Nöqsanların aradan qaldırılması yolları axtarılır

20 aprel 2012

Aprelin 20-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını Komitə sədri cənab Abbas Ələsgərov açmışdır.

O qeyd etmişdir ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin hər yerində tikinti-quruculuq işləri geniş vüsət almışdır. Bununla belə, bir sıra şəhər və rayonlarda əhalinin vəsaiti hesabına tikilən obyektlərin şəhərsalma nöqteyi nəzərindən sənədləşdirilməsində xeyli nöqsanlara da yol verilmişdir. Bu sahədə Komitə tərəfindən onların aradan qaldırılması üçün görülən işlərlə kifayətlənmək olmaz. Bu istiqamətdə daha ciddi addımlar atılmalıdır, hər bir işçinin məsuliyyəti yüksəldilməli, cavabdeh olduğu ərazilər və məsələlər konkretləşdirilməlidir.

Sonra Komitənin nəzarət şöbəsinin müdiri Dilxoş Nuriyev "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq Komitənin əməkdaşları tərəfindən 2011-ci ildə aparılan nəzarət tədbirləri nəticəsində aşkarlanmış, şəhərsalma sənədləri ilə əsaslandırılmadan, həmçinin şəhərsalma norma və qaydalarının tələblərini pozmaqla yerləşdirilən obyektlər barədə çıxış etdi.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə imzalanmış Fərman və Sərəncamların Dövlət Şəhərsalma və Arxitektura Komitəsində icrası ilə bağlı görülmüş işlər barədə Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadənin məlumatı dinlənildi.

Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.




geriyə