdırıldı.




geriyə