Şəhərsalma məsələləri həmişə gündəmdədir

17 aprel 2012

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ilə bağlı 2012-ci ilin 1-ci rübü üzrə aşağıdakı məlumatları təqdim edirik.

Əvvəlki dövrlərdə olduğu kimi 2012-ci ilin yanvar-mart aylarında da Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərmişdir. Bu dövrdə ölkəmizin iqtisadi və sosial inkişafı tikinti, şəhərsalma və memarlıq sahələrinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olmuşdur.

Bu inkişafın ən mühüm nümunələri regionların sosial-iqtisadi inkişafı və müvafiq sahələrin inkişafı üçün qəbul olunmuş Dövlət Proqramlarıdır ki, bu Proqramların da əsas məqsədi bu müddətdə həyata keçirilən tikinti-investisiya fəaliyyəti ilə sıx surətdə bağlı olmuşdur.

Şəhər və rayonların yenidən qurulması, abadlaşdırılması, tarixi-memarlıq binaların, muzey və mədəniyyət ocaqlarının təmiri və eləcədə şəhər və rayonlarımızın cəlbedici görkəm alması, orada müvafiq infrastrukturaların yaradılması ölkəmizin inkişaf göstəriciləri kimi qəbul edilməlidir.

Təbii ki, bu ugurların qazanılmasında bütün dövlət hakimiyyəti orqanları kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də müvafiq xidmətləri olmuşdur.

Komitə ölkə iqtisadiyyatının dayanaqlı və davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün qəbul edilmiş Dövlət Proqramlarının və digər Milli Proqramların icrasında yaxından iştirak edir, respublika iqtisadiyyatının inkişafında öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür və görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər aidiyyəti dövlət qrumlarına və Qeyri Hökumət təşkilatlarına məlumat verir. Komitə eyni zamanda müxtəlif mərkəzi icra hakimiyyəti orqanları tərəfindən layihəsi işlənilən müxtəlif Proqramların hazırlanmasında da öz səlahiyyətləri üzrə aidiyyəti işlər görür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 2012-ci ilin yanvar-mart ayları ərzində vətəndaşlardan 24 ədəd təklif, ərizə və şikayət xarakterli müraciətlər daxil olmuş, onlara aidiyyəti üzrə baxılmış və Komitənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülmüşdür. Daxil olan müraciətlərin 2-si dövlət orqanları tərəfindən, 22-si isə birbaşa vətəndaşlar tərəfindən göndərilmişdir.

Vətəndaşların qəbulu qaydasına uygun olaraq 1-ci rüb ərzində Komitə rəhbərliyi tərəfindən 1 nəfər vətəndaş qəbul edilmiş və onun müraciətinə qanunvericiliyin tələblərinə uygun olaraq baxılmışdır.

Azərbaycan Respublikasının Prezident Administrasiyasından və Nazirlər Kabinetindən Komitəyə müxtəlif səpkili 49 qanun, fərman və qərarlar daxil olmuşdur ki, onlara da aidiyyəti üzrə baxılmış, icrası ilə baglı müvafiq işlər görülmüşdür.

Eyni zamanda Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Milli Məclisdən və Nazirlər Kabinetindən Komitəyə 41 ədəd, Nazirlik, Komitə və digər qurumlardan 275 ədəd xidməti sənəd və 4 ədəd faksoqram (telefonoqram) daxil olmuşdur. Daxil olan bu xidməti sənədlərə də adiyyəti üzrə baxılmış və Komitənin səlahiyyətləri daxilində icra olunmuşdur. Nəticədə 2012-ci ilin 1-ci rübü ərzində Komitədə 283 ədəd xidməti sənəd işlənib hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.

Komitənin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən Komitədə inzibati vəzifələrin altıncı təsnifatına uyğun olan vəzifələrin tutulması üçün dövlət qulluğuna vətəndaşların müsabiqə və müsahibə əsasında qəbul olunması davam etdirilir. Ümumi müsahibə elan edilməsi məqsədilə 2012-ci ilin 13 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qullufu Məsələləri üzrə Komissiyaya Komitə üzrə vakant vəzifələrin siyahıları təqdim olunmuşdur.

Belə ki, 2012-ci ilin 1-ci rübü ərzində Komitəyə 4 nəfər 1 il müddətinə stajçı kimi qulluğa qəbul edilərək müvafiq vəzifələrə təyin olunmuşdur. Keçən dövr ərzində Komitəyə cəmi 6 nəfər işə qəbul olunmuş və 3 nəfər isə işdən azad edilmişdir. Eyni zamanda 2011-ci ilin dekabr ayında elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçərək 3 nəfər dövlət qulluqçusu sektor müdiri, 1 nəfər baş məsləhətçi vəzifələrinə irəli çəkilmiş və 1 nəfər işçi isə sınaq müddətinin bitməsi ilə əlaqədar daimi dövlət qullufuna qəbul olunmuşdur.

Dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı Komitənin təqdimatı ilə 1 nəfər dövlət qulluqçusu "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılmış Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonları üzrə "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemləri"nin hazırlanması ilə baglı işlər davam etdirilir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İcra Qrupu tərəfindən aparılan hazırlıq işləri tamamlanmışdır.

Belə ki, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin hazırlanması üzrə əsas layihə işlərinin yerinə yetirilməsi üçün ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və layihənin koordinatoru "Bakıdövlətlayihə" DBLİ arasında müqavilə imzalanmışdır. Bundan əlavə 2011-ci ildə "Böyük Bakının Rəqabətlilik və Yerli İqtisadi İnkişafı" və "Şəhər və Regional Planlaşdırılma" işləri üzrə beynəlxalq məsləhətçilər ilə müvafiq müqavilələr imzalanmışdır. Layihənin "Ətraf Mühitin Strateji Qiymətləndirilməsi" bölməsi üzrə məsləhətçi şirkətin müəyyən edilməsi ilə əlaqədar 2012-ci ilin 1-ci rübündə "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin sonuncu icraçısı seçilib və Dünya Bankı ilə razılaşdırılmışdır. Bundan əlavə layihənin icrası ilə baglı şəhər ictimaiyyətinin və maraqlı tərəflərin iştirakı ilə ilkin toplantı keçirilmişdir.

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin Yerli İqtisadi İnkişaf bölməsinin məsləhətçisi tərəfindən dövlət qurumları, özəl şirkətləri və qeyri hökumət təşkilatları ilə görüşlər keçirilib və ilkin hesabatlar təqdim edilib. Layihənin kordinatoru olan Bakı Dövlət Layihə İnstitutu tərəfindən "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin hazırlanması üçün məlumatların toplanması və mövcud vəziyyətin araşdırılması davam etdirilir.

2012-ci ilin 1-ci rübündə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən baglanmış müvafiq müqavilələr əsasında 6 şəhərin ( Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala, Balakən) baş planları və Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin rəqəmsal informasiya bazasının (GİS) və 3D modelinin hazırlanması üzrə işlərin aparılması davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 sentyabr 2011-ci il tarixli 1710 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə Şəki şəhəri İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq təklifləri nəzərə alınmaqla (həmin təkliflər şəhərin ərazi inkişafı, tarixi-memarlıq qoruq ərazisi, tarixi-mədəni obyektlər və infrastrukturun yaxşılaşdırılması və s. bu kimi məsələlərlə bağlıdir) Şəki şəhərinin baş plan layihəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən 2012-ci ilin birinci rübündə tamamlanmış və Komitəyə təhvil verilmişdir.

Şəki şəhərinin baş plan layihəsi razılaşdırılmaq məqsədilə aidiyyatı təşkilatlara göndərilmiş və artıq bir sıra təşkilatlarla razılaşdırılmışdır. Digər təşkilatlardan da müvafiq rəylər alındıqdan sonra Şəki şəhərinin baş plan layihəsi təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır.

"Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanının 7-ci bəndinin icrası olaraq "2012-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən şəhərsalma işlərinin Dövlət Sifarişi" üzrə yerinə yetiriləcək şəhərsalma işlərinin siyahısı Maliyyə Nazirliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Təqdim olunmuş "2012-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən şəhərsalma içlərinin Dövlət Sifarişi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 mart tarixli, 71s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 18.09.2008-ci il tarixli 217 nömrəli Qərarının icrası ilə əlaqədar olaraq şəhərsalma və layihələndirmə sahəsində normativ sənədlərin tənzimlənməsini həyata keçirmək məqsədilə yeni milli normativ sənədlərin işlənib hazırlanması və respublika ərazisində tətbiq edilməsi istiqamətində də işlər davam etdirilmişdir.

Belə ki, 7 ədəd - milli normativ sənədin tərtibatı başa catdırılmış və yaxın vaxtlarda təsdiqi və qeydiyyata alınması nəzərdə tutulmuşdur. 17 ədəd yeni normativ sənəd isə1-ci redaksiyada hazırlanmışdır.

Tikintidə standartlaşdırma, texniki Normalaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya (TNDETK) tərəfindən təqdim edilmiş 9 ədəd Dövlətlərarası standarta (ГОСТ) baxılaraq rəy bilidirilmişdir.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanının 2-ci bəndinin icrası olaraq "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün 2012-ci ilin I-ci rübü ərzində 3 hüquqi və 2 fiziki şəxsə xüsusi razılıq (lisenziya) verilmişdir.

"Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2007-ci il tarixli 624 saylı Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərini təmin etmək məqsədi ilə Komitənin əməkdaşları hesabat dövrü ərzində Bakı şəhərində şəhərsalma fəaliyyətinin vəziyyətinə baxış keçirmişdir.

Baxış keçirilən zaman şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması ilə tikilən 17 ədəd obyekt aşkarlanaraq müvafiq qarşılayıcı tədbirlərin görülməsi uçun Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə məlumat verilmiş və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi də öz növbəsində aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi ilə baglı Komitəyə məlumat vermişdir.

Layihələrin memarlıq-planlaşdırma həllərinin razılaşdırılması sahəsində də müvafiq işlər görülmüşdür.

Belə ki, hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.4 və 4.6 bəndlərinə uyğun olaraq Komitəyə 20 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olmuşdur. Təqdim olunan layihələr araşdırılaraq 12 layihəyə müsbət rəy verilmiş, 8 layihə sənədlərində iradlar olduğu üçün mənfi rəy verilərək geri qaytarılmışdır.

Dövlət orqanlarının elektron xidmətlər göstərməsi sahəsində də Komitədə xeyli işlər görülmüşdür.

Belə ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli 147 s nömrəli Sərəncamının icrası ilə əlaqədar müvafiq işlər davam etdirilir.

Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron surətdə qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını təmin etmək üçün müvafiq tədbirlər görülmüşdür.

Elektron poçt vasitəsilə Komitəyə daxil olan və göndərilən bütün məktublar rəsmi mailto:memar@arxkom.gov.az..ünvanlı elektron poçtu vasitəsilə həyata keçirilir. Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görülür.

Komitənin tabeliyində olan Bakı Dövlət Layihə İnstitutu hesabat dövrü ərzində 363.7 min manat, o cümlədən büdcə vəsaiti hesabına 79.2 min manat, "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu 154.6 min manat və Azərbaycan İnşaat və Memarlıq Elmi-tədqiqat institutu isə 102.0 min manatlıq iş həcmi yerinə yetirmişlər.

Qeyd olunanlarla yanaşı bildiririk ki, Komitə cari ilin hesabat dövrü ərzində də beynəlxalq əlaqələr sahəsində fəaliyyətini davam etdirmişdir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə 2012-ci ilin payızında Bakı şəhərində keçiriləcək MDB üzv dövlətlərinin Hökümətlərarası Şurasının İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə növbəti XXXIV iclasına hazırlıqla baglı işlər davam etdirilir və müvafiq tədbirlər həyata keçirilir.




geriyə