ABBAS ABBAS OĞLU ƏLƏSGƏROV – 75 İL

13 dekabr 2012

Abbas Abbas oğlu Ələsgərov 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. İnşaatçı mühəndis, Azərbaycan Memarlar İttifaqı İdarə Heyyətinin üzvü, Azərbaycanın əməkdar mühəndisi, Azərbaycanın əməkdar memarı, Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyyətinin üzvü. «Şərəf nişanı», «Xalqlar Dostluğu», «Şöhrət» ordenləri ilə təltif olunmuşdur.

Tikintidə əmək stajı 1960-cı ildən Azərbaycan Tikinti Nazirliyi və sonradan Tikinti sənayesi Nazirliyində başlanmışdır.

"Orqtexstroy" trestinin baş mühəndisi olarkən Bakı şəhərində 1-9 mikrorayonların, Məişət Kondisionerləri Zavodunun, Respublika və Gülüstan Saraylarının, Dərin özüllər zavodunun, Kür su kəmərinin, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində mikrorayonların, tikintisinin təşkili və inşaat işlərinin icrası üzrə layihələndirməyə başçılıq etmişdir.

Ələtdə ağac emalı kombinatı, Bakı şəhərindəki 1 - 2 - 3 - 4 nömrəli evtikmə kombinatları, Naxçıvan, Gəncə və Sumqayıtdakı evtikmə kombinatları, Bakı şəhərində 2 və 4 nömrəli dəmirbeton məmulatı zavodları, Sumqayıtda 1 nömrəli dəmirbeton məmulatı zavodu, həmçinin Naxçıvan və Gəncədə, Poyluda çınqıl-qum karyeri kimi obyektlərin layihələndirilməsinə rəhbərlik etmiş, tikintisində və yenidən qurulmasında bilavasitə iştirak etmişdir.

1977-ci ildən bu günədək layihə işləri üzrə rəhbər vəzifələrdə işləyir. Azərdövlətsənayelayihə (institutun baş mühəndisinin müavini), Bakıbaştikintinin Layihə-texnoloji institutu (direktor). 25 il "Bakıdövlətlayihə" institutuna rəhbərlik etmişdir.

2007-ci ilin sentyabrından 2012-ci ilin noyabrınadək Azərbaycan Memarlar İttifaqının Sədri olmuşdur.

Onun rəhbərliyi ilə 9-cu mikrorayonda və Haqverdiyev küç. ilk dəfə olaraq çoxmərtəbəli monolit yaşayış evləri layihələndirilmiş və inşa edilmişdir.

İripanelli evlərin yeni seriyalarının müəllifidir. ETK-2 və ETK-4 istehsal olunan KOPE üzrə Bakı şəhərində 1 milion m2 - dən artıq ümumi sahəsi olan evlər inşa olunmuşdur. 

"Bakıdövlətlayihə" institutuna rəhbərlik edərkən Günəşli, Qanlı-Göl, Yeni Yasamal, Əhmədli, Sahil, Badamdar, Lök Batan yaşayış rayonlarının, Çin Xalq Respublikası səfirliyinin, "Azərneftyağ" zavodunun yaşayış kvartalının, Xoreoqrafiya məktəbinin, 20 nömrəli məktəbin, Mətbuat pr., M.Seyidov, Plotnikov, Qutqaşınlı, Haqverdiyev küçələri, Azadlıq pr. çoxmərtəbəli yaşayış evlərinin, Şağanda əlillər üçün Sanatoriyanın, Milli Parkın baş planının, "Sahil" metrosu üstündə "Bakıdövlətlayihə" institutunun istehsalat binasının, Milli Məclis deputatları üçün yaşayış evinin, Sərhəd qoşunları xidmətçiləri üçün Bakı şəhərində İdman-sağlamlıq kompleksinin və sair obyektlərin tikintisində layihə işlərinə başçılıq etmişdir. 

Bakı şəhəri Baş Planının müəlliflərindən biridir. 

2007-ci ildən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə başçılıq edir.




geriyə