Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin növbəti plenumunda Bakının Şəhərsalma İnkişafı müzakirə edildi

07 may 2019

7 may tarixində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr edilmiş plenumu keçirildi.

Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev iştirakçıları salamlayaraq qeyd etdi ki, Memarlar İttifaqının plenumunun Ümumilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilməsi və məhz bu tədbirdə paytaxtın gələcək inkişafı məsələlərinin müzakirəsi rəmzi məna daşıyır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə, xüsusən də paytaxt Bakıda şəhərsalma və memarlıq sahəsinin inkişafına çox böyük diqqət ayırırdı. Ulu öndər şəhərsalmanın elmi əsaslarla planlaşdırılmasının və tikinti işlərinin davam etdirilməsinin Bakı üçün mühüm məsələ olduğunu xüsusi vurğulayırdı.

Komitə sədri bildirdi ki, Ümumilli liderin və onun ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, şəhərsalma, tikinti və arxitektura sahəsində də çox uğurlu siyasət həyata keçirilir. Ölkə başçısının tapşırığı əsasında bütün şəhər və qəsəbələrdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, mühəndis-kommunikasiya və sosial infrastruktur obyektləri tikilir, yeni yaşayış kompleksləri salınır.

Ölkəmizdə tarixi və mədəni irsin qorunması və bərpası sahəsində çox böyük işlər görülür. Samir Nuriyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunmasında və təbliğində oynadığı əvəzolunmaz rolunu xüsusi vurğuladı.

Samir Nuriyev bildirdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında son illər ərzində uğurla reallaşdırılmış iri abadlıq və yenidənqurma layihələri sayəsində Bakı bu gün həm yüksək peşəkarlıqla konservasiya olunan zəngin tarixi-memarlıq irsi, həm də müasir memarlığı və infrastrukturu ilə seçilir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bugünki plenumun məhz Bakının şəhərsalma inkişafı mövzusuna həsr edilməsini təqdirəlayiq hesab edirəm. Cənab Prezidentin göstərişinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırda təşkil olunmuş Bakının Baş planının hazırlanması prosesinə nüfuzlu beynəlxalq təşkilarlar ilə yanaşı Azərbaycan ictimaiyyətinin və yerli peşəkarların da cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycan Memarlar İttifaqı Bakının Baş planının hazırlanması prosesinin bütün mərhələlərində fəal iştirak edir.”

Komitə sədri həmçinin Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən danışdı. Bidirildi ki, 1-ci mərhələdə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarxili Fərmanına əsasən Bakı şəhərinin baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston  Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini əməkdaşlığa cəlb etmişdir.

Komitə sədri plenum iştirakçılarının diqqətinə çatdırdı ki, 1-ci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlandı, şəhərin inkişafının əsas prioritetləri müəyyən edildi. Eyni zamanda, 1-ci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirildi. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçildi və bununla da layihənin 2-ci mərhələsinə start verildi. Komitə sədri, həmçinin əlavə etdi:

“Dünən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin 2-ci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Konsaltinq Qrup” şirkətləri və Bakı Dövlət Layihə İnstitutu – ilk işçi görüşü təşkil olundu, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edildi. Bu gün isə, layihə icraçılarının Sizlərlə – Azərbaycan memarları ilə ilk görüşüdür. Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcəkdir. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.”

Daha sonra çıxış üçün söz Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatova verildi. O, nitqində Bakının İnkişaf Konsepsiyası haqqında məlumat verdi, Konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırdı:

  1. Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
  2. Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
  3. Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
  4. Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.

İlqar İsbatov onu da əlavə etdi ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılmış və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilmişdir. O, vurğuladı ki, insanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

Daha sonra “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares çıxış edərək şəhərlərin inkişafının dünya trendləri barədə məlumat verdi. O, həmçinin, Bakı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğuladı. O, qeyd etdi ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə  yerli mütəxəssislər də cəlb olunmalıdır. Bildirildi ki, “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.

Çıxış və məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparıldı.

FOTOŞƏKİLLƏR

 




geriyə