MDB üzv ölkələrinin inşaat fəaliyyəti sahəsində müvafiq dövlət qurumlarının nümayəndələri Bakıda toplaşmışdılar

22 oktyabr 2012

MDB üzv ölkələrinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şurasının növbəti XXXIV iclası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə 18-19 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.

İclasda MDB-nin İcraiyyə Komitəsinin nümayəndəsi də daxil olmaqla Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Rusiya Federasiyasının regional inkişaf, mənzil-kommunal təsərrüfatı, şəhərsalma, tikinti və memarlıq sahələri üzrə fəaliyyət göstərən mərkəzi dövlət orqanlarının rəhbərləri və bir sıra aidiyyəti qurumların nümayəndələri, MDB üzv ölkələrinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şurasının katibliyinin rəhbəri və "Бюллетень строительной техники" jurnalının baş redaktoru iştirak etmişlər.

Oktyabrın 17-də nümayəndə heyətləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Oktyabrın 18-də İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov tədbirə qatılan qonaqları salamlamış, onlara xoş arzularını bildirmiş, "Bakı şəhərinin şəhərsalma inkişafı haqqında" məruzə etmiş və müvafiq slaydları nümayiş etdirərək şərh etmişdir.

Sonra iclasın gündəliyinə daxil edilmiş aşağıdakı mövzular üzrə məruzələr dinlənilmişdir:

- "Rusiya Federasiyası ərazisinin inkişafının məkan təşkilinin və milli məskunlaşma sisteminin təkmilləşdirilməsi" (məruzəçi-Rusiya Federasiyasının Tikinti və Mənzil-Kommunal Təsərrüfatı üzrə Federal Agentliyin rəhbərinin müavini Ponomaryov İlya Vadimoviç);

- "MDB ölkələrində mənzil siyasətinin inkişaf istiqamətləri haqqında" (məruzəçi-Belarus Respublikasının Arxitektura və Tikinti nazirinin birinci müavini Arxipova İrina Viktorovna);

- "Binaların tikintisi və istismarı zamanı memarlıq-tikinti nəzarətinin həyata keçirilməsi haqqında" (məruzəçi-Tacikistan Respublikası Höküməti yanında Tikinti və Arxitektura üzrə Agentliyin direktoru Komilov Abdulvali Xakimoviç);

- "Binaların və tikililərin təhlükəsizliyinin təmin edilmə mexanizmləri. Ukraynanın təcrübəsi" (məruzəçi-Ukraynanın Regional İnkişaf, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı nazirinin müavini İsayenko Dmitriy Valeriyeviç);

Sonra Hökümətlərarası Şuranın katibliyinin rəhbəri Aleksandr Dmirtiyeviç Myasnikovun Hökümətlərarası Şuranın Katibliyinin fəaliyyəti və Hökümətlərarası Şuranın növbəti XXXV iclasının keçirilmə yeri, vaxtı və gündəliyi haqqında məlumatı dinlənilmişdir.

İclasda qeyd olunan bütün məsələlər ətrafında geniş müzakirələr aparılmış və onlar barəsində müvafiq qərarlar qəbul edilmişdir.

Şuranın növbəti XXXV iclasının 2013-cü ilin yazında Moskva şəhərində keçirilməsi qərara alınmışdır.

Oktyabrın 19-da nümayəndə heyətləri Bakı şəhərində tikintisi aparılan "Bakı alov qüllələri" və "Xalça muzeyi" ilə yaxından tanış olduqdan sonra "Baku Build-2012" Azərbaycan beynəlxalq "İnşaat" sərgisində olmuşlar. Qonaqlar gördükləri obyektlərdən və şəhərimizin ümumi mənzərəsindən çox razı qaldıqlarını bildirmişlər.

İclasda inşaat sahəsindəki səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxlər diplom, fəxri fərman və sertifikatla təltif olunmuşlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüsenzadə, Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev, Texniki normalar və lisenziya şöbəsinin müdiri Ağamirzə Canmirzəyev və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Elm, texniki və smeta normaları şöbəsinin müdiri Eldar Əliyev "MDB ölkələrinin inşaat fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın təşkili üzrə fəal və səmərəli işlərinə və Azərbaycanın inşaat sektorunun inkişafına verdiyi mühüm töhfələrə görə" Hökümətlərarası Şuranın Fəxri Fərmanı ilə təltif edilmişlər.

"Bakı Dövlət Layihə" layihə institutu və "Azərtünelmetrotikinti" açıq səhmdar cəmiyyəti "Ən yaxşı tikinti və layihə təşkilatı, Tikinti materialları və inşaat sənayesi müəssisəsi" nominasiyası üzrə VII Beynəlxalq müsabiqənin diplomu ilə mükafatlandırıldılar. "Bakı Dövlət Layihə" institutu üç dəfə bu müsabiqənin qalibi olduğundan inistitutun direktoru İlqar İsbatov "MDB ölkələrinin tikinti kompleksi təşkilatının ən yaxşı rəhbəri" sertifikatı ilə təltif olundu.




geriyə