Şəhər planlaşdırılmasına ictimai diqqət artır

14 mart 2012

Martın 13-də "Hilton" otelində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılıqı ilə "Böyük Bakının Regional İnkişaf Planı"(BBRİP) layihəsinin açılış toplantısı keçirilmişdir. Toplantıda müxtəlif dövlət orqanlarının, layihə təşkilatlarının nümayəndələri və xarici qonaqlar iştirak edirdi.

Toplantını giriş sözüylə layihənin sifarişçisi olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq bildirmişdir ki, toplantının keçirilməsində məqsəd ictimaiyyəti layihənin icra vəziyyəti ilə tanış etmək və bu barədə ictimaiyyətin rəy və təkliflərinin öyrənilməsindən ibarətdir. Bu layihə, Bakı şəhərinin tarixində altıncı, müstəqil Azərbaycanın tarixində isə birinci İnkişaf Planıdır.

Abbas Ələsgərov çıxışına davam edərək qeyd edib ki, şəhərlərin, qəsəbələrin və digər yaşayış məntəqələrinin elmi əsaslarla işlənmiş infrastrukturası əslində dövlətin sağlam inkişafının bünövrəsidir. Buna görə də, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tapşırıqına əsasən "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icrası barədə qərar qəbul edilmişdir.

Son 10 il ərzində Azərbaycan daha böyük sürətlə inkişaf edir və bu tərəqqinin nəticələri göz önündədir. Bu İnkişafın böyük bir hissəsi Abşeron yarımadasının payına düşür. Bununla əlaqədar paytaxtımıza müasir, elmi əsaslarla hazırlanmış, qabaqcıl texnologiyalara malik peşəkar və geniş inkişaf planının zəruriliyini qeyd edən A.Ələsgərov çıxışının sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının Regional İnkişaf Planı" layihəsilə bağlı ilkin araşdırmalar aparıldığını bildirmiş və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edərək bu layihənin təkcə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və ya bir qrup icraçıların yox, hamının işi olduqunu vurğulayıb, onları bu layihədə fəal iştirak etməyə dəvət etdi.

Dünya Bankının nümayəndəsi Əhməd Əveydə öz çıxışında Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək bu layihənin əhəmiyyətindən bəhs etmiş, onun Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Toplantıda Layihənin İşçı Qrupunun rəhbəri Novruz Eldarlı layihənin strukturu, məzmunu, məqsədləri və mahiyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırmış və bildirmişdir ki, paytaxtın 11 rayonu ilə birlikdə Sumqayıt və Xirdalan şəhərləri də əhatə edən layihənin ümumi planlaşdırma sahəsi 253 min hektar təşkil edir. N.Eldarlı qeyd etdi ki, BBRİP-nı 4 müstəqil məsləhət xidmətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur. Layihənin koordinatoru Bakı Dövlət Layihə institutu, digər 3 məsləhətçi isə Strateji Ekoloji Qiymətləndirmə Məsləhət Xidmətləri üzrə məsləhətçi Beynəlxalq şirkət, Ərazi İnkişaf Planlaşdırması Məsləhət Xidmətlərinin məsləhətçisi Anjelo De Urso (İtaliya) və Yerli İqtisadi İnkişaf Strategiyası Məsləhət Xidmətlərinin məsləhətçisi Kaya Millerdir (ABŞ).

Daha sonra Bakı Dövlət Layihə İnstitunun direktoru İlqar İsbatov, BBRİP-nın ərazisi üçün Yerli İqtisadi İnkişaf Strategiyasının müəyyən edilməsi üzrə məsləhətçi Kaya Miller, Böyük Bakı Regional İnkişaf Çərçivəsinin hazırlanması, BBRİP və Məxsusi Bakı Şəhəri Ərazidən İstifadə/Zona Planları və təkmilləşmiş imkanlara malik effektiv şəhər idarəetmə sisteminin hazırlanması üzrə layihənin beynəlxalq məsləhətçisi Erkal Keçe (Avstraliya) və Mili Məclisin deputatı, Memarlıq və İnşaat Universitetinin rektoru, Memarlar İttifaqının katibi Gülçöhrə xanım Məmmədova çıxış edərək Azərbaycanın təkcə neft sektorunun deyil, eyni zamanda qeyri neft sektorunun inkişafından, iqtisadiyyatının dahada güclənməsi nəticəsində regionda aparıcı dövlətə çevrilməsindən, Azərbaycan şəhərlərinin böyüyüb inkişaf etməsi, əhalinin artımı və urbanizasiya proseslərindən həmçinin, təklif olunan yeni konseptual sxemin Böyük Bakının ərazisində şəhərsalmanın yüksək səviyyədə idarə olunmasına xidmət edəcəyindən söz açmişlar .

Sonda isə Böyük Bakının Regional İnkişaf planının www.boyukbaki.az elektron saytının təqdimatı keçirilmiş və sayt haqqında toplantı iştirakçılarına məlumat verilmişdir.




geriyə