Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni normativ sənədin layihəsi hazırlanmışdır

30 mart 2012

Şübhəsiz ki, qüvvədə olan normalar müəyyən dövr üçün qəbul olunur və zaman keçdikcə bu normalar təkmilləşdirilir və müasir tələblərə uyğun olaraq daha mütərəqqi normalar və tələblər işlənilir. Son illər Azərbəycan Respublikasında Tikinti Normalarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədqiqatlar aparılmaqdadır. Işlənilən yeni nomativ sənədlərdə, eyni zamanda, Avropa Kodlarının Milli normativ sənədlərlə ziddiyyət təşkil etmədiyi müəyyən müddəalar bir sıra hallarda nəzərə alınaraq yeni normalarda öz əksini tapır.

Bu baxımdan 2011-ci ildə işlənilmiş bir sıra normalar, o cümlədən «Yüklər və Təsirlər» normativ sənədi eyni zamanda MDB dövlətlərində işlənilmiş yeni normativ sənədlərin və eləcə də Avropa Kodlarının müddəalarını nəzərə almaqla Azərbəycan Respublikasının şəraitinə uyğun hazırlanmışdır. Belə ki, «Yüklər və Təsirlər» normativ sənədinin müvafiq bölmələri Azərbəycan Respublikasının klimatik xüsusiyyətlərini, o cümlədən atmosfer yağıntılarının miqdarını, ayrı-ayrı reqionlar üçün küləyin faktiki sürətini nəzərə almaqla işlənilmişdir.

Işlənilmiş yeni normativ sənəddə Azərbəycan Respublikasının ərazisi üçün uzun illər ərzində aparılmış meteoroloji müşahidələr əsasında rayonlaşdırılma aparılmış və müvafiq olaraq küləyin sürəti və qar örtüyünün qalınlığı nəzərə alınmaqla normativ qiymətləri müəyyənləşdirilmişdir. Hazırki normalarda nəzərdə tutulmuş hesabi qiymətlər respublikanın ayra-ayrı regionları üçün faktiki meteoroloji göstəriciləri özündə əks etdirir.

Son bir neçə ildə bir sıra meteoroloji göstəricilərin qiymətinin nəzərə alınacaq dərəcədə yüksək olmasına baxmayaraq müvafiq göstəricilərin qiymətləri aparılmış müşahidələrin maksimal göstəriciləri çərçivəsindədir.

Tikinti normalarında klimatik parametrlərin maksimal qiymətləri və 50 il ərzində ehtimal oluna biləcək gösətəricilər nəzərə alınmaqla muvafiq parametrlərin hesabi qiymətləri təyin olunmuşdur. Belə ki, yeni normativ sənəddə külək yükünə görə 1-ci klimatik rayon üçün külək təzyiqinin qəbul olunmuş normativ qiyməti maksimal küləyin sürəti 37 m/san və 2-ci rayon üçün müvafiq olaraq 41,8 m/san olduğu hala uyğun gəlir. Qeyd etdiyimiz kimi bu göstəricilərin uzun illər aparılmış meteoroloji müşahidələr ilə ehtimalı istisna olunmur.

Eyni zamanda qar yükü ilə bağlı olaraq aparılmış rayonlaşdırılmada 1-ci rayon üçün qar örtüyünün atmosfer mühitində qalma müddəti və bu müddət ərzində kipləşmə effekti nəzərə alınmaqla 25-60 sm yağıntıya ekvivalent qəbul olunmuşdur. Qeyd olunan parametrlər son illərdə Respublikamızın ərazisində müşahidə olunan maksimal yağıntı miqdarını kifayət qədər dolğunluqla nəzərə alır. Eyni zamanda qeyd etmək yerinə düşər ki, istənilən yük parametrinin müvafiq hesabi qiymətləri onların normativ qiymətlərinin yük üzrə etibarlılıq əmsalı nəzərə alınmaqla təyin olunur. Bu isə şərh etdiyimiz klimatik göstəricilərin nəzərə alınmasında nəzərə alınmayacaq qədər ehtiyatın olmasına dəlalət edir.

İşlənilmiş «Yüklər və Təsirlər» normativ sənədində nəzərdə tutulmuş klimatik parametrlərlə bağlı yüklərin tərkibi və onların normativ qiymətləri Azərbəycan Respublikasının klimatik ərazilərini dolğun nəzərə almağa imkan verir.




geriyə