Uruqvaylı memar Karlos Ott Azərbaycana maraq göstərir

12 oktyabr 2012

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oktyabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, respublikanın "Əməkdar memar"ı Abbas Ələsgərov Xarici İşlər Nazirliyinin xüsusi təqdimatı əsasında Bakı Humanitar Formu çərçivəsində ölkəmizdə səfərdə olan dünya şöhrətli Uruqvaylı memar Karlos Ottı qəbul etmişdir.

Abbas Ələsgərov qonağa ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri, ərazi-planlaşdırma layihələri, Böyük Bakının Regional İnkişaf Planı və ölkəmizdə reallaşdırılan unikal memarlıq layihələri barədə ətraflı məlumat verdi.

Qəbul üçün təşəkkürünü bildirən qonaq Bakıya heyran olduğunu, ilk dəfə gəlməsinə baxmayaraq şəhərin memarlıq simasının onda doğma təəssürat yaratdığını xüsusi vurğuladı. Sonra o, özü haqqında qısa məlumat verdı:

Mən dünya memarlığına Parisdəki məşhur Bastiliya Operası binasının müəllifliyi ilə daxil olmuşam. Belə ki, 1983-cü ildə Bastiliya Operası binasının inşaası ilə bağlı tenderdə 774 nəfər memar arasından qalib seçilmişəm və mənim layihəm şəxsən Fransa Prezidenti Fransua Mitterran tərəfindən təqdir edilmişdır.

Hazırda mənim Kvebek, Toronto, Şanxay, Dubay və Montevideoda memarlıq və dizayn şirkətlərim fəaliyyət göstərir. Mən Argentina, Braziliya, Kanada, Fransa, Almaniya, Çin, Hindistan, Malaziya, Panama, Puarto Riko, Dominikan, Sinqapur, Şri-Lanka, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Uruqvayda çoxsaylı hündür mərtəbəli binalar, mehmanxanalar, ticarət mərkəzləri, mədəniyyət və infrastruktur obyektləri, areportların müəllifiyəm.

Həmçinin Çində Jiang Su Opera Evi, Pekin Opera Evi, Hangzhou Milli Böyük Teatrı, Don Guan Yulian adına Teatr, Wenzhou Milli Teatrı, Henan İncəsənət Mərkəzinin inşaası ilə bağlı beynəlxalq tenderlərdə qalib gəlmişəm. Bir sıra nüfuzlu mükafatlara layiq görülmüşəm ki, onlar arasında Fransa Prezidenti F.Mitteran tərəfindən təltif edilmiş 1986 və 1988-ci illərdə müvafiq olaraq "Arts et Lettres" və Şərəf Legionu mükafatları (Legion d`Honneur), 1990-cı ildə Uruqvay Arxitektura Fakultəsinin Qızıl Medal, 1997-ci ildə Vaşinqton Universitetinin Fərqlənmiş Məzun mükafatı, Buenos-Ayres İncəsənət Muzeyinin Vitruvip mükafatlar da var.

Daha sonra Karlos Ott bu görüşdən məmnun qaldığını və Bakıya növbəti səfərlərinin uzunmüddətli olacaqını bildirdi. O, qəbul üçün təşəkkür etdi.

Qonağa milli miniatür nümunəsi olan tablo və "Azərbaycan-20 il" kitabı təqdim edildi.

Sonda qonaqla xatirə şəkili çəkdirildi.




geriyə