Hörmətli inşaatçılar!

10 aprel 2019

Sizi peşə bayramınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ölkəmizin tərəqqisi naminə tutduğunuz bu çətin və zəhmətli yolda böyük uğurlar arzulayırıq!

Azərbaycan memarlığı və inşaat sənəti qədim tarixi ənənələrə malikdir. Əsrlər öncə ulu əcdadlarımız tərəfindən inşa edilərək xalqımızın günümüzədək qoruyub saxladığı nadir memarlıq abidələri hər bir Azərbaycanlının qürur mənbəyi və dünya mədəni irsinin dəyərli bir hissəsidir.

Zəngin inşaat ənənələri Azərbaycanda bu gün də inkişaf etdirilərək ölkənin sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyətə malikdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümumilli lider Heydər Əliyevin respublikada inşaat sənayesinin dirçəlməsində, tikinti fəaliyyətinin geniş vüsət almasında, inşaatçı peşəsinin nüfuzunun daha da möhkəmlənməsində əvəzolunmaz rol oynamışdır. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə əhalinin mənzil şəraiti yaxşılaşdırılmış, yeni məişət mədəniyyəti formalaşmışdır ki, bu da şəhərsalma fəaliyyətinin səlis planlaşdırılması nəticəsində əldə edilmişdir. İnşaatda müasirlik və millilik prinsiplərinin vəhdəti ilə yeni məktəb yaradılmış, ixtisaslaşmış təhsil müəssisələrinin fəaliyyəti günün tələbinə uyğun təşkil edilmiş, güclü mütəxəssislər yetişdirilmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun uğurla davam etdirilir. Ötən müddət ərzində respublikada şəhərsalmanın planlı və sistemli təşkili, ərazilərin abadlaşdırılması, milli memarlıq ənənələrinə əsaslanan müasir yaşayış binalarının, sosial və inzibati komplekslərin tikintisi, infrastrukturun yenilənməsi istiqamətində genişmiqyaslı işlər aparılmışdır və bu gün də aparılmaqdadır. Məhz inşaatçılarımızın bu gedən inkişaf prosesindəki əvəzsiz xidmətlərini nəzərə alaraq, dövlət başçısı 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 10 Aprel – İnşaatçılar Gününün təsis edilməsi haqqında qərar qəbul etmişdir.

Ölkəmizin tikinti kompleksində çalışan hər bir peşəkarı bir daha bu bayram münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin və əhalisinin rifahının artırılması məqsədilə yeni möhtəşəm layihələrin reallaşdırılmasında böyük müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, bu il artıq 10-cu dəfə qeyd olunan İnşaatçılar Günü bu peşə sahiblərinin birlik simvoluna çevrilərək hər növbəti il yüksək əmək qələbələri ilə yadda qalacaq.

 

Peşə bayramınız mübarək, əziz inşaatçı dostlar!

 




geriyə